Post-kommunizmin 20 ili

Biz 51 faizlik çoxluğun yerdə qalanları cəza almadan qətl edə bildiyi rejimi demokratik adlandıra bilmərik

Source:

Populizm, plüralizm və liberal demokratiya


Mark. F. Platner



Mark Platner “


Demokratiya” Jurnalının təsisçisi və redaktoru, NED nəzdindəki Demokratiyanın Tədrisi Beynəlxalq Formunun rəhbəridir. O, həmçinin, “Sərhədsiz Demokratiya; Liberal Demokratiyanın Qlobal Çətinlikləri” (2008) kitabının müəllifidir.

21-ci əsrin ilk 10 illiyi demokratiya üçün elə də xoş keçmədi. 20-ci əsrin fövqəladə irəliləyişlərlə müşahidə olunan  son rübündən sonra demokratiyanın yayılma surəti zəifləyərək dayanma nöqtəsinə çatdı, hətta artıq demokratiyanın gözlənilən aşınmasının izlərindən də danışılırdı. “Freedom House” təşkilatının dövri olaraq yayımladığı hesabatına əsasən ardıcıl 3 ildir ki, dünyada azadlıqların indeksində tədrici zəifləmə müşahidə olunur. Onilliyin əvvəllərində Serbiya, Gürcüstan, Ukrayna və Qırğızıstanda məxməri inqilabların uğurları demokratiyaya olan ümidləri artırsa da, bu ölkələrdəki sonrakı gedişat tamamilə məyusedici idi. Bundan əlavə, rəngli inqliabların təhdidindən tədirgin olan bütün qeyri-demokratik rejimlər uğursuzluğa düçar olmuş avtokrat həmkarlarının nümunələrindən dərs götürərək, öz ölkələrində müxalifətin və vətəndaş cəmiyyəti qruplarının hərəkət arealını daraltmaq üçün əmək sərf elədilər. Bu fenomen demokratiyaya qarşı “tərs reaksiya” və ya “geri təpmə” kimi xarakterizə edilir.

Avtokratik rejimlər, siyasi şərhçilər “avtoritar kapitalizm”-in demokratiyaya alternativ kimi meydana gəlməsi barədə danışmağa vadar edir ki,  Larri Daymond bunu “demokratik böhran” adlandırır. 1990-cı illərdə politoloqlar avtoritar rejimləri əsasən demokratik yöndə inkişaf etmə potensialları nöqteyi-nəzərindən tədqiq edərək, onlara keçid formaları kimi yanaşırdılar. Sonralarsa bu rejimlərin gücü əllərində saxlamasından təsirlənən alimlər onlara bu qədər dirənməyə və əhəmiyyətli dərəcədə stabil qalmağa imkan verən amillərə fokuslanmağa başladılar. Çini öyrənən Andryu J.Natan bu fenomeni “avtoritar möhkəmlik” adlandırır. Sözsüz ki, xüsusilə də Orta Asiya və post-sovet məkanının xeyli sayda qeyri-demokratik rejimlərinin gücü əllərində çox ciddi şəkildə saxlamış olmaları, bu dirənişin səbəblərini öyrənmək üçün yaxşı əsasdır.

Eyni zamanda, “avroritarizmin möhkəmliyi”-nə köklənmə, zənnimcə, daha çox diqqətəlayiq olan “demokratiyanın möhkəmliyi” məsələsinin kölgədə qalmasına gətirib çıxara bilər. Keçmiş illərdə üzləşdiyi maneələrə baxmayaraq, demokratiya faktiki olaraq hələ də nəzərəçarpacaq dərəcədə dözümlə irəliləməyə davam edir. Birincisi, digər dövrlərdən fərqli olaraq,   1974-cü ildən start götürən demokratikləşmənin “3-cü dalğası” hələ də demokratik çöküş yaşayan ölkələrin yeni yaranan demokratiyaları sayca üstələdiyi “tərs dalğa”-ya yol açmayıb. Baxmayaraq ki, Larri Daymondun da vurğuladığı kimi, son illərdə demokratik çöküş və ya geriləmə hallarının sayı artıb, ancaq buna tab gətirən demokratik rejimlər də az deyil.

Fərqli prizmadan baxdıqda görmək olur ki, bünövrəsi yaxşı qoyulmuş və oturuşmuş demokratiyalardan heç biri məğlub olmayıb. Xüsusilə də, adambaşına düşən yüksək ÜDM göstəricilərinə nail olan ölkələrdə bircə dənə də olsun demokratik çöküşə rast gəlinməyib.

