Etnik tədqiqatçının 19 il müddətinə azadlıqdan məhrum edilməsi istənilib
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində prokuror Azərbaycanda həbsdə olan etnik tədqiqatçı İqbal Əbilova iş istəyib.
Dövlət ittihamçısı onun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Gənc alimin işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğundan, özü isə Bakıda saxlanıldığından hakimlər prosesə onlayn qatılıblar.
Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.
Azərbaycandakı milli azlıqlar, o cümlədən talışlarla bağlı araşdırma aparan etnoqraf İqbal Əbilov barəsində 2024-cü il iyulun 24-də Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs müddəti uzadılıb.
Özü də milliyyətcə etnik talış olan İqbal Əbilova qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.
İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumatlara görə, İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir.
İqbal Əbilov Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.