Siyahıda ukraynalı jurnalistlər də var
ABŞ ədəbiyyatı və jurnalistikası üçün önəmli mükafatlardan sayılan “Pulitzer”in qalibləri açıqlanıb
Mükafat Şurasının rəsmi internet saytı hər nominasiya üzrə qalib olmuş nəşrlərin və jurnalistlərin tam siyahısını dərc edib.
Laureatlar arasında qəzet və jurnallar, informasiya agentlikləri, araşdırma mərkəzləri var.
“The Washington Post” qəzeti keçmiş prezident Donald Trampın tərəfdarları tərəfindən 2021-ci il yanvarın 6-da ABŞ Konqresinə edilən hücumla bağlı qərəzsiz məlumatlarına görə, “Cəmiyyətə xidmət” nominasiyası üzrə qızıl medala layiq görülüb.
“The New York Times” da beynəlxalq və milli reportajlara görə mükafat alıb.
Qəzetin birinci məqaləsində jurnalistlər Amerikanın atəşə tutulması nəticəsində Yaxın Şərqdə (İraq, Suriya, Əfqanıstan) dinc əhali arasında baş verən ölümlərdən, ikinci məqalədə isə həbslər zamanı polis əməkdaşları tərəfindən öldürülən amerikalı sürücülərdən bəhs ediblər.
“The Miami Herald” qəzetinin əməkdaşları da fərqlənənlər arasında olublar. Onlar 2021-ci ilin iyunun 25-də Florida ştatındakı “Champlain Towers South” yaşayış kompleksində baş verən dağıntıları işıqlandırdıqları üçün “Təcili Hesabat” mükafatına layiq görülüblər.
Pulitzer Mükafatları Şurası Floridadakı yeganə təkrar emalı zavodunda yüksək zəhərli tullantılar haqqında araşdırma apardıqlarına görə “Tampa Bay Times” qəzetinin əməkdaşları Kori Q. Conson, Rebekka Vulinqton və Eli Myurreemi də mükafatlandırıblar.
Şura “Quanta” jurnalının əməkdaşları, xüsusən Natalya Volçeverin ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA), Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin birlikdə yaratdıqları “James Webb” kosmik teleskopu ilə bağlı reportajları xüsusi qiymətləndirib.
“The Better Government Association” araşdırma mərkəzinin əməkdaşı Medison Hopkins, “ Chicago Tribune” qəzetinin əməkdaşı Sesiliya Reys Çikaqoda tikintidə təhlükəsizlik qaydalarına və yanğın təhlükəsizliyinə riayət edilməsi ilə bağlı qanun pozuntularını əks etdirən araşdırmalarına görə qiymətləndiriliblər.
“The Atlantic” jurnalının əməkdaşı Cennifer Senyor 2001-ci il sentyabrın 11-də baş vermiş terrordan zərər çəkən ailədən hazırladığı reportaja görə mükafatlandırılıb.
Melind Henneberger “The Kansas City Star” qəzetində təqaüddə olan polis detektivi tərəfindən cinsi təcavüzə məruz qalmış qurbanlara ədalət tələb edən köşə yazılarına görə mükafata layiq görülüb.
“Reuters” xəbər agentliyinin əməkdaşları isə Hindistanda COVID-19 qurbanlarının görüntülərinə görə mükafatlandırılıblar.
Pulitzer Mükafatları Şurası tərəfindən ukraynalı jurnalistlərə də mükafat verilib.
Onlar “Cəsarət və doğru xəbər verməyə sadiqlik” mükafatına layiq görülüblər.
Pulitzer mükafatları – macar əsilli amerikalı jurnalist və qəzet naşiri Cozef Pulitzer tərəfindən təsis edilən ABŞ-da ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində ən nüfuzlu mükafatlardan biridir.
Mükafat 1917-ci ildən etibarən Nyu-Yorkdakı Kolumbiya Universiteti tərəfindən verilir.
Mükafatın məbləği 15 000 dollardır.
19 nəfərdən ibarət Pulitzer Şurasının tərkibinə ABŞ üzrə aparıcı jurnalistlər və ya xəbər rəhbərləri, həmçinin beş akademik və ya sənətçi daxildir.