Zümrüd Yağmur

Mənbə: Meydan TV

Başlıq: Zümrüd Yağmur

Putinin barmaqları, Əliyevin dizi, əsgərin sinəsi

Çaya çatmadan çırmanmaq hələ də aktualdı

Tovuzda qısamüddətli atışma oldu. Koronavirusla gündəm oyununa girmək istəyən Əliyevlərin gedişi deyək buna, nə bilim, ya da başqa bir oyun.

Uşaqlıqda kənddə iki dəstəyə ayrılıb, taxtadan tapança düzəldən, “müharibəçilik” oynayan, kirli, pasaxlı oğlan uşaqlarını xatırlayıram. Oynayarkən çıxardıqları “tşu, tşu” səsini gerçək zənn etdiyim vaxtlar olub, olmayıb, bunu bilmirəm. Oğlanlar arada bomba əvəzi bir-birinə daş atardı. Qızlar da onları alqışlayardı. Çox qorxaqdım, bu daşlardan da lap çox qorxardım. Heç yaxın durmazdım. Hələ üstəlik anamın alıb cıracağından qorxduğum, qorumaq üçün atamın qarajının üstunə çıxıb oxuduğum kitabların üstündən başımı qaldırmağa belə cəsarətim olmazdı.

O “davalardan” geriyə həmişə başı yarılmış hansısa oğlan qalırdı.

Əliyevlərin hər dəfə güya başladığı müharibə, ordakı pafos, “düşmən cəzalandırıldı, qisas alındı” kimi içi boş sözlərin mahiyyəti qonşumuzda daha çox başı yarılan Zabit adlı oğlanın elə hər dəfə də hamıdan çox “tşu, tşu” deyib irəli atılmasından o tərəfə keçmir.

Amma Əliyevlərin bu “tşu, tşu” oyunundan sonrakı nəticə nə yazıq ki, Zabitinki qədər “məsum” deyil.

Tovuzda bir necə günlük atışmadan sonra geriyə neçə əsgər, bir general, iki mayorun ölümü qalıb, Zabitin yarılan başı deyil, neçə ailənin faciəsi yəni...

Bir də özünü müharibə oyununa qapdırıb vətənpərvərlik duyğuları yenidən çoşan insanların məyusluğu...

Pasifistlər və militaristlərin savaşı

Atışmanın ilk günündə sosial şəbəkələrdə müharibə istəməyənlərlə istəyənlər bir-biriylə savaşa başladı. Qəlpələri söyüş əvəz etdi, avtomatı da az qala tüpürcək daşan ağızlar...

Polemikalar elə ciddi gedirdi ki, bu məsələ üzərində dayanmaq lazım gəlir.

“Müharibə istəyirəm” deyənlərə bir sualım var.

İndi siz ciddi-ciddi düşünürdüz ki, Əliyev iqtidarı müharibə edəcək, siz də gedib orda savaşıb torpaq azad edəcəksiniz?

Tam səmimi deyirəm, ölkədən, xalqdan belə məyus olduğum vaxtlar olur, amma ölkədə bir nəfər belə olsun ki, buna inanan birinin olması anlaya biləcəyim ən çətin şeydi.

Müharibənin “romantizminə” özünü qapdıranlar ola bilər. Amma o romantizm yanında sinəsi parçalanan əsgər yoldaşının ölümünü görənə qədərdi. Ondan o tərəfdə müharibənin vəhşi üzu, ya da simasızlığı ilə üz-üzə qalırsan və birmənalı olaraq romantizmlə rasionallığın savaşı bitir. Ortada bir ölüm qalır, bir də yenə ölüm.

Bir də güclü inam. İnam olmasa, müharibədə bir saat belə duruş gətirə bilməzsən.

Barmağını tətiyin ucundan tərpədən kimi digər ucunda da bir insan öldürəcəyini, ya da, məsələn, sənin açdığın atəşə tuş gələcək sinədə, doş cibində sevdiyi qızın fotosonun olduğunu düşündünsə, heç vaxt o tətiyi çəkə bilməzsən.

İnamın o qədər güclü olmalıdır ki, sən qarşı tərəfdəkinin də insan olduğunu unudasan, ona sadəcə, düşmən deyə biləsən.

Məsələn, mən bunu unuda biləcək qədər güclü deyiləm.

