İlkin Rüstəmzadə

Mənbə: Meydan TV

Başlıq: İlkin Rüstəmzadə

Qarabağ münaqişəsinə həvəskar baxış

Şuşanın işğalından 27 il ötdü. Təəssüf ki, biz hələ də işğal olunmuş torpaqlarımızı azad edə bilmirik.

Bu münaqişə və onun həlli çox qəliz, qarmaqarışıq bir prosesdir və qətiyyən ura-patriotların dediyi kimi, "Ermənistanı 2 günə diz çökdürərik " səviyyəsində deyil. Amma, eyni zamanda, "əşşi, bu Qarabağ ağlaşması bezdirdi" münasibətinə layiq olacaq qədər önəmsiz məsələ də deyil.

Tarixdə buna oxşar munaqişələr çox baş verib. Düzdür, tarix və oradakı hər hansı bir situasiya gələcəyə nəzərən oxşar situasiyalarda tətbiq ediləcək hazır reseptlər təqdim etməsə də, analogiyaların müqayisəsi və güzgüdə özünə baxmaq baxımından çox faydalıdır. Bu yazıda bizim yaşadığımız dövrü və nəsli nifrətlə zəhərləyən Qarabağ münaqişəsinə müəyyən qədər bənzəyən Elzas və Lotaringiya ətrafındakı Almaniya-Fransa münaqişəsindən və bu münaqişədən sonrakı proseslərdən azca bəhs edəcəm.

1871-ci ildə Fransanın Prussiyaya hücumu alman konfederasiyasını birləşdirdi və Fransa iki ay sonra birləşmiş alman ordusunu öz sərhədlərində, ardınca Parisdə qonaq etməli oldu. Özünün 2 əyalətini (hər birinin təxminən Qarabağın ərazisi qədər ərazisi olan) Parisi işğal etdikdən sonra Versalda elan olunan alman imperiyasına güzəştə gedən Fransa 50 il ərzində bütün daxili və xarici siyasətini Elzas və Lotaringiyanı qaytarmaq üzərində qurdu.

Elzas və Lotaringiya bizdəkindən fərqli olaraq Fransa ərazisinin 5 faizdən daha azını təşkil etsə də, Fransanın düşünən beyinləri bu məsələnin üzərindən sakitcə keçməmişdilər.

Viktor Hüqonun İngiltərə mühacirətindən qayıtdıqdan sonra (Parisdə hələ də Prussiya əsgərlərinin qaldığı bir vaxtda) etdiyi tarixi çıxış, buna ən gözəl misaldır:

"Fransa bu gün məğlub və acizdir. O, öz kinini içində bəsləyəcək və bir gün yenidən qüdrətli olacaq. Onda Fransa bayrağı yenidən Strasburq (Elzas) Kafedralının üzərində dalğalanacaq".

Bu çıxış özündə millətçi, hətta müəyyən qədər faşist çağırışlar ehtiva etsə də, Hüqo kimi bəşəri dəyərləri və xalqların qardaşlığını təbliğ edən bir dühanın işğala münasibətini öyrənmək baxımından, ibrətamizdir.

Və Fransa kimi dövrün ən qüdrətli dövlətlərindən biri öz ərazilərini işğaldan yalnız 50 il sonra və üstəlik Fransanın təşəbbüsü ilə başlamayan müharibə (Birinci dünya müharibəsi) nəticəsində xilas etdi. Və bu xilasın bahası 6 milyon gənc kişi cəsədi (təkcə Fransanın itkiləri) oldu. Fransa və Almaniya arasında 1871 işğalı ilə başlayan zəhərli münasibətlər qarşısıalınmaz bir şəkildə 20-ci əsrin iki əsas fəlakətini də inşa etməyə vaxt tapmışdı. O dövrün, xüsusilə Almaniyanın ədəbiyyatını oxuyanda işğalın xalqlar arasında necə böyük bir uçurum yaratdığını görmək mümkündür və çox hüznlüdür ki, iki xalqın düşünən beyinləri bu münaqişəni həll etməyin yollarını tapa bilmədilər. 25 ildən artıqdır ki, biz də, təxminən, oxşar vəziyyəti yaşayırıq.

Miqyas və dünyaya təsiri baxımından çox fərq olsa da, Qarabağ münaqişəsi də kifayət qədər mürəkkəb bir münaqişədir və olduqca qəliz regionda baş verməkdədir. Burada başlanacaq adi, lokal münaqişənin regionda uzun müddətdir gizlində qalan ziddiyyətləri alovlandıra biləcəyini düşünən ABŞ liderliyindəki demokratik qərb və Rusiya liderliyindəki despotik şərq status-kvonu möhkəm şəkildə dəstəkləyir və hər hansı hərbi eskalasiya ehtimalına qarşı birgə çıxış edirlər. Bu, Azərbaycanın diplomatik çevikliyini baltalayır və işğala hərbi yolla son vermək şanslarını minimuma endirir. Azərbaycan hakimiyyətinin Qarabağ məsələsindən daxili repressiyalar üçün kart olaraq istifadə etməsi və Azərbaycanın milli təhlükəsizliyi üçün və elə Qarabağ məsələsində azad dünyanın dəstəyi baxımından həyati əhəmiyyət daşıyan ölkələrlə və qurumlarla yaxın əməkdaşlıqdan yayınması, çox pis bir haldır. Rusiyayla ehtiyatlı münasibətlər məntiqli olsa da, Qarabağ məsələsində bizə heç vaxt (ən azından AİB və Gİ daimi üzvü olmadan) dəstək verməyəcək Rusiyayla müqayisədə qərbdə prinsiplərə daha çox dəyər verilir və biz qərbdən daha çox dəstək ala bilərik. Çox təəssüf ki, işğalçı Ermənistan bu gün demokratik ölkə olaraq demokratik qərbə, müttəfiq olaraq da Rusiyaya daha yaxındır və biz bu durumu dəyişdirə biləcək məqbul alternativlər olduğu halda, ən çoxu ağı deməklə məşğuluq. "Qarabağ getdi, qayıdan deyil" söhbətləri " Qarabağı bir günə alarıq" söhbətləri qədər həqiqətdən uzaq və zərərlidir. Məncə, hələ də mümkündür, sadəcə bu ,çox ciddi və sanballı zəhmət tələb edən, genişmiqyaslı bir proses olacaq. Əlbəttə, demokratik inkişaf və qərblə güclü əlaqələr bizə günü sabah Qarabağı verməyəcək. Bununçün bizə uzun zamanı əhatə edəcək, yorucu və bəzən bezdirici çoxvektorlu xarici siyasət kursu lazım olacaq. Lakin artıq çox gecikirik və bir an əvvəl başlamalıyıq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tvzawg

Ən çox baxılan