Prezidentlərin növbəti görüşünün ”ruscası”

Rəsmi Moskva tərəfləri nəticəsi olmayan danışıqlar masasına oturdur

Source:


Rəsmi Moskva tərəfləri nəticəsi olmayan danışıqlar masasına oturdur


Kreml yenidən Qarabağ danışıqlarında təşəbbüsü ələ almağa cəhd göstərir. Belə ki, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirəsinə başlanılıb. Rəsmi təbliğat işğal altında olan 5 rayonun qaytarılacağını və münaqişənin Azərbaycanın xeyrinə həll ediləcəyini bildirir. Odur ki, belə bir sual yaranır – Kreml Qarabağ münaqişəsinin həllində maraqlıdırmı?

Rusiya işğal altında olan Dağlıq Qarabağa və Ermənistana nəzarəti tam həyata keçirir və belə status-kvo Moskvaya sərf edir. İstənilən anda Ermənistan və Dağlıq Qarabağ separatçıları Kremlin diktəsi ilə hərəkətə gətirilə bilər. Qarabağ münaqişəsinin mövcudluğu Rusiyanın Cənubi Qafqazda mövcudluğu deməkdir.

Odur ki, Kremlin vasitəçiliyi ilə keçirilən görüşlərə ümid bəsləmək doğru olmazdı.

Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Rəsmi Bakı Xankəndi ilə və yaxud vasitəçilər olmadan İrəvanla danışıqlar prosesinə qoşula bilərmi və bu nə dərəcədə effektli ola bilər?

İlk növbədə vasitəçilər olmadan aparıla biləcək Bakı və İrəvan danışıqlarına diqqət yetirək. Bəllidir ki, uğursuzluğu başqalarının çiyninə yükləmək cavabdehlikdən daha asandır. İndi diplomatiyanın üzləşdiyi hər bir uğursuzluğu Minsk Qrupunun üzərinə yıxmaq mümkündür. Tərəflər birbaşa danışıqlara üstünlük versələr, o zaman yeni “qurbanlıq keçi” tapmaq lazım olacaq və yenidən ermənilər azərbaycanlıları, azərbaycanlılar isə erməniləri ittiham edəcək; hər kəs savaşdan danışacaq, amma kimsə bu barədə fikirləşə belə bilməyəcək. Ən azı ona görə ki, müharibə yeni problemlər deməkdir. Yeni problemlər isə təhlükə mənbəyidir. Belə bir təhlükəni isə tərəflər göz önünə ala bilməz.

Daha bir vacib detala da diqqət yetirək. “Yeni Qarabağ savaşı”nda yuxarıda da qeyd etdiyimiz kimi, Moskva maraqlı deyil, deməli, nə Bakı, nə də İrəvan “cızıqdan” kənara çıxa bilməz. Bu gün Rusiyaya münaqişənin dondurulması gərəkdir, deməli, münaqişə dondurulmuş vəziyyətdə qalacaq. Buna nə Bakı, nə də İrəvan etiraz edə bilməz. Bu barədə bir qədər sonra.

Digər variant Bakı və Xankəndi arasında mümkün dialoq perspektividir. Qarabağın erməni icması ilə danışıqlar iki istiqamətdə aparıla bilər – xalq diplomatiyası və Azərbaycan hakimiyyəti nümayəndələrinin öz vətəndaşları olan erməni sakinlərlə danışıqlara başlaması yolu ilə.

Lakin bu gün bəzi ermənilərin yalançı millətçiliyi bu ölkənin gələcəyini məhv etdiyi kimi, sülhə yaxınlaşmağa da imkan vermir. Ermənilərin millətçi şüarlarla silahlanması Bakının şanslarını artırır. İndiki mərhələdə heç kimə lazım olmayan millətçı çıxışlara son qoymağın və dünyanın gözündə daha konstruktiv görünməyin vaxtı çatıb. Bakı ən azı bu mövqedə uğur əldə edə bilər.

Burada yuxarıda da qeyd etdiyimiz kimi, daha bir sual üzərində düşünmək lazım gəlir – Azərbaycan münaqişəni hərbi yolla həll edə bilərmi? Bakının silaha əl ataraq, işğal olunmuş ərazilərdən bir qismini azad etməsi mümkün görünür. Lakin bu məsələ göründüyü qədər də sadə deyil. Məhz ermənilər Bakını belə addım atmağa sövq edir. Azərbaycanın silaha əl atması İrəvanın maraqlarına cavab verir. Ermənistan uzun müddətdir ki, münaqişənin etnik zəmində baş verdiyini bəyan edir. “Millətlərin özünü təyin etmə hüququna” Bakının etnik təmizləmə cavabı kimi. Erməni təbliğatı növbəti “zavallı erməni xalqının” “soyqırımı” barədə ağlaşma qurmaq üçün bu fürsətdən istifadə edə bilər. Dünyadakı reallıq çoxunun Azərbaycana sərf etməyəcək mövqedən çıxış edəcəyini ehtimal etməyə əsas verir.

Bütün sadalanan faktlardan belə bir nəticəyə gəlmək olar ki, yaxın illər ərzində Qarabağ münaqişəsi ilə bağlı Bakı və İrəvan yenilənmiş Madrid prinsipləri üzərində danışıqları davam etdirəcəklər. Bu sənəd özündə nəyi ehtiva edir?

Madrid prinsiplərinin təqdim olunmasından uzun müddət keçməsinə baxmayaraq, həmsədrlər tərəflərin arasında mövcud olan ziddiyyətlər barədə anlaşıqlı fikir söyləməyiblər. Bakı və İrəvanın hansı məsələdə razılaşdığı, hansı məsələdə isə kompromisə gələ bilmədiyi geniş ictimaiyyətdən gizlədilir. Həmsədrlərin fəaliyyəti daha çox gözdən pərdə asmaq siyasətini xatırladır. Baxmayaraq ki, vasitəçilər “ortaq məxrəc”dən danışır, Bakı və İrəvanın davranışları onu deməyə əsas verir ki, münaqişə tərəfləri arasında hətta nəzəri baxımdan razılaşdırma əldə olunmayıb. Maraqlıdır ki, həmsədrlərin arasında da yekdil fikir yoxdur. Cənubi Qafqaz uğrunda mübarizə aparan ölkələrin maraqlarının toqquşması bu münaqişənin tənzimlənməsinə çətinlik yaradır.  Kreml Qarabağ münaqişəsinin həllində əsas söz sahibi olduğunu nümayiş etdirmək istəyir. Rusiyanın rəsmi Bakı və İrəvanı danışıqlar masasına əyləşməyə israr etməsinin səbəbi də budur…

Ana səhifəAnalitikaPrezidentlərin növbəti görüşünün ”ruscası”