Qarabağ tənzimlənməsində alman faktoru

Kazan uğursuzluğundan cəmi iki gün sonra, iyunun 26-da Bakıda möhtəşəm hərbi parad keçirən Əliyev Qarabağ münaqişəsinin hərbi tərkib hissəsinin tarazlaşdırılması prosesinə start verib

Source:
Frank-Valter Ştaynmayer və Sergey Lavrov
Frank-Valter Ştaynmayer və Sergey Lavrov


Kazan uğursuzluğundan cəmi iki gün sonra, iyunun 26-da Bakıda möhtəşəm hərbi parad keçirən Əliyev Qarabağ münaqişəsinin hərbi tərkib hissəsinin tarazlaşdırılması prosesinə start verib

Rusiya xarici işlər naziri Sergey Lavrovun aprelin 22-də Yerevana qısamüddətli səfəri və orada Qarabağ tənzimlənməsinin “yol xəritəsinin” həyata keçirilməsi zərurəti haqqında səsləndirdiyi bəyanatlar Azərbaycan ekspertləri arasında Moskvanın münaqişəyə Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini, işğal edilmiş beş Azərbaycan rayonunun qaytarılmasını və DQ-nin gələcək statusunun müəyyən edilməsini – müstəqillik verilməsini nəzərdə tutan birbaşa birtərəfli müdaxiləsi haqqında müəyyən bir siqnal kimi qəbul edilib.

Amma Lavrovun Yerevandakı ictimai bəyanatlarının diqqətlə araşdırılması tənzimlənmənin hazırki mərhələsində Rusiyanın mövqeyinə işıq salır:



1. Rusiyanın vasitəçiliyi ATƏT-in Minsk Qrupunun iki digər həmsədrinin – ABŞ və Fransanın razılığı ilə həyata keçirilir.



2. Atəşkəs rejiminin davam etdirilməsi və tərəflərin hələ 1994-95-ci illərdə əldə etdiyi atəşkəs haqqında mövcud müddətsiz razılaşmalarının pozulmasına yol verilməməsi.



3. 2011-ci il tarixli Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin yol xəritəsinin həyata keçirilməsi.

Rusiya və Ermənistan Dağlıq Qarabağda tənzimlənmənin əlaqələndiricisi kimi ATƏT-in Minsk Qrupuna alternativ yaratmaq cəhdlərinə qarşı çıxır, deyə Lavrov Yerevanda bildirib. Sitatın davamında deyilir: “Biz paralel kanallar axtarmaq, bütün tərəflərin etibarına malik olmayan mexanizmlər yaratmaq cəhdlərini dəstəkləmirik. Bu, yalnız əsas vəzifədən – təhlükəsizliyi təmin etmək, yeni qurbanlara yol verməmək və siyasi prosesin bərpası üçün şərait yaratmaq vəzifəsindən yayındıracaq”… “Bizim vahid mövqeyimiz var və belə başa düşürəm ki, Ermənistan həmsədrlər üçlüyünün tərəflərin razılaşdığı mandata uyğun əsas əlaqələndirici funksiyasını yerinə yetirməli olduğunu dəstəkləyir”.

RF XİN rəhbəri ATƏT-in hazırki sədrinə – Almaniyaya 2011-ci ildə bu təşkilatın təklif etdiyi Qarabağ üzrə yol xəritəsinin həyata keçirilməsinə şərait yaratmaq çağırışı ilə müraciət edib. Bu isə o deməkdir ki, bu il Qarabağ tənzimlənməsinin əsas mövzusu atəşkəs rejiminin və siyasi məsləhətləşmələrin davam etdirilməsi məsələsi olaraq qalacaq. İş ondadır ki, Almaniya ATƏT-in yeni təyin edilmiş sədri kimi bu ilin yanvarında Vyanadakı Daimi Şuraya 2016-cı ildə sədrlik strategiyasını təqdim edib. Strategiyaya əsasən aşağıdakı məsələlər daxildir:



1) terrorizmə qarşı mübarizə



2) məhvedici ideologiyalar



3) Ukrayna böhranının tənzimlənməsi



4) ATƏT məkanında həll edilməmiş münaqişələrin aradan qaldırılması üzrə səylər.