Amma Qarabağı geri almaq istəyim də çox güclüdür və bir gün Qarabağ savaşı başlarsa, mən öldürməyi deyil, xilas etməyi seçərəm. Müharibədə hamı öldürmür, sağaldan tibb işçiləri də var və mən həkim olsaydım, mütləq xilas etməyi seçərdim. Müharibənin ölüm üzünü görmək mənim gücümün daxilində deyil.

Desmond Dey kimi...

Yenə qayıdaq müharibə istəyənlərin gündəminə...

İqtidarın müharibə edib onu uda biləcəyinə inanırsızsa, bu başdan məğlubsuz.

Hansı iradə, işgüzarlıq, səriştə və ən başlıcası peşəkarlıqla, iqtisadiyatla ediləcək o müharibə? Qüsura baxmayaq, hələ də müharibəyə belə baxırıqsa, demək ki, 90- çı illərin müharibə anlayışından bir addım irəli getməmişik.

Müharibə aparmaq üçün güc, iradə görürsüzmü iqtidarda? Mahiyyəti yuxusuz gecələr, diskomfort yaşam, istidə əzab, soyuqda uşumək, yüksək strategiya qurmaq və nəhayət, torpaq azad etmək eşqi olan bir aktda iştirak edəcək necə məmur görürsüz?

Virusla mübarizə üçün Operativ Qərərgah qurub, onun işini belə düzgün tənzimləyə bilməyən bir iqtidarın bu dəfə də müharibə üçün qərargah qurub iş görə biləcəyinə inananın məsumluğu qarşısında, necə deyərlər, şapka çıxarmağa hazıram.

O qərargahın işinin koronavirusla mübarizəyə qarşı qurulan qərargahdan daha yaxşı olacagını zənn edənlərin inamını bütün baş verənlərdən sonra diri tuta bilməsi mənim anlaya bilməyəcəyim işdi.

Müharibə istəyənlərin Rusiya sərhəddində Azərbaycan vətəndaşlarını birinin ağzını digərinin yanına dayayıb yerə uzadan, rus hərbçilərinin qarşısında aşağılanmasına göz yuman hakimiyyətin ölkə qüruru qoruyacağına inamını paylaşa bilmirəm.

Vətəndaşın qüruru qorunmursa, demək ölkə müdafiəsizdir. Çünki vətən özlüyündə mücərrəd anlayışdı, onu real edən o vətən dediyimiz torpağın üzərində yaşayan insandır.

Ölkədə insanın dəyəri nə qədərdir?

Bir də var müharibə istəməyənlər

Müharibəyə nifrət edirəm və nəinki bizdə, dünyanın heç bir yerində müharibə istəmirəm. Xüsusən indi, dünyanın bu çağında müharibələri arsurd və anlamsız hesab edirəm. Amma “insan niyə öldürür?” sualını verəcək qədər məsum da deyiləm daha, nə yazıq ki, o məsumiyyəti itirdim. Çox “niyə”lər kimi bu “niyə”nin də cavabını üzümə çırpan həyat dərsləri “müdrikləşdirir” zaman keçdikcə..

Və o “müdrişləşdirmə” istəmədiyim bir çox gerçəklik kimi, nifrət etdiyim müharibənin reallığını da zorakı şəkildə “qəbul etdirib”.

İstəsək də, istəməsək də, lənət olası müharibələr hələ də var. Hər dəfə, dünyanın hər yerində tüpürüləsi üzünü silib mərhəmətimizə təcavüz edir və geriyə o təcavüzdən “doğulan” ölü əsgərlər qalır.

Azərbaycanda müharibə istəməyənlərin necə faizi Qarabağı da istəmir, bilmirəm, amma mən Qarabağı geri istəyirəm. Lakin Qarabağı geri istəməyim, orda yenidən alovlana biləcək münaqişə, müharibə anlayışım ətdən çəpər deyil.

Stalin İkinci dünya savaşında Hitletin qarşısna ətdən çəpərlə çıxdı. İnsan həyatının heç bir dəyəri yoxdu. 17 yaşından müharibədə iştirak edən Əhməd dayım danışırdı ki, bizə yalın əllə “uraa” deyib hücuma keçmək əmri verilirdi. Elə bir hücum başlayanda biçim başlayırdı, küt bir kombayn işə düşürdü, yanı başımızı biçirdi. Biz alacağımız yerə çatanda çox vaxt beş-on nəfər ancaq sağ qalırdıq. Sağ qalanların da aclıqdan nəfəsi kəsilirdi.

İqtidarın heç müharibə deyil, atışma, atəskəs pozulma anlayışı da budur. Ətdən çəpər...