Digər tərəfdən, bu gün demokratik rejimlər yalnız öz vətəndaşları arasında deyil, həm də geniş miqyasda dünya üzrə qazanılmış legitimliyin dadını çıxarırlar. Bir yandan regional və beynəlxalq təşkilatların demokratiyaya arxa çıxması sayəsində qeyri-demokratik rejimlər də demokratik görüntünü təqlid etməyə çalışır, digər yandan da kütləvi rəy sorğuları dünyanın bütün regionlarında demokratiyaya verilən dəstəyi üzə çıxarır.

Amartya Senin də qeyd etdiyi kimi,

İstənilən əsrdə və ya sosial mühitdə kompüterin başlanğıc parametrlərinə bənzər ümumi qaydalar – böyük inanclar olur. Onlar tamamilə  inkar olunana qədər doğru hesab olunurlar. Hazırda, baxmayaraq ki, demokratiya nə bütün dünya miqyasında təcrübədən keçirilib, nə də tamamilə qəbul edilib, ümumdünya ab-havasında demokratik idarəetmə ən doğru yol hesab olunur

Demokratiyanın yüksək legitimlik statusunu, mövcud  demokratik ölkələrdə qeyri-demokratik hərəkat və rejimlərə olan dəstəyin çatışmazlığından sezmək olur.

20-ci əsrdə intellektuallar və akademiklər başda olmaqla, Qərb ictimai rəyində nəinki Marksizmə, həm də Stalinin Sovet İttifaqına, Maonun Çininə, Kastronun Kubasına və Sandinistasın Nikaraquasına önəmli dərəcədə dəstək var idi. Bugünkü demokratik dünyadasa Rusiya, Çin və İran kimi rejimlərə açıq-aşkar arxa çıxılmasına nadir hallarda rast gəlinir. Təbii ki, Qərbin və Birləşmiş Ştatların bu rejimlərə olan münasibətinə böyük tənqidi yanaşmalar var, ancaq, bu, hələ həmin rejimlərin ideologiyalarının dəstəklənməsi mənasına gəlmir.

Baxmayaraq ki, oturuşmuş demokratiyalarda geniş əhali qrupları arasında anti-demokratik alternativlərə, demək olar ki,  aşkar simpatiya yoxdur, ancaq onların ölkələrindəki siyasi vəziyyətdən razılıqları haqda məsələ fərqlidir.  Dözümlülük nöqteyi-nəzərindən baxıldıqda, inkişaf etmiş demokratiyalar kənardan uğurlu idarəetmənin mükəmməl nümunələri kimi görünsələr də, ölkədaxilində böyük siyasi narazılıqlar müşahidə olunur. Bu, əsasən qanunverici hakimiyyətdəki seçilmiş nümayəndələrə qarşı nifrət, tez-tez təkrarlanan  korrupsiya skandalları və siyasi insitutlara inamsızlıqlarla bağlıdır. Üstəlik, siyasi anlamda – ən azından ABŞ-da – artıq hər kəs, güclənən partizanlıq tendensiyası, siyasi diskursun kobudlaşması, problemləri yoluna qoymağın  mümkünsüzlüyü və geniş vüsət almış mədəni tənəzzül haqda xəbərdardır.

Demək olmaz ki, bu şikayətlər haqsız yerədir. Görünən odur ki, inkşaf etmiş dünyada  demokratiya tam sağlam olmasa da, açıq-aşkar  yıxılmazdır. Ola bilsin ki, bu, biraz da  “Çörçil Hipotezi”-in getdikcə daha çox qəbullanması ilə bağlıdır. Çörçill deyirdi ki,







Demokratiya zamanla yoxlanılmış bütün dövlət idarəetmə formalarından ən bərbadıdır”.


Şübhəsiz ki, demokratiya öz cazibədarlığını həm də digər tip rejimlərin uğursuzluqlarına və naqisliklərinə borcludur. Hətta son 30 ildə böyük iqtisadi irəliləyiş və hərbi güc əldə etmiş ÇXR (Çin Xalq Republikası) nümunəsi belə, inkişaf etmiş demokratik ölkələrin vətəndaşlarını inandıra bilmir ki, onlar təkpartiyalı rejimin potensial mənfəətlərindən faydalanmaq üçün azadlıqlarını qurban versinlər. Dünyada miqrasiya axınları da, aşkar üstünlüklə az azad olan ölkələrdən daha azad olan ölkələrə doğrudur.