Onlar arasında Dnestryanı, Dağlıq Qarabağ və Cənubi Qafqazdakı münaqişələrin adı çəkilib. Əgər Dnestryanı ilə bağlı münaqişənin Moldaviyanın suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanması və Dnestryanına xüsusi status verilməsi əsasında həlli məqsədi qoyulursa, Qarabağ üzrə münaqişədə gərginliyin azaldılması birinci növbəli vəzifə olaraq qalır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə, Almaniyanın sədrliyi dövründə tərəflərin yola gətirilməsi mövzusu prioritet olaraq qalacaq. Məsələnin bu tərəfinin əhəmiyyəti Azərbaycanı gücləndirib, aprelin əvvəllərində ölkə Ermənistan tərəfindən işğal edilmiş ərazilərin bir hissəsinin azad edilməsi üzrə lokal hərbi əməliyyat həyata keçirib.

Və nəhayət, Lavrovun gündəliyindəki üçüncü məsələ – yol xəritəsi. Mahiyyətcə, onun Almaniya ilə birbaşa əlaqəsi yoxdur, belə ki, Minsk üçlüyü tərəfindən hazırlanıb və 2011-ci ildə Moskva tərəfindən prezident səviyyəsində təşviq edilib. Amma ATƏT-in Madrid prinsiplərinə əsaslanan və üç əsas komponentdən – Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını həll etmək hüququ, güc tətbiqindən imtinadan ibarət olan yol xəritəsi hazırlanarkən prezident Əliyev yeni güzəşt təklifi – münaqişənin həllinin Tirol modelinin tətbiqi haqqında təklif irəli sürüb.

Tirola baş çəkən Əliyev şəxsən Cənubi Tirol probleminin həlli məsələsini və almandilli əksəriyyətin və italyandilli azlığın birgə dinc yaşaması təcrübəsini araşdırıb. Cənubi Tirol və Dağlıq Qarabağ münaqişələri bənzərdir. Birinci halda Avstriya ilə həmsərhəd olan İtaliyanın şimalında Cənubi Tirolda əksəriyyət – almandilli əhali, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda isə əhalinin əksəriyyəti ermənilərdir. İkinci Dünya Müharibəsindən sonra İtaliya və Avstriya arasında Cənubi Tirol uğrunda münaqişə yüksək muxtariyyət statusunun, yerli özünüidarənin verilməsi və muxtariyyət çərçivəsində bütün qərarların, hər birinin sayından asılı olmayaraq, yerli icmaların konsensusu şərti ilə qəbul edilməsi yolu ilə həll olunub. Region sabitlik və çiçəklənmə əldə edib ki, bu da sonradan İtaliya və Avstriyanın Avropa İttifaqına üzvlüyü ilə gücləndirilib.

2011-ci il iyunun 24-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü ərəfəsində İlham Əliyev Euronews telekanalına müsahibəsində tənzimlənmənin Tirol modeli mövzusunu birlikdə dinc yaşamaq haqqında avropalılar üçün tamamilə aydın assosiasiyalar dilində səsləndirib. Həmin vaxt çox şey vəd edən danışıqlar, əsasən, Dağlıq Qarabağın dəyişməz müstəqilliyini tələb edən Ermənistanın maksimalist mövqeyi ilə əlaqədar uğursuzluğa düçar olub. Ermənistan prezidenti Serj Sarkisyan, Qarabağ müharibəsinin fəal iştirakçısı danışıqlardakı mövqeyini qalib mövqeyi ilə əsaslandırırdı, beləliklə tərəflərin yanaşmasında disbalans yaradırdı.

Sonradan Əliyev Tirol təşəbbüsünə, demək olar ki, heç qayıtmayıb. Kazan uğursuzluğundan cəmi iki gün sonra, iyunun 26-da Bakıda möhtəşəm hərbi parad keçirən Əliyev Qarabağ münaqişəsinin hərbi tərkib hissəsinin tarazlaşdırılması prosesinə start verib. Son nəticədə, beş il sonra bu, böyük əhəmiyyətli kiçik aprel qələbəsinə döndü – Qarabağ problemində Ermənistanın hərbi arqumenti xeyli zəiflədi.

Deyilənlər heç cür Ermənistanın artıq münaqişənin həllinin Tirol və ya hər-hansı başqa güzəştli modelini müzakirə etməyə hazır olduğu demək deyil. Amma aprelin ilk günlərindəki hadisələrin Ermənistan cəmiyyətində yenidən düşünməyə səbəb olduğu artıq heç kim üçün sirr deyil. Bu halda Almaniyanın həm tərəflərin yola gətirilməsi, həm də güzəşt əldə edilməsi üzrə səyləri heç vaxt olmadığı qədər yerinə düşə bilər. Özü də tərəflər buna heç vaxt olmadığı qədər yaxındırlar.

Ana səhifəAnalitikaQarabağ tənzimlənməsində alman faktoru