Güclü iqtisadiyat, güclü ordu yaratmayıb hərdən hansısa oyun gərəyi müharibəyə “girişmək” anlayışı Stalinin amansız, lazım olanda insanı ət kombaynına göndərmək düşüncəsindən fərqlənmir.

Elə bu anlayışın nəticəsidir ki, 2016-cı ilin aprelində 2 gün atışma olanda geriyə yüzə yaxın əsgər və zabit ölümü qaldı.

Tovuzda da eyni, iki-üç saatlıq atəşkəs pozuldu, geriyə 7 can itkisi qaldı.

Çünki peşəkar ordu qurulmayıb. Münaqişəli zonaya 18 yaşlı yeniyetməni göndərmək, dünənə qədər Zabitin yarılmış başından axan qanı belə görməyib, kompüterin arxasından qalxıb orduya gedən bir gəncin orda nə işi var?

Generalın ölümünü hələ demirəm?

Peşəkar ordu bir yana qalsın, axı ölkədə orduya çağırış yaşı 35-ə qədərdir. Olmazmı ki, o bölgəyə 18 yaşlı gəncləri aparmasınlar?

Bunu düşünmək üçün baş lazım deyil, bir az məsuliyyət, bir az həssaslıq... Baş zatən var, ancaq o başlar Bakı ətrafında hektarla torpaq alıb malikanə tikməyə, “vətənpərvərlik” “duyğularını” həyətində Xəzər dənizi, Azərbaycanın Qarabağ da daxilində olan xəritəsini çəkdirib tətmin etməyə işləyir.

Vətəndaşın dəyəri bilmək, hər birini özünükü saymaq və qorumaq qədər “böyük “deyil, sadəcə yekə başlardı.

Qarabağa dəstək mitinqi

Tovuzda atışma oldu.Virus gündəmi dəyişdi və Bakıda Qarabağa dəstək mitinqi oldu.

Duyğular çoşmuşdu, sadə insanlar gercəkdən inanmağa başlamışdı və illərdir vətəndaşın içində yığılıb közərən duyğular alovlanmaq üzərəydi.

Amma keçən gecə bir daha onu subut etdi ki, hakimiyyətlə xalq arasında etibar, güvən və ola biləcək qədər sevgi olmayınca işlər yürüməz. İnsanlar ora necə yığışdı, nə baş verdi, bu ayrı mövzudur. Üzərindən qısa keçsək, düşünürəm ki, mitinq başdan nəzarətdə idi. Hətta spontan toplaşma da olduğunu zənn etmirəm. Lakin zaman keçdikcə nəzarətdə olmayan və səmimi şəkildə duyğuları ilə oraya axın edən insanlar gəlməyə başladı.

Məhz bu bir müddən sonra hakimiyyəti rahatsız etdi. Çünki nəzarətdən çıxırdı və insanların sayı artırdı. Belə olan halda Milli Məclisin qapıları “Allahu əkbər” deyən qrupun üzünə açıldı və bir güllə ilə iki dövşan vuruldu.

Qərbə göstərildi ki, baxın, biz bunu deyirik, buraxsaq dövlər idarələri dindarların əlinə qalacaq. İkinci, daxildə düşmən axtarışına əsas yaratmaq.

Necə ki, keçən gün bunun ilk işartıları göründü. Müxalifət və sosial şəbəkə istifadəçiləri dövlət başçısı səviyyəsində hədələndi. Beləcə, Tovuz hadisləri gündəmdən çıxdı. Mitinqin belə gündəmdə qalmasına izn verilmədi, dərhal Prezidentin məlum toplantıda çıxışı oldu, hər iki hadisə unuduldu, “trend” ölkə başçısının çıxışıdr. Müxalifətin başı “gördünüz, məni hədələdi, yenə bizi hədəf aldılar, bunların dərdi bizimlədir” kimi eqo bəsləməsinə qarışdı.

