Nazirlik: “286 kitabxana, 237 mədəniyyət evi, 19 muzey, 24 uşaq musiqi məktəbi bərpa olunacaq”
İşğaldan azad olunan ərazilərdəki mədəniyyət müəssisələrinin bərpa konsepsiyası yekunlaşmaq üzrədir.
Bu haqda Meydan TV-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazirlik həmin ərazilərdə ümumilikdə 571 mədəniyyət müəssisəsi qeydə alıb.
286 kitabxana, 237 mədəniyyət evi və klub, 19 muzey, 24 uşaq musiqi məktəbi, 1 kinoteatr, 2 teatr, 2 qalereyanın təmir-bərpası nəzərdə tutulub.
Monitorinq zamanı həmin ərazilərdə 106 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji obyekt də aşkar edilib.
Ümumilikdə Qarabağın ən böyük musiqi məktəbləri Ağdam rayonda yerləşib.
Rayon 23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Həmin vaxta qədər rayonda 79 mədəniyyət ocağı fəaliyyət göstərib.
Bunlardan biri də Xan Şuşinski adına Ağdam Muğam Məktəbi olub.
Ağdamın Xan Şuşinski adına Muğam Məktəbi — 1985-ci ildən fəaliyyətə başlayıb.
Məktəbə Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmli rəhbərlik edib.
O, 1987-ci ildə məktəbin nəzdində ikinci “Qarabağ bülbülləri” ansamblını yaradıb.
İlk “Qarabağ bülbülləri” Murad Rzayevin rəhbərliyi ilə fəaliyyət göstərib.
Birinci “Qarabağ bülbülləri”nin yaşları keçid dövrünə düşdüyü üçün oxumayıblar. Sonradan Ağdam Mədəniyyət Şöbəsinin göstərişi ilə ikinci “Qarabağ bülbülləri” ansamblı yaradılıb.
1993-cü ildə Ağdam işğal olunduqdan sonra muğam məktəbi əvvəlcə Bərdədə məskunlaşıb. Daha sonra Bakının Biləcəri qəsəbəsində yerləşən Qamət Abbasov adına 284 saylı məktəbinin binasına köçürülüb.
2015-ci ildən məktəbə Xətayə Səfərova rəhbərlik edir.
18 otaqlı məktəbdə 54 müəllim fəaliyyət göstərir.
174 şagird təhsil alır.
Məktəbdə kamança, tar, fortepiano, saz, nağara, xanəndə və qarmon şöbəsindən ibarət 7 ixtisas üzrə təhsil verilir.
Xətayə Səfərova Meydan TV-yə deyir ki, şagirdlərin 70-80 faizi Qarabağ bölgəsindəndir.
Həmçinin bildirir ki, məktəb beynəlxalq və ölkədaxili festivallar, həmçinin müsabiqələrdə dəfələrlə iştirak edib.
“Muğam məktəbində başqa bölgələrdən də müəllimlər var. Şəkidən, Bakıdan, İsmayıllıdan olan müəllimlər də dörd gözlə Ağdama köçəcəyimiz günü gözləyirlər”, – məktəbin direktoru deyir.
Muğam məktəbinin məzunları arasında Əməkdar artist Firuz Səxavət, Opera və Balet Teatrının solisti Səbuhi İbayev, Sevinc Sarıyeva, Humay Məmmədova, Ehtiram Hüseynov, Fəqani Əliyev, Cabir İmanov, Ayaz Qasımov, Habil Hacıyev və digərləri var.
Xanəndə Firuz Səxavət 1985-1990-cı illərdə Ağdam Muğam Məktəbində təhsil alıb: “Həmin məktəbin ilk məzunlarından olmuşam. Əvvəlcə “Qarabağ bülbülləri” ansamblında oxudum. Bu, təxminən 6-7 ay davam etdi. Muğamla bağlı dərindən təhsil almaq məqsədilə Ağdam Muğam Məktəbi açılan kimi ora getdim. On üç yaşım vardı. Müəllimim Əlisəfa Hüseynov olub”.
Xanəndə deyir ki, Rafiq Rüstəmlinin rəhbərliyi ilə fəaliyyət göstərən məktəbin şagirdləri qastrol səfərlərində olub, muğam konsertləri ilə çıxış ediblər: “Tez-tez Bakıya gəlib, burada konsertlər verirdik. Xaricə də qastrol səfərinə gedirdik. Sevinc Sarıyeva, Səbuhi İbayev də həmin məktəbin yetirmələridir”.
Mədəniyyət Nazirliyindən Meydan TV-yə bildirilib ki, Ağdam rayonu üzrə hazırda 11 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Onlardan 6 məktəb Ağdamda, 3 məktəb Bakıda, 1 məktəb Abşeron rayonunda, 1 məktəb isə Yevlax şəhərindədir.
Nazirlikdə Muğam məktəbinin yenidən Ağdama köçürülməsi ilə bağlı isə heç bir məlumat yoxdur.
2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.
44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.