Qadir İbrahimli: Binaların köçürülməsi plandan başqa bir şey deyil

”Qarşıdakı 2 ildə Azərbaycan iqtisadiyyatını böhran gözləyir”

Source:
Qadir İbrahimli


”Qarşıdakı 2 ildə Azərbaycan iqtisadiyyatını böhran gözləyir”

“2035-ci ilədək 121 min 919 binanın köçürülməsi nəzəriyyə və plandan başqa bir şey deyil. Planın gerçəkləşməsi üçün maliyyə vəsaitinin olub-olmaması başqa məsələdir”.

Bu fikirləri Meydan TV-yə açıqlamasında iqtisadçı Qadir İbrahimli deyib. O, güman edir ki, bunlar hökumətin arzularıdır:

“Ancaq hökumətin arzularının hansı səviyyədə gerçəkləşdirməsini zaman göstərəcək. Ümumiyyətlə, bu planın gerçəkləşməsinin özü böyük sual altındadır”.

İqtisadçı hesab edir ki, hökumət yaxın 1-3 il üçün əsaslı proqnozları tərtib edə bilmirsə, 20 il sonraya planlar tərtib etməsi anlaşılmazdır: “Qarşıdakı 2 ildə Azərbaycan iqtisadiyyatını böhran gözləyir. Yaxşı olardı, hökumət texnoloqları böhrandan çıxmaq paketini hazırlayardılar”.

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə bildirib ki, 2035-ci ilədək Bakıda 121 min 919 bina köçürüləcək. Köçürülmə Bakı şəhərinin Ərazidən İstifadə və Zonallaşdırma Planına (baş plan) əsasən həyata keçiriləcək.

Yaşayış ərazilərinin yenidən qurulmasına görə 45 076, yolların yenidən qurulması səbəbindən 20 640, yeni salınacaq yollara görə isə 16 553 bina köçürüləcək:

“Dəmir yollarının sanitar-mühafizə zonalarına görə 9 109, təbii fəlakət riski olan ərazilər səbəbilə 1089, dövlət əhəmiyyətli obyektlərin tikintisinə görə 15 025, mühəndis xətlərinin sanitar-mühafizə səbəbindən 1 374, su hövzələrinin sanitar-mühafizə zonalarına görə 3 342, digər səbəblərlə əlaqədar isə 9 711 bina köçürüləcək”.

Ana səhifəAnalitikaQadir İbrahimli: Binaların köçürülməsi plandan başqa bir şey deyil