Liberal Demokratiyanın ikili təbiəti

Maraqlısı budur ki, oturuşmuş demokratik rejimlər vətəndaşlarının keyfiyyət və icraatla bağlı narazılıqlarına baxmayaraq qeyri-adi dərəcədə möhkəm qala biliblər. Bu məqamda, mən, demokratiyanın dözümlülüyünü izah etməyə yardımçı olacaq mümkün ağlabatan yanaşmalardan birini seçirəm. Ancaq bundan əvvəl mənim modern demokratiyanın təbiətini necə qavradığım haqda bir neçə kəlmə:

Demokratiya uzun və dolaşıq tarixə malik bir anlayış olduğundan onu şərh eləmək elə də asan deyil. Bir tərəfdən də demokratiya günümüzdə kifayət qədər mübahisəli konsepsiyadır. Hərfi mənada demokratiya -antik yunan etimologiyasına  əsasən- xalqın gücü və ya idarəetməsi deməkdir. Müasir terminologiyada isə demokratiya adətən çoxluğun hakimiyyəti azad və ədalətli seçkilər vasitəsilə əldə etməsi kimi başa düşülür. Ancaq artıq bu gün tamamilə qəbul olunur ki, çoxluğun hakimiyyəti prinsipi demokratiyanı tam anlamı ilə ifadə edə bilmir. Lezçek Kolakovski 1990-cu ildə “Demokratiya” jurnalının ilk buraxılışında da qeyd edirdi:

Çoxluğun hakimiyyəti prinsipi demokratiyanı anlamaq üçün yetərli deyil. Biz,  teokratik İran və nasis Almaniyası kimi çoxluğun dəstəyindən faydalanan tiraniyalar da görmüşük.Biz 51 faizlik çoxluğun yerdə qalanları cəza almadan qətl edə bildiyi rejimi demokratik adlandıra bilmərik

Liberal demokratiya özü-özü ilə mübarizədə olduğundan “sadəcə daha artıq demokratiya” demokratiyanın problemlərinin həll yolu deyil.

Bu gün demokratik adlandıracağımız rejim təkcə çoxluğun deyil, həm də fərdlərin haqlarını qorumalı, başqa sözlə, bütün vətəndaşlarının azadlıqlarına  qarantiya verməlidir. Adətən bu qarantiyalar yazılı halda konstitusiyada qeyd olunmuş, hökumətin səlahiyyəti isə limitli və hüququn aliliyi ilə məhdudlaşdırılmış olur. Beləliklə, bugünkü demokratiya tez-tez konstitusional və ya liberal demokratiya adlandırılır.

Liberal Demokratiyada fərdin haqları və çoxluğun hakimiyyəti kompontetləri arasındakı qarışıq əlaqə var. Onlar nəinki nəzəriyyədə, həm də praktikada bir-birlərindən ayrılmış halda ola bilirlər və olublar da. Modern dövrdən öncəki şəhər demokratik dövlətləri (fərdi haqların qorunması baxımından) liberal deyildilər və heç olmağa da çalışmırdılar. Avropanın bəzi konstitusiyalı monarxiyaları isə, hətta, demokratik olmasalar da, nisbətən liberal idilər. Britaniya idarəçiliyindəki Honq Konq koloniyasında, baxmayaraq ki rezidentlər idarəetmə prosesində çox aşağı səviyyədə iştirak edirdilər, idarəetmə hədsiz liberal formada idi. Bununla belə, bu gün fərdlərin hüquqları ilə çoxluğun hakimiyyəti demək olar, həmişə tandem təşkil edirlər. “Freedom House” təşkilatının hər il açıqlanan sorğusunun nəticələrinə əlüstü nəzər yetirəndə də, görmək olur ki, mütəmadi olaraq azad və ədalətli seçkilər keçirən ölkələr fərdlərin haqlarını qorumağa meyilli olurlar (və tərsinə).

