Putinlə Əliyevin görüşü fonunda “Sputnik Azərbaycan”ın  icraçı direktoru azadlığa buraxılıb

Mənbə: Sputnik-Azərbaycan

“Sputnik Azərbaycan”ın Bakıda saxlanmış icraçı direktoru İqor Kartavıx azad edilib. 

Bu barədə “Kommersant”a Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verib. 

Nəşr yazır ki, Rusiya da buna cavab olaraq 2025-ci il avqustun 5-də büdcə vəsaiti mənimsəməsi ittihamı ilə saxladığı Moskva Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayevi azad edib. Amma bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Azadetmə qərarı iki ölkə prezidentləri Vladimir Putin və İlham Əliyev arasında oktyabrın 9-da Düşənbədə baş tutan görüş ərəfəsində qəbul edilib. Rusiya və Azərbaycan arasında danışıqlar prezidentlərin köməkçiləri səviyyəsində aparılıb, Yuri Uşakov azərbaycanlı həmkarı Hikmət Hacıyevlə birbaşa çalışıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “TASS”a  bildirib ki,  Rusiyanın Bakıdakı səfirliyinin nümayəndələri, bir neçə gün öncə ev dustaqlığına buraxılmış İqor Kartavıxı ziyarət ediblər.

“Bu müddət ərzində Rusiya diplomatları onunla daim əlaqədə olub, səhhətini nəzərə alaraq Azərbaycan tərəfinin dəstəyi ilə ona zəruri yardım göstəriblər”, – diplomat qeyd edib.

Azərbaycan hüquq-mühafizə orqanları 2025-ci il iyunun sonunda “Sputnik Azərbaycan”ın İqor Kartavıx da daxil olmaqla yeddi əməkdaşını saxlayıblar. Azərbaycan Daxili İşlər Nazirliyi onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması maddələri üzrə cinayət işi açıb. Saxlanmalar Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı qətl və sui-qəsd işləri ilə bağlı aparılan reydlərdən sonra baş verib.

Rusiya ilə Azərbaycan arasında münasibətlər 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasından sonra kəskinləşib. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Azərbaycan mediası Rusiya hərbçisinin səhvən təyyarəni vurmaq əmri verdiyini iddia edib.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Putin AZAL təyyarəsinin Rusiya hava hücumundan müdafiə raketləri ilə vurularaq qəzaya uğradığını etiraf edib. Danışıqlar zamanı Rusiya və Azərbaycan prezidentləri bir-birilərinə əl verib, ötən gecə keçirilən qeyri-rəsmi görüş zamanı isə qucaqlaşıblar.

İki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda saxlanılmış digər rusiyalı və azərbaycanlıların azad edilməsinə dair hələ ki, heç bir məlumat yoxdur.

Ana səhifəXəbərlərPutinlə Əliyevin görüşü fonunda “Sputnik Azərbaycan”ın  icraçı direktoru azadlığa buraxılıb