Amma gəlin biz qısa da olsa, daha çox mitinqə tuşlanaq. Özü toplaşmasına izn verdiyi insanlara sonda niyə o qədər aqressiv davrandı? 1.İqtidar bilir ki, boğaza qədər rüşvətə batıb və xalq bunun fərqindədir. 2.Fərqindədilər ki, Qarabağı istəyən xalq eyni dərəcədə iqtidarın da getməsini, başına onu idarə edəcək normal və əsas da oğurlamayan bir iqtidarın gəlməsni istəyir. Çünki insanlar Qarabağın işgalından bezdiyi kimi, elə Bakının, Gəncənin də Əliyevlər tərəfindən işğal "edildiyindən" bezib və eyni şəkidlə hakimiyyətə də nifrət edir. 3.Məhz elə buna görə Qarabağ üçün yığışan xalqın nəzarətdən çıxacağından ehtiyatlanan hakimiyyət bir vaxtdan sonra (təxribat, orda nələr oldu, bunu sonra dartışmaq lazım gələcək) polisi xalqın üzərinə yeritdi. İqtidar əmin olsaydı ki, ora milyonlar yığışsa da, bu insanlar ona qarşı çevrilməyəcək, heç bir müdaxiləyə ehtiyac görməyəcəkdi. Necə ki, Heydər Əliyev hakimiyyətə gələndə bu güvəndən istifadə edib xaqı küçələrə səsləmişdi və heç bir təhlükə hiss etmədən də milyonların qarşısına çıxmışdı. Çünki onda hələ xalqın ona güvəni, sevgisi vardı, Heydər Əliyev də bunun fərqində idi. Çıxan nəticə odur ki, xalqla arasında bu qədər dərin uçurum olan iqtidarla Qarabağa yol yoxdur.

Bizim ölkəmizə bəslədiyimiz duygular kiminsə oyunlarına gələcək qədər ucuz olmamalıdır

Qarabağı azad etmək, işğalın bitməsi, bütün bunların çətin olduğunu kim bilmir axı? Kim bilmir ki, Putin var, Rusiyanın hər zaman aqresiyası başımızın üstündədir? Kim bilmir ki, gözünü dörd açıb gözləyən İran var? Kim bilmir axı bunları?

Az qala hamımız bilirik.

Amma hamımız bildiyimiz halda unutduğumuz başqa bir həqiqət də var. Dediyim kimi, bu iqtidar Qarabağı işgaldan azad edəcək siyasi iradəyə və səriştəyə, ardıcıl və sistemli prinsiplərə sahib deyil. Amma sərhəd bölgəsində bir güllə atılan kimi hər dəfə bunu unuduruq. Anlaşılandımı? Anlaşılandı. İnsanımız ölkəsi ilə bağlı xoş xəbərə acdı. İllərdir depressiyada boğulan, yoxsulluqdan əziyyət çəkən, yalandan, rüşvətdən yorulan, vicdanı butun bu kirlənmiş münasibətlərin fonunda sınağa çəkilən, eyni anda korladılmaq üçün daşa sürtülən toplum var. Vicdanı korladılan toplumun bir ucdan da qəzəbi daşa çəkilir.

Uz-gözündən yorgunluq, möhnət yağan insanlar yorulub daha... Süst düşüb və birdən-birə hələ diri qalan duyğularının üzərinə bir damla su çilənir və o duyğu sanki sirkələnir. “Qarabağda savaşmağa hazırıq” formasında üzə çıxır.

Amma əzizlərim, bizim ölkəmizə bəslədiyimiz duygular kiminsə oyunlarına gələcək qədər ucuz deyil.

Olmamalıdır!

Azərbaycanı az qala Rusiyanın bir quberniyasına çevirən əliyevlərin oyununa gələcək qədər ucuz tutmamalıyıq duygularımızı. Əgər tutacağıqsa, elə bir neçə ildən bir bu oyuna gəlib sonda o duyğuların zorlanması nəticəsində onların da məhv oluşu ilə üz-üzə qalacağıq.

“Keçəli”, yaxşı mənada və lazım olan yerə ondan sonra “suya göndərmək” mümkün olmaycaq.

Qarabağı ətdən çəpər qurmadan, az itki ilə o zaman almaq olardı ki, (olacaq ki) ölkəni güclü, firavan, cazibədar edəydilər. O qədər cazibədar ki, hətta Qarabağda indi məskunlaşan erməni belə çıxıb üsyan edərdi ki, əl çəkin bu Qarabagdan, mən də adam kimi yaşamaq istəyirəm.

Düşünək, 30 il ərzində ölkəyə gələn pulları iqtisadiyyata, təhsilə, tibbə, ölkənin gələcəyinə, demokratik dəyərlərin oturmasına, vətəndaş cəmiyyətinin inkişafına yatırsaydılar, bura cazibə nöqtəsinə çevrilsəydi, nəinki Qarabaq erməniləri,- hətta illər öncə, hələ Güney Azərbaycan məsələsi yenicə Azərbaycan gündəminə gələndə dediyim kimi, ora üçün belə cazibə yerinə çevrilsəydi, təkcə Ermənistan deyil, İran belə asanlıqla bizə diş qıçıya bilməzdi.

