Prokurorlar prosesdə ittiham aktının müttəhimlər tərəfindən törədilmiş terrorçuluq faktlarına aid hissəsini oxuyublar
Fevralın 11-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatçılarının işi üzrə proses davam etdirilib.
Prokurorlar ittiham aktının Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlı əhalinin kütləvi qətlləri, Ermənistan və erməni separatçıları tərəfindən törədilən terrorçuluq faktlarına aid hissəsini oxuyublar.
İttiham aktına görə, müttəhimlərlə yanaşı, qeyd edilən cinahətlərdə Ermənistanın prezidenti olmuş Robert Koçaryan, Serj Sarkisyan, müdafiə nazirləri Vazqen Manukyan, Seyran Ohanyan, həmçinin Samvel Babayan, Vitali Balasanyan və digərləri də iştirak ediblər.
Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli ittihamın müharibənin gedişində Qazaxın Bağanıs-Ayrım, Şuşanın Malıbəyli-Quşçular, Xocavəndin Qaradağlı, Ağdərənin Baş Güney (Baş Güneypəyə), Goranboyun Ballıqaya və Gülüstan, Kəlbəcərin Ağdaban, Comərd və Başlıbel kəndlərində azərbaycanlıların didərgin salınmasını və məhv edilməsi faktlarına dair hissəsini elan edib.
Diqqətə çatdırılıb ki, 241 nəfər güllələnməklə, diri-diri yandırılmaqla, ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülüb, 149 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri yetirilərək qəsdən öldürülmələrinə cəhd edilib.
Daha sonra müharibənin gedişində törədilmiş terrorçuluq cinayəti faktlarına dair hissəsinin elanına başlanıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev qeyd edib ki, 1988-2023-cü illər ərzində 308 epizod üzrə törədilmiş terrorçuluq cinayətləri nəticəsində ən azı 210 hərbi qulluqçu və 239 mülki şəxs olmaqla, 449 nəfər şəxs qəsdən öldürülüb, 1013 hərbi qulluqçu və 716 mülki şəxs olmaqla, 1729 nəfərin qəsdən öldürülməsinə cəhd göstərilib. Ümumilikdə terrorçuluq cinayətləri nəticəsində 17 uşaq qəsdən öldürülüb, 53 uşağın müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd olunub.
Daha sonra dövlət ittihamçıları terrorçuluq cinayətləri ilə bağlı konkret epizodları elan ediblər:
1991-ci il yanvarın 9-da Şuşa istiqamətində hərəkətdə olan “UAZ-469” markalı avtomobili atəşə tutulub, nəticədə sovet ordusunun üç hərbi qulluqçusu və jurnalist Salatın Əsgərova öldürülüb.
1991-ci il noyabrın 20-də Xocavənd rayonunda içərisində Azərbaycan dövlət xadimlərinin, Rusiya və Qazaxıstandan yüksək vəzifəli hərbi müşahidəçilərin olduğu helikopter vurulub. Nəticədə 22 nəfər həlak olub.
2020-ci il oktyabrın 4-dən 17-dək olan müddət ərzində Gəncə şəhərinə raket zərbələri nəticəsində ümumilikdə 26 mülki şəxsi qəsdən öldürülüb, 175 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
2020-ci il oktyabrın 5-dən noyabrın 7-dək olan müddət ərzində raket zərbələri nəticəsində Bərdə rayonunda ümumilikdə 29 mülki şəxs qəsdən öldürülüb, 103 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Ümumilikdə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Gəncə və Mingəçevir şəhərləri, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Goranboy (Naftalan), Beyləqan, Cəbrayıl, Kürdəmir və Qəbələ rayonları üzrə dövlət və xüsusi mülkiyyətdə olan daşınan və daşınmaz əmlaklara 187 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Qərb İxrac Boru Kəmərinin Goranboy və Yevlax rayonları ərazisindən keçən hissəsinin partladılmasına cəhd göstərilib.
Prokurorların çıxışlarından sonra məhkəmə növbəti iclasın fevralın 14-də keçiriləcəyini elan edib.
Qarabağda separatçıların “prezidenti” olmuş Arkadi Gukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan və David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 15 nəfərin işi üzrə məhkəmə prosesi davam etdirilir.
Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3 (terrorçuluq məqsədilə təlim keçmə), 218 (cinayətkar birlik yaratma) və 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma) maddələrilə ittiham irəli sürülüb. Bu ittihamlarda 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Onlar Azərbaycan ərazilərinin minalanması, 2020-ci ildə Gəncə və Bərdəyə raket atılması, nəticədə mülki əhalinin öldürülməsi, terror hücumlarının təşkili və başqa çoxsaylı cinayətlərdə ittiham olunur.
Separatçı rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın işi üzrə ayrıca təhqiqat aparılır.
Onun işi üzrə növbəti iclas fevralın 10-da keçiriləcək