Vəkillərə müdafiə çıxışı üçün iyunun 10-dək vaxt verilib
Bu gün, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə dövlət ittihamçısı Rauf Malışov “AbzasMedia”nın direktoru Ülvi Həsənlinin, araşdırmaçı jurnalist Hafiz Babalının və “Azadlıq” radiosunun jurnalisti Fərid Mehralızadənin 12 il, “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızının, koordinatoru Məhəmməd Kekalovun, jurnalistlər Nərgiz Absalamovanın və Elnarə Qasımovanın isə 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət Vergi Xidmətinin nümayəndəsi 64 min manatlıq mülki iddianın təmin olunmasını istəyib.
Prokuror F.Mehralızadənin “Kia” markalı avtomobilinin, “AbzasMedia”nın ofisində tapıldığı iddia olunan 40 min avro pulun, bir də bank hesablarındakı 20 min manatdan artıq vəsaitin müsadirə olunmasını təklif edib.
Vəkillərə müdafiə çıxışı üçün iyunun 10-dək vaxt verilib.
Proses iyunun 10-da davam edəcək.
2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “AbzasMedia” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “AbzasMedia işi” çərçivəsində həbs edilib.
Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. 2024-cü ilin avqustunda isə “AbzasMedia işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış edirlər.