Beləliklə, biz bu gün demokratiya haqda danışanda sadəcə çoxluğun hakimiyyətindən çox, konsitusional və ya liberal demokratiya haqda danışırıq. O zaman belə çıxır ki, modern demokratiya bir növ hibrid rejim olub, anti-majoritar müddəaları olan çoxluğun hakimiyyətini ifadə edir və bu mənada ikili təbiətə malikdir. Bir yandan, o, nəticə etibarilə xalqın iradəsini təmin edən yollar axtarır, digər yandansa, fərdlərin və azlıqların haqlarını poza bilməsin deyə gündən-günə çoxluğun hakimiyyətini məhdudlaşdırır. Başqa sözlə, o, rahatlıqla maksimallaşdırıla biləcək bir hədəfə yox, iki fərqli və bəzən də bir-birinə rəqib olan hədəflərə köklənir. Liberal demokratiyanın bu ikili təbiəti səbəbilə də “sadəcə daha artıq demokratiya” demokratiyanın problemlərinin həll yolu deyil.

“Federalist Kağızlar”-dan da göründüyü kimi, bu, daxilən gərgin təbiət, modern demokratiyanın təməli atılan andan məlum idi. Bu kağızlarda respublikaçı və ya populyar hökumət “gücünü birbaşa və ya bilavasitə xalqın böyük hissəsindən alan hökumət” kimi başa düşülür (səh.241). Eyni zamanda hakimiyyətin, müəyyən maraqları olan zorba çoxluğun əzici gücündən qorunması da əsas qayğılardandır (səh.77). Mütəşəkkil dəstələrin pis niyyətini nəzarətdə saxlamaq barədə məşhur müzakirələrdə Ceyms Madison bildirir ki, çoxluq – “respublika prinsipi” əsasında – azlığı təmsil edən mütəşəkkil dəstələrin bədxah əməllərinə qanuni seçkilərlə mane ola bilərlər (səh.80). Bundan daha çətin vəzifə isə ictimai əmlak və fərdi hüquqları çoxluğun formalaşdırdığı mütəşəkkil dəstələrdən, “çoxluğun hakimiyyəti” prinsipini zədələmədən, qoruya bilməkdir. (səh.80)

Bu müzakirələrdə, həmin dəstələrin təsirini tənzimləməyə köklənmədən öncə, Madison onun səbəblərini aradan qaldırmağa hesablanmış iki strategiyanı yoxlayaraq gözdən çıxarır. Bunlardan ilki azadlıqların məhdudlaşdırılması ilə bağlı idi. Amma bu, açıq-aşkar arzuolunmazdır və elə sonda həmin dəstələrin formalaşmasına səbəb olur. Praktikasının mümkünsüzlüyü iddası ilə imtina olunan ikinci məsələ isə hər vətəndaşa eyni qədər seçim imkanı verməyi, onları eyni qədər istək və maraqla təmin etməyi nəzərdə tuturdu. Ağlasığmaz səslənməsinə baxmayaraq, ikinci müddəa sonralar nəinki klassik siyasi filosoflar, həm də 18-ci əsrin Monteskyö və Russo kimi öndəgedən fikir xadimləri tərəfindən mənimsənilərək respublikaların önəmli sütunlarından biri halına gələcəkdi.

Bu yanaşmaya əsasən, əgər insanlar özlərini idarə edəcəklər və ictimai nemətlər ətrafında birləşəcəklərsə, o zaman onlar arasındakı fikir və maraq ayrılıqları minimum həddə olmalıdır. Deməli, onlar kiçik siyasi birlik içində yaşamalı və şəxsi maraqlarından ictimai maraqlar naminə imtina etməyi bacaracaq əhval-ruhiyyədə tərbiyə olunmalıdırlar. Mönteskyo bu barədə deyir ki, “burada hər bir şəxs eyni üstünlüklərdən faydalanıb, eyni qədər xoşbəxt olmalıdırsa, deməli, onlar nəticə etibarilə eyni şeylərdən zövq almalı və eyni ümidləri bəsləməlidirlər”. Bu isa ümumi qənaətkarlıq halından başqa formada mümkün deyil. Buna görə də xırda, dəyərlərlə idarə olunan respublika tərəfdarları əsasən kənd təsərrüfatı ağırlıqlı cəmiyyəti dəstəkləyib, ticarətə və onun yaratdığı geniş çeşiddə sərvətə qarşı çıxıblar.