Rusiyanın siyasi mahiyyəti bəllidir. Amma ölkəni ondan bu qədər asılı etmək, Putinin batmaqlarını dizinə deyil, gözünə soxacaq qədər öz “siyasi ağsaqqalına” çevirəndə Azərbaycan əsgərinin sinəsi də ordan tuşlanan gülləyə açıqdı.

Ölkənin şimal sərhədlərində yaşayan vətəndaşlar sosial və psixoloji baxımdan Rusiyadan asılıdır. İnsanlar ən təməl şeyləri Rusiyadan təmin edir. İndi siz deyin, Rusiya burdakı ani hərəkətlənmədə şimalın bu asılığılından istifadə edib “zəhmətkeşlərin” “bizi xilas et” müraciəti ilə yeni Osetiya, Krım ssenarisini oynamayacağı nə məlum?

Şimal bölgəsində yaşayan xalqları 30 il ərzində sosial və siyasi, həm də psixolojik olaraq Rusiyadan həm qoparmaq, həm də gücləndirmək üçün iqtidarın hansı ardıcıl siyasəti olub?

Ölkənin başqa bir hissəsi, bir ucu Astaradan tutmuş, Cəlilabada qədər, bu bölgədə yaşayan insanlar İrandan gətirdiyi ucuz ərzaqlara möhtac buraxılıb. Hələ İranda təhsil alıb artıq yas mərasimlərində ağıları fars dilində deyən, beyni İran sevdası ilə dolub daşan mollaları demirəm.

İran sərhəddində saatlarla gözləyib bir-birini əzməyə hazır olan, ordan iki kilo soğanı qışda daha ucuz ala bilmək üçün ayaq döyən yaşlı qadından fədakarlıq gözləmək necə asandır?

Ya da Dağıstandan mal daşıyan, ayaqları yara olan bir sürücü kişinin vətən sevgisini ölcəçək şkala varmı?

Deyəcəksiniz ki, hər şey mədə deyil axı..

Amma çox şey də mədədir. Hələ-hələ illərdir dövləti onu əzən aparata çevirən bir iqtidardan əziyyətdən başqa bir şey görməyən vətəndaş üçün o ölkənin torpaqları vətən olmaqdan çıxır, başını saxlamaq üçün adi torpaq parçasına çevrilir.

Hamıdan idealist olmağı tələb etmək olmur və olmaz.

Sözün qısası, bu gün nə iqtisadiyat, nə xarici və daxili siyasət, nə sosial, nə psixoloji durumumuzla müharibə kimi ağır bir yükün altına girəcək halda deyilik.

Hə, ətdən çəpər çəkilməsini, yüzlərlə əsgərin ölümünü istəyəcək qədər amansızsınızsa, bunu dəstəkləyirsizsə, əldən nə gəlir?

Güclü ordu, psixolojik cəhətdən hazırlıqlı toplum olmadıqca, hər dəfə bizim duyğularımıza təcavüzə davam edəcəklər. Hər dəfə siçan-pisik oyunu oynayırmış kimi Qarabağı həssaslıq yerindən çıxarıb adiləşdirəcəklər və beləcə, bir gün hansısa müqavilyə imza etdikdə kimsədən səs çıxmayacaq.

Necə ki, milyardların oğurlanmasını vətəndaş üçün adiləşdiriblər.

Ölkə bir yığın adamın əlində o qədər zəif və aciz duruma düşüb ki, istəniən qüvvə burda istədiyini asanlıqla edə bilir.

Əliyevlər rejiminin iştahı, bizim xalq olaraq ölkəyə “iştahsız yanaşmamız” qarşı tərəfin iştahına hər zaman güc qatdı və indi oturub sosial şəbəkədə “müharibə istəmirəm”, “müharibə istəyirəm” deyənlərin arasındakı savaşı izləməkdən başqa əlimizdən bir şey gəlmir.

Halbuki, hava balonları tarix oldu, avtomobilin uçanının icad olunması mövzudur, biz hələ də əcnəbinin göydə gəzdiyi balonların izinin arayışındayıq.

Adamın lap Sabir kimi vərəm olmağı gəlir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/umlzry

Ən çox baxılan