“Qara qızıl” niyə ucuzlaşır: səbəblər, proqnozlar…

Neft və dollar. Foto: GAS-photo/shutterstock

Son ayda neftin 21.0 faizdən çox dəyər itirdiyi bildirilir

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,85 dollar azalaraq 84,03 dollara edib.

İl ərzində Azərbaycan neftinin bir barelinin qiyməti ən maksimum həddə martın 9-da qalxıb: -135,99 dollar.

Müstəqil ekspertlər neft qiymətlərindəki kəskin artımı 2022-ci il fevralın sonu başlayan Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirir və müvəqqəti olduğu bildirirlər.

Noyabrın 29-da dünya birjalarında neftin qiymətləri isə bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,59 dollar artaraq 84,78 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,27 dollar bahalaşaraq 78,51 dollar olub.

Bir gün öncə, noyabrın 28-də isə Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,37 dollar azalaraq 81,26 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,23 dollar ucuzlaşaraq 74,05 dollar olmuşdu.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, son zamanlar neft qiymətlərində kəskin enişlər müşahidə olunur.

Onun sözlərinə görə, noyabrın geridə qalan günlərində “qara qızıl” 21.0 faizdən çox dəyər itirib:

“Məsələn, noyabrın ilk günündə neftin qiyməti 99 dollara yaxın idi”.

İqtisadçı bildirib ki, OPEC + alyansı hasilatın kəskin azaldılması ilə bağlı öhdəliyə gedə bilmir:

“Praktik olaraq, dünya neft içərisində “üzür”. Təklif ilə tələb arasındakı fərq qiymətlərə təsirsiz ötüşmür. Bu da qiymət azalmalarını sürətləndirir”.

Vüqar Bayramov
Foto: Meydan TV

“Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən ötən həftədə də iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çinin neftə olan tələbini azaldır. Sərt qaydalar səbəbindən hazırda Çində on milyonlarla insan sərt karantin rejimində yaşayır”, – deyə o qeyd edib.

Vüqar Bayramova görə, neftin qiymətindəki son azalmalar eyni zamanda, qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır.

İqtisadçının fikrincə, Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb:

“Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır”.

İqtisadçının sözlərinə görə, neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir.

Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər.

Azərbaycanın 2023-cü ilin büdcəsində neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.

Bir çox beynəlxalq təşkilatın (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Goldman Sachs” və s.) 2023-cü ildə neft qiymətləri ilə bağlı proqnozu 85-108 dollar arasında dəyişir.

Əgər növbəti il enerji qiymətləri gözləniləndən daha yüksək olarsa, bu, Azərbaycanın dövlət büdcəsi gəlirlərini daha da artıra bilər.

Ana səhifəİqtisadiyyat“Qara qızıl” niyə ucuzlaşır: səbəblər, proqnozlar…