Hərçənd, “Federalist Kağızlarında” müəlliflər bu yanaşmaya qətiyyətlə qarşı çıxırlar. Onlar iddia edirdilər ki, “təmiz demokratiya” fərdi təhlükəsizlik və mülkiyyət hüquqlarının pozulmasına meyilli, daim çəkişmələrlə dolu və qısaömürlü olub. Yəni, vətəndaşlar arasında eyniliyin mümkün qədər praktiki formasını axtarmaq əvəzinə, – Federalist Kağızlarında – təm əksi təklif edilirdi. Onlar düşünürdülər ki, özünüidarə formasında vətəndaşlar arasındakı fərqlilikləri heç olmadığı qədər yüksək səviyyəyə çatdırmaq mümkündür


.


Madison və həmmüəllifləri xüsusilə iqtisadi fəqliliklərə köklənir, sənayenin inkişafının cəmiyyətə qazandırdığı müxtəliflik və mürəkkəbliyə diqqət çəkirdilər.

İqtisadi müxtəlifliyin bir siyasi xeyri də, onun maraq qrupları arasında çarpaz münasibətlər yaratmasıdır


.


Standart varlı-kasıb qarşıdurmasından fərqli olaraq belə formasiyada həm işçilər, həm də sahibkarlar (və ya həm mülkədarlar, həm də xırda fermerlər)  ortaq maraq ətrafında birləşib başqa sektorlara qarşı müxalif mövqedə ola bilərlər. Eyni dinamika dinə münasibətdə də müşahidə olunur. Çoxlu dini sektaların mövcudluğu şəraitində öz ideyalarını yaymaq konkret sektalar üçün getdikcə çətinləşir və eyni zamanda da bir neçə iri sekta arasında böyük toqquşmalar riski də azalmış olur. Belə olan halda, hamı sülh içində birgəyaşayışın yollarını axtarmaqla məşğul olur (səh349).

“Federalist Kağızlar”-da irəli sürülmüş nümayəndəli respublika, hakimiyyət bölgüsü və müxtəlif və mürəkkəb iqtisadiyyat ideyaları sonralar fərdlərin və azlıqların hüquqlarının çoxluğun hakimiyyəti prinsipi pozulmadan təmin olunmasında müstəsna rol oynadı.

Bu məsələlər həm də müasir demokratiyalar tərəfindən mənimsənildi. Madisonun təbirincə, “respublika üsulu-idarəni ən çox narahat edən problemlərə respublikaçı çarəsi-ni” (səh.84) ehtiva edən bu prinsiplərdə hökumət və cəmiyyətin elə tipdə qurulmasından danışılır ki, həm çoxluğun təhlükəli qruplaşmaları məhdudlaşdırılmış, həm də eyni zamanda geniş kütlələrin razılığı və dəstəyi təmin edilmiş olsun.


Populizmin cazibədarlığı

Bununla belə, bu böyük nailiyyət havayı başa gəlmir. Misal üçün, eyni zamanda həm çoxluğun hakimiyyəti, həm də fərdlərin azadlığı kimi prinsipləri qorumaqla liberal demokratiya faktiki olaraq həm çoxluğun, həm də fərdlərin və azlıqların müəyyən narazıçılığına yol açır. Birincilər adətən ictimai iradənin qarşısının kəsildiyi və müxtəlif iqtisadi və digər maraq qruplarının siyasi prosesləri yönləndirərək şəxsi xeyirlərinə xidmət etdirdikləri hissinə qapılırlar. Digər yandan da, azlıqlar tez-tez bu fikrə düşürlər ki, onlar hökumətdən adekvat reaksiya görmürlər və onların maraq və qayğıları seçicilərin dominant çoxluğu qarşısında öhdəlik daşıyan siyasi liderlər tərəfindən gözardı edilir. Tərəflərin təmsilçilərinin iddia etdikləri qədər olmasa da, hər iki düşərgənin şikayətində müəyyən dərəcədə haqlı tərəflər var. Məsələ burasındadır ki, istənilən halda, istər konstitusional, istərsə də azlıqla çoxluğun əziyyətlə uzlaşdığı liberal demokratiyada, kompromislər özlüyündə həm azlığı, həm də çoxluğu qeyri-məmnun edəcək balansdan yaranır.

Hərçənd, hesab oluna bilər ki, müəyyən mənada qarşı fikirləri birləşdirən bu balans daim tərəflərin narazılıqlarına görə hədə altındadır və böyük ölçüdə etibarsız, dayanıqsız olmalıdır. Və əslində, həqiqətən də, hazırda istər cavan, istərsə də köklü müasir demokratiyalarda oxşar narazılıqlara çox rast gəlinir.

O zaman sual yaranır ki, bəs necə olub ki, liberal demokratiya ən azından tarixən formalaşdığı ölkələrdə belə dözümlü qala bilib?

Mümkün açıqlamalardan biri və elə mənim də dilə gətirmək istədiyim odur ki, məlum vətəndaş narazılıqlarının müxtəlif səbəbləri ziddiyyət təşkil edirlər.

Populizm (illustrasiya)
Populizm (illustrasiya)

Hesab etsək ki, liberal demokratiya həqiqətən çoxluğun hakimiyyəti ilə fərd və azlıqların hüquqları arasında uğurlu balansı qoruyur, o zaman bu balans iki yolla pozula bilər – Populizm kimi tanınan  demokratik hərc-mərcliyə yol açan birinci yol balansın demokratik tərəfinin hədsiz şişməsi, yəni fərdlərin və azlıqların özlərini hüquqi müdafiə imkanlarının əhəmiyyətli dərəcədə zəifləməsi halında baş verir.  İkinci yolsa, çoxluğun iradəsinin  və sosial sifarişin ikinci plana atıldığı halda, başqa sözlə, balansın liberal və ya anti-majoritar tərəfinin ağır gəldiyi zaman mümkün olur. Nəzəriyyədə bu fərdiyyətçiliyin güclənməsi kimi görünə bilər, ancaq real dünyanın siyasi səhnəsində yalnız azlıqların cəmindən formalaşan birliklərin çoxluğa qarşı hədsiz güclənməyə real imkanları olur. Mən bu ikinci liberal-demokratik qatma-qarışıqlığı tam ifadə edəcək termin bilmirəm.

Ancaq ola bilər, “radikal plüralizm” termini beynimdəkiləri əhatə etmək üçün yetərli olsun.

Populizm ifadəsinin mənası hazırda sosioloqlarla tarixçilər arasında mübahisə mövzusudur. Konsepsiyanın enişli-yoxuşlu beynəlxalq tarixi 19-cu əsrin sonlarına qədər uzanır. Rus “narodniklər”-i və sonradan 1896-cı ildə Uilyam Cenninqs Brayanın prezidentliyə namizədliyini dəstəkləmiş ABŞ-ın “kənd-təsərrüfatçıları” hərəkatları ilkin nümunələr kimi göstərilir. 20-ci əsr Latın Amerikasındakı bir sıra partiyalar, xüsusilə də Argentinada Xuan Peronu dəstəkləyən partiya da,  əsasən populist olaraq adlandırılır. Bu günsə, əlbəttə ki, Hüqo Çavez və onun təqlidçiləri, Boliviyadan Evo Morales və Ekvadordan Rafael Korrea əsas populistlər sayılırlar. Avropada isə əksinə, bu mənada   üstünlük son olaraq Avstriyadan Yörq Hayder və Fransadan Jan-Mari Le Pen olmaqla sağçı siyasətçilərin tərəfindədir. Tailanda devrilmiş baş nazir Taksin Şinavatranı dəstəkləyən hərəkat da adətən populist hesab olunur.

Bəzi alimlər populist hərəkatlara verilən dəstəyin sosial və iqtisadi bazasına fokuslanmağı lazım bilirsə, digərləri ideologiya və stratejik diskurs nöqteyi-nəzərdən yanaşmağı vacib hesab edir. Yuxarıdakı fikir ayrılığından da göründüyü kimi, populist damğası bir-birindən kifayət qədər fərqlənən lider və hərəkatlara yapışdırılır. Hətta bəzi alimlər, ümumiyyətlə, populizmin həqiqətən özünəməxsus yoxsa, sıradan fenomen olub-olmadığına əmin deyillər.

Mən bu təyinedici debatın detallarına enməyi düşünmürəm. Mən hazırda bu ifadəni istifadə edərkən, nə bir tarixi fenomenə, nə də sosial-iqtisadi quruluşa istinad edirəm. Niyyətim, müasir demokratiyalarda əksərən latent halda rastlanılan geniş yayılmış tendensiyaya işarə etməkdir. Məlum fikir ayrılıqlarına baxmayaraq, sosioloqların populizmə verdiyi geniş qəbul olunmuş məna mənim nəzərdə tutduğumla uyğunluq təşkil edir.

Demokratiya Ensiklopediyasında

“Populizm”üçün təklif olunan izahda yazılır:

“İmtiyazlı elitanın əksinə olaraq siravi vətəndaşların maraq, mədəni xüsusiyyət və kortəbii hislərinə diqqət çəkən siyasi hərəkat. Bu hərəkatlar legitimliyini, balans və ya azlıqların hüquqları diqqətə alınmadan, kütləvi toplantılar, referendum və digər majoritar demokratiya formalarının fonunda birbaşa  çoxluğun iradəsindən əldə edir”.

O dəqiqdir ki, populizm özündə liberalizm və ya konstitusionalizmlə düz gəlməyən demokratiya anlayışını ehtiva edir. (başda Çavez nümunəsi olmaqla, Latın Amerikasındakı müasir dövr populist liderlər yeni konstitusiyaların qəbul olunması təkliflərini irəli sürürlər. Məqsədsə hazırki konstitusiyalarda hakim gücə qoyulan məhdudiyyətləri aradan qaldırmaq olur). Populizm özünü – təbii ki, imtiyazlı elita və onun nümayəndələrini çıxmaq şərtilə – xalqın bütünləşmiş halı və təmsilçisi kimi qələmə verdiyindən majoritar anlamda demokratik olaraq qalır. Məsələyə azlıqların mövqeyindən yanaşılanda populist mesajlar cazibəsini itirir.


P




opulistlər qəbul etdikləri şeyin xalqın iradəsini əks etdirməsini istəyirlər -adətən bu iradə xarizmatik populist lider tərəfindən yönləndirilir – və bunu mümkün qədər maneəsiz ve gecikməsiz həyata keçirtmək arzusunda olurlar.


Buna görə də, onların liberalizmin önəmli hesab etdiyi prosedural incəliklərə və fərdlərin hüquqlarının qorunması kimi məsələlərə elə də dözümləri olmur.

Populist doktrinalar “xalq” ilə onu əzən elita arasında kəskin müxalifliyə səslədiyindən populistlər varlılara, maliyyə kapitalına və iri korporasiyalara qarşı düşmən mövqeyi tuturlar. Anti-Madisonçu ritorikada onlar iqtisadi sinifləri azaldaraq sadəcə iki sinfi önə çəkirlər: “varlılar” və “digərləri”. Təsəvvür yarana bilər ki, populistlər xalqın belə geniş miqyaslı bölgüsünü yaxşı pul qazanmayan qrupları qucaqlamaq üçün ediblər.


Ancaq populist düşüncə dünyanı heç də iqtisadi mənada qavramır.


Faktiki olaraq, populist hərəkatlar mədəni, linqvistik, dini və irqi azlıqlara qarşı antaqonist mövqe tutmağa meyilli olurlar. Populizmdə adətən milliyətçilik ruhlu hakim olur və onlarda immiqrantlar və ümumilikdə immiqrasiyaya qarşı ədavət müşahidə olunur. Populistlər əhalini həm mədəni, həm də iqtisadi anlamda homogen və ya yekcins qruplar halında görməyə çalışırlar. Belə olduğu zaman, mədəni xüsusiyyətlərinə görə, çoxluqdan fərqlənənlər daha çox xalqın düşməni hesab olunurlar, nəinki potensial müttəfiq.

Populizmin cazibədarlığı, “

Federalist Kağızlar”-

da müdafiə olunan liberal demokratik düşüncə tərzini təhlükə altında qoyur.  Ancaq eyni zamanda, populist ritorikanın və hətta populist hərəkatların yenilənməsi, belə demək mümkünsə, liberal demokratiyanın xeyrinə ola bilər. Çünki bununla liberal demokratiya əsasını götürdüyü çoxluğun hakimiyyəti prinsipindən uzaqlaşma meylini korrektə edə bilər. Əks halda, passiv qalacaq qrupların siyasətə cəlb olunmasını təmin edən populist hərəkatlar, digər yandan onlara verilmiş imtiyazlarla çox irəli getmiş və ictimai rəyin qayğılarından uzaqlaşmış elita və vəzifəli şəxslər üçün həyəcan təbili rolunu oynaya bilər. Qısası, bütün bunlar liberal demokratiyanı liberal tərəfin hədsiz güclənməsi və demokratik tərəfin gözardı edilməsindən qoruya bilər.


Plüralizm və Multikulturalizm

Yuxarıda qeyd elədim ki, liberal tərəfin populizmə qarşılıq olaraq hədsiz güclənməsinə  radikal plüralizm tərifini vermək olar. Bu ifadəni açmaq üçün əvvəlcə plüralizmin mənasını xırdalamağa ehtiyac yanarır. Sözün əsas mənası “çoxnövlülük”, “çoxçeşidlilikdir”. Təknövlülük və yeganəlik isə bu sözə əks mənaları verir. Beləliklə, o siyasi anlamda siyasi səhnədə güc əldə etməyə çalıışan qrupların geniş çeşidlililiyini, fərqliliyini ifadə edir. “Federalist kağızlar” qələmə alınanda bu sözdən istifadə olunmasa da, plüralizm müəlliflərin müdafiə etdiyi liberal-demokratiya anlayışına tamamilə uyğun gəlir.  Onların fikrincə, həm iqtisadi maraqların, həm də dini qruplaşmaların müxtəlifliyi azadlıqlar və özünü-idarə üçün münbit şərait əmələ gətirməklə yanaşı, münaqişələri tənzimləməyə imkan verir, üstəlik, bu müxtəliflikdən doğan maraqların mübarizəsi də müasir günün qanunvericiliyinin başlıca vəzifəsini müəyyən edir (səh.79).


Plüralizm sözünün öz məşhurluğuna çatması İkinci Dünya Müharibəsini izləyən onlilliklərə təsadüf edir. Bu dövrdə tanınmış amerikalı politoloqlar Robert Dahl və David.B Truman  siyasətdə maraq qruplarına dair Madisonçu dünya görüşünü ifadə etmək üçün “plüralizm”-dən istifadə edirdilər.

Britaniyanın müxtəsər ensiklopediyasında plüralizmə aşağıdakı tərif verilir:

Siyasət – liberal demokratiyalarda güc – müxtəlif tip iqtisadi və ideoloji maraq qrupları arasında paylanır (və ya paylanmalıdır) və yalnız elitada və ya elitalar qrupunda cəmləşmir (və ya cəmləşməməlidir)

Son onilliklərdə pluralizm sözü iqtisadi maraqlardan çox etnik, mədəni və ya dini qrupların maraqları ilə bağlı, xüsusilə də bu azlıqlara öz həyat tərzlərini və özünəməxsus ənənələrini həyata keçirməyə imkan yaratmaq üçün istifadə olunur.


Bu anlamda istifadə olunduqda, onun mənası oxşar konsepsiya olan “multikulturalizm” ilə yaxınlıq təşkil eləyir. Amma multikulturalizm əxlaqi və siyasi məqsəd və hədəflərində nəzərə çarpacaq qeyri-müəyyənliklər var. O müxtəlif nəzəri konsepsiyalar və siyasi praktikalara istinad edir. Məsələn, azsaylı qrupların ümumi mədəniyyətə verdiyi töhvəni dəstəkləməkdən tutmuş, hansısa bir cəmiyyətdə müxtəlif mədəniyyətlərin bir yerdə mövcudluğunun mümkün olmamasını ifadə etməsinə kimi.

Bu mənada, uzun vədədə, mədəni plüralizmin radikal versiyası demokratiyanın istər liberal, istərsə də demokratik komponentlərinə açıq-aşkar hədə kimi görünə bilər.

Multikulturalizm (illüstrasiya)
Multikulturalizm (illüstrasiya)

İlk növbədə, əgər cəmiyyətdə mədəni qruplar güclənəcəksə, bu zaman onların hüquqları ilə üzvlərinin fərdi hüquqları arasında potensial münaqişə yarana bilər. Eyni zamanda, radikal plüralizm xalqın özünü-idarə qurumlarının zəifləməsi üçün təhdid ola bilər. Əgər bir cəmiyyəti əmələ gətirən fərdlər və qruplar başlıca siyasi konsensusa şərait yaradan müəyyən fundemantal prinsip və ya sənədlər üzərində razılaşa bilməsələr, o zaman,  çətin ki, onlar özlərini birlikdə bir xalq kimi görə və çoxluğun hakimiyyətinə hörmətlə yanaşmağa məcbur hiss edə. Bəlkə də, bu problem ilə bağlı ən aydın nümunə kimi Bosniya və Hersoqovinada demokratiya qurmaqla bağlı yaranan çətinlikləri göstərmək olar. Ancaq ümumi götürdükdə