Rusiya prezidenti Vladimir Putin

Mənbə: Lenta

Başlıq: Rusiya prezidenti Vladimir Putin

Putin Rusiya Konstitusiyasına dəyişikliklər təklif edib

Məqalə yeniləndi:  15 Yanvar 2020

Prezident Dumanın səlahiyyətlərinin artırılmasını istəyir

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində ölkə Konstitusiyasına dəyişikliklər edilməsini təklif edib.

Rusiya mətbuatının məlumatına görə, dəyişikliklər paketinə Dövlət Dumasının səlahiyyətlərinin artırılması da daxildir. Prezident təklif edib ki, Dövlət Duması Baş nazirin, vitse-premyerlərin, federal nazirlərin namizədliklərini təsdiq etməlidir. Prezident isə onları təyin etməyə borclu olacaq.

Bundan başqa, Konstitusiyaya yüksəkçinli məmurların xarici vətəndaşlığının və ya xarici ölkədə yaşayış izni olmasını qadağan edən maddə təklif edilir.

Putin təklif edib ki, prezidentliyə namizədlər üçün tələblərdən biri, onun Rusiyada ən azı 25 il yaşaması olmalıdır. Hazırda bu tələb 10 ildir.

Sosial sahədə dəyişikliklər barədə danışan Vladimir Putin bildirib ki, Konstitusiyada minimum əmək haqqının yaşayış minimumundan aşağı olmaması göstərilməlidir.

Putin Rusiyanın doğuş nisbətindən narazılığını da bildirib:

“Bu gün Rusiyada demək olar ki, 147 milyon insan var, amma ölkə gərgin demoqrafik dövrə qədəm qoyub. Doğuş nisbəti yenidən aşağı düşüb“.

Prezidentin sözlərinə görə, uşaqlı ailələrin çoxunun gəlirləri Rusiyanın demoqrafik gələcəyini birbaşa təhdid edir.

“2000-ci illərin ortalarından bəri görülən tədbirlər sayəsində müsbət nəticələr əldə edilib. Əhali böyüyür, buna görə məktəblilərin sayı artır. Lakin ailələr 1990-cı illərdə doğulmuş insanalar hesabına qurulur və bu nəsil də yaş etibarı ilə kiçik nəsillər hesab olunur. Hazırda doğuşların sayı yenidən düşməkdədir. İlkin hesablamalara görə, ümumi doğuş nisbəti 2019-cu ildə 1,5 faiz səviyyəsində olub. Bu, ölkəmiz üçün kifayət deyil.

Müqayisə üçün deyim ki, İkinci Dünya müharibəsində doğuş nisbəti 1,3 faiz idisə, 1990-cı illərdə bu rəqəm 1,16 faizə düşdü. Görünən budur ki, indiki vəziyyət müharibə illərindəki vəziyyətdən daha pisdir”.

Avropada siyasi mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov bildirib ki, Rusiyada iqtisadi vəziyyət kifayət qədər mürəkkəbdir, hakimiyyət öz reytinqini düşünür və reytinqini artırmağa məcburdur:

“Ciddi problem isə demoqrafik durumdur, Rusiya əhalisi azalır, ilin yekunlarına baxdıqda ölümlə doğum arasında fərqi açıq görmək olur. Putin özü də dedi ki, demoqrafik vəziyyət ikinci dünya müharibəsindən sonrakı illərdəki təhlükəni də keçib. Çıxışının ikinci hissəsində o Konstitusiya dəyişikliklərinə toxundu. Prezident bununla narazı kütləni sakitləşdirmək istəyir. Ölkə tam da olmasa, natamam parlament respublikasına keçmək istəyir. Baş nazir və bütün nazirlər Duma tərəfindən təsdiqlənir və qanunverici orqanın qərarlarını prezident ləğv edə bilməz. Baxmayaraq ki, bu barədə daha aydın danışmadı. Məsələ ondadır ki, Rusiya Konstitusiyasında bir nüans Putinə 4 dəfə seçilməyə imkan verib. Konstitusiyaya görə bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Elə ona görə Putin 2008-ci ildə üçüncü dəfə seçkilərə qatılmadı, Baş nazir oldu. Bütün hallarda Baş nazir olub sonradan yenidən prezidentliyə qayıtması istisna deyildi. Bugünkü çıxışında yenə həmin məsələnin əleyhinə olmadığına işarə vurdu. Əgər onun təklifləri əsasında Konstitusiya dəyişiklikləri edilsə, Putin üçün rahat vəziyyət yaranar. Bir tərəfdən icra hakimiyyətinin səlahiyyətlərini azaldıb, qanunverici orqanın səlahiyyətlərini artırır. Rusiya Azərbaycan deyil, orda onlarla sosial-siyasi qrupların maraqları nəzərə alınmalıdır.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Mənbə: Foto: arxiv

R.Mirqədirov hesab edir ki, Putinin 15 yanvar çıxışı 2024-cü ilə hazırlıqdır:

“Bütün hallarda prezident Dumada “Vahid Rusiya”nın üstünlüyünü təmin edəcəyini düşünür. Bu halda Baş nazirin seçilməsi ilə məhdudiyyətə yer qalmır. Çünki partiya seçkilərdə qalib gəlir və çoxluq Baş nazirini seçir. Nəticədə Putin liberal islahatlara getməklə hakimiyyətinin ömrünü uzatmaq istəyir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/m96fqz

Ən çox baxılan