Prezident yeni mərkəzlərin yaradılması ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Sosial Tədqiqatlar və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzlərinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir ki, Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələləri araşdırmaq və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

Fərmana əsasən, Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.

Fərmanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi haqda fərmanda isə qeyd olunub ki, qurum dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkənin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, dövlət orqanlarının həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir.

Sənədləri şərh edən siyasi fəal Bəxtiyar Hacıyev Meydan TV-yə deyib ki, yeni mərkəzin hansı formada çalışacağından çox şey asılıdır. Əgər normal idarəçilik və doğru siyasi iradə olsa, mərkəz işinin öhdəsindən gələcək.

Siyasi fəal Bəxtiyar Hacıyev

Siyasi fəal Bəxtiyar Hacıyev

“Həqiqətən də son vaxtlar əhalidən olan narazılıqların birbaşa ölkə başçısına çatdırılması çox effektiv rol oynayıb. Hazırda dövlət qurumlarına rəsmi şəxslərdən bir yol vardı, o da “president.az” saytında ərizə və şikayətlər bölməsi idi. Yaxud vətəndaşlar poçt vasitəsilə məktublar göndərirdi. Amma müəyyən qurumlar və şəxslər özləri haqda olan şikayətlərin sayının çoxalmasının qarşısını alırdı, nəticədə ən çox şikayətlərin hansı qurumdan olması, əhalini hansı problemlər narahat edir, yaxud narazı qruplar hansılardır və problemələrin həll yolları varmı kimi məsələlər açıq qalırdı. Yəni bu tip elmi araşdırma, statistika açıqlanmırdı. Çox nadir hallarda deyilirdi ki, hansı özəl sektor, şirkətlərdən şikayətlər var, amma bu, şikayətlərin məzmunu, həlli yolları barədə heç bir araşdırma aparılma aparılmırdı. Bir çox halda vətəndaşlar hansısa rayonun icra başçısından prezidentə şikayət edirdi, administrasiya məktubu müvafiq şöbəyə yönəldirdi, şöbə də icra hakimiyyətinə. Nəticədə müraciətə şikayət olunan qurumun özü baxırdı ki, problem həllini tapmırdı,” – Bəxtiyar Hacıyev deyir.

Siyasi fəal təklif edir ki, vətəndaşlar üçün açıq sayt yaradılsın, orda şəxsiyyət vəsiqəsi qeydiyyatdan keçməklə ayrı-ayrı dövlət orqanları və rəsmilərlə bağlı şikayətklər yer alsın. Həmin problemlərlə üzləşənlər sadə düyməni basmaqla şikayətə qoşulsun və statistika aparılsın ki, ən çox hansı problemlər hansı qrup əhalini narahat edir, çıxış yolları nədir: “Bununla da, ölkə başçısı üçün də rahat olar ki, bir pəncərədən məmləkətdəki bütün proseslərə nəzarət etsin”.

Bəxtiyar Hacıyev yeni yaranan mərkəzin Strateji Araşdırmalar Mərkəzindən (SAM) bir az fərqli olduğunu düşünür: “Strateji Araşdırmalar Mərkəzi (SAM) daha çox təhlillərlə məşğul olurdusa və beynəlxalq əlaqələrə fokuslanmışdısa, yeni yaranan qurumun məqsədi ictimai rəyi öyrənmək, ayrı-ayrı aşağı səviyyədə olan problemlərin ölkə rəhbərliyinə çatdırılması və həll yollarının axtarılmasıdır. Ona görə bu problemlərin SAM-a yönləndirilməsi çətin məsələdir. Çünki SAM 5-10 il ərzində ölü bir quruma çevrilmişdi. Ya gərək bütün işçiləri azad olunub, yenidən toplanardı, ya da ləğv edilib fərqli mandatda, statusda və adla yeni qurum yaradılardı”.

İlham Əliyevin yanvarın 14-də imzaladığı fərmanla bir sıra dövlət qurumları ləğv edilib.

Onlardan biri də Strateji Araşdırmalar Mərkəzidir. Mütəxəssislər bu qurumun fəaliyyətini tənqid edirdilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o4v47c

Ən çox baxılan