“Pivə içiblər. Oğlum çıxıb maşının yanına çatanda Rövşən Əkbərov əlində hərbi bıçaqla oğlumun ürəyindən vurub. Uşağım xeyli gedəndən sonra evinin yaxınlığında canın tapşırıb”-Səmayə Əliyeva deyir.
2001-ci ildə Ukraynada yerləşən restoranda mübahisə düşüb. Mübahisənin nəticəsində iş adamı Elçin Əliyev aldığı bıçaq zərbəsindən həlak olub. Elçinin valideynləri deyir ki, hadisəni general, korpus komandiri Rövşən Əkbərov törədib. Elə Ukrayna Prokurorluğu da Bakıya göndərdiyi sənədlərdə Rövşən Əkbərovun hadisəni törətdiyi ilə bağlı kifayət qədər sübutlar topladıqlarını və Bakıdan onun məsuliyyətə cəlb olunmasını istəyib. Amma iş Azərbaycana gələndən sonra hər şey dəyişib. “Mənim oğlumu Əkbərov Rövşən Telman oğlu öldürüb. Cinayətkar ola-ola cəzasız qalıb. Bütün yerlərə müraciət etmişik. Şahidi, sübutu hazır, amma nəyəsə, kiməsə görə müdafiə olunur”.
İşə öncə Hərbi Prokurorluq baxıb, daha sonra Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib. İşə baxan müstəntiqlər bir neçə dəfə dəyişdirilib. Valideynlər deyir ki, hansı müstəntiq Rövşən Əkbərovun həbsi ilə bağlı sanksiya verəcəyini deyirdisə, səhəri gün iş ondan alınıb başqa müstəntiqə verilirdi. Prokurorluqdan əlini üzən ana prezidentin səfərlərini izləməyə başlayıb. Hansı rayona gedibsə, o da ardınca düşüb. Axırda ölkə başçısı İlham Əliyevlə görüşə bilib. “Dedilər, prezident Qəbələyə gedir. Ora getdim. Qəbələdə Heydər Əliyev parkının açılışında hamı sıra ilə düzülmüşdü. Mən də düzüldüm, bacımla getmişdim. Prezidentlə Mehriban xanım gələndə mən İlham Əliyevin əlindən yapışdım. Dedim, yoldaş prezident, mən sizi çoxdan axtarırdım. Dedi, sözünü de. Dedim, burada deyə bilmərəm axı, qabağımızdan məftil çəkilib. Bəylərə dedi ki, gəl. Məftili kəsdirdi, adamların hamısın qırağa çəkdi. Bacım oldu, mən oldum, prezidentin ailəsi oldu, yanında da qızı oldu. Ondan sonra prezidentə yalvarmağa başladım. Yaxasından yapışdım ki, səni and verirəm getdin Mədinəyə, Məkkəyə, mənim uşağımın qatilini mənimlə üz-üzə qoyma. Mən yaşaya bilmirəm. O qayıtdı dedi ki, “ana, mən sənə kömək eləyəcəm”. Ondan sonra üzümü çevirdim xanımına, ona sual verdim. Dedim, sizin də köməkçinizin yanında çox olmuşam. Ərizə ilə müraciət eləmişəm. Amma heç bir cavab almamışam. Sizi and verirəm getdiyiniz yerlərə, bu məktubu götür. Bu məktub bizə Kiyevdən gəlib, özü də düzgünlüklə araşdırılıb”.
Bu görüşdən sonra evinə sevinə-sevinə gələn ana daha sonra məyus olur. 2015-ci ildə qəbul edilən qərarla cinayət işi üzrə icraat dayandırılır. Amma prokurorluq bu barədə valideynlərə məlumat vermir. Əksinə, işin icraatı dayandırılandan sonra yazılan məktublara “iş üzrə istintaq davam etdirilərək başa çatır” cavabı göndərilir. Avropa Məhkəməsinin 2014-cü il 31 iyul tarixli qərarında göstərilir ki, iş yenilənməli və Rövşən Əkbərov cinayət məsuliyyətinə cəlb edilməlidir. 2015-ci ildə Avropa Məhkəməsi işə nəzarəti Nazirlər Kabinetinə tapşırır. Avropa Məhkəməsinin qərarı niyə icra olunmur? Bu barədə Baş prokurorluğa göndərdiyimiz sorğuya cavab verilmədi.
Avropa
İnsan Haqları
Məhkəməsi
yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi
Çingiz Əsgərov
da zənglərimizi cavablandırmadı. Avropa Məhkəməsi qəbul etdiyi qərarda işlə bağlı qeyri-düzgün və qeyri-effektiv tədqiqat aparıldığını qeyd edib.
Oğlunu 29 yaşında itirib, 15 il müddətində yazışmalar edən ata , çörək pulundan kəsib hökumətə göndərdiyi məktublara xərcləyən ana onlar sadəcə oğlanlarının qatilinin cəzalandırıldığını görmək istəyirlər.
Çəkdiyiniz video və fotoları bizimlə paylaşa bilərsiniz.
whatsapp
nömrəmiz: +49 176 16263646