Qarabağ qazisinin intihar etdiyi bildirilir

Foto: qafqazinfo.az

Babək rayonunun Nehrəm qəsəbə sakini, İkinci Qarabağ müharibəsinin iştirakçısı, hərbçi Vüsal Məhərrəm oğlu Əliyevin intihar etdiyi bildirilir.

Bu barədə yerli mediada məlumat yayılıb.

Mərhumun atası Məhərrəm Əliyev bildirib ki, müharibədən sonra V.Əliyevin səhhətində problemlər yaranıb. Atası deyir ki, onu öz hesabına müalicə etdirirmiş.

“Öz gücümə aparıb bir neçə dəfə müalicə etdirdim. Sonralar tez-tez təlimdə olduğu üçün müalicəni davam etdirə bilmədi. Hadisədən hardasa 10 gün qabaq yenə başında ağrılarının olduğunu dedi. Tez-tez yuxudan dik atılırdı. Getdi hərbi hospitalda yoxlandı. Həkimlər dərman-filan yazmışdılar ki, 10 gün sonra gələrsən yenidən baxarıq. O da heç qismət olmadı. Son vaxtlar əsəbi idi, yatmırdı. Deyirdi, boğuluram. Yuxuda tez-tez döyüş yoldaşlarını gördüyünü deyirdi. “N” saylı hərbi hissədə xüsusi təyinatlı olaraq xidmət edirdi. Çox sirr verən adam deyildi”- atası yerli mediaya belə deyib.

Atanın sözlərinə görə, oğlu 44 günlük müharibədə iştirakına görə 5 medalla təltif edilibmiş. Müharibədən sonra da orduda müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirirmiş.

“Vüsal “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”,“Füzulinin azad olunmasına görə, “Xocavəndin azad edilməsinə görə” və “Şuşanın azad edilməsinə görə” medallarına layiq görülmüşdü. Şuşa döyüşlərində qəlpə yarası almışdı. 8-ci il idi ki, hərbidə işləyirdi. Hərbi rütbəsi çavuş idi”. 

Məsələyə özünün “Facebook” səhifəsində münasibət bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də Vüsal Əliyevin özünə qəsd etdiyini vurğulayıb.

“Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd sakini, 2-ci Qarabağ savaşı  qazisi Əliyev Vüsal Məhərrəm oğlu oktyabrın 5-də özünü asaraq həyatına son qoyub. Kənd sakinlərinin bildirdiyinə görə, qazini bu addımı atmağa  imkansızlıq vadar edib”, – Əli Kərimli belə yazıb.

Əli Kərimli, Foto: Meydan TV

Partiya sədri qeyd edib ki, cəmiyyət qazilərə, şəhidlərə və onların ailə üzvlərinə daha həssas yanaşmalıdır.

“Hökumətlə məsələ aydındır. Onlar nə şəhid, nə qazi qədri bilən deyillər. İmkanları olsa, hamısını unutdurar və iddia edərlər ki, Qarabağı İlham Əliyev təkbaşına azad edib. Qarabağ üçün nə həyatını, nə də sağlamlığını qurban verənlər olub. Lakin bununla belə  qazilərimizin kütləvi şəkildə özünü öldürmə həddinə çatdırılmasında cəmiyyət, xalq olaraq bizim  hamımızın da məsuliyyətimiz var. Onlara qarşı dəhşətli biganəliyi gündəmdə  saxlaya bilmirik. Onların başına gətirilən haqsızlıqların məsuliyyətini xalq olaraq  rejimdən tələb edə bilmirik. Qazilərimizə, şəhidlərimizə, onların ailə üzvlərinə daha həssas yanaşmalıyıq”.

Rəsmi olaraq Vüsal Əliyevin ölüm səbəbi açıqlanmayıb. Aidiyyatı qurumlar bu barədə açıqlama verməyiblər.

Ana səhifəSosialQarabağ qazisinin intihar etdiyi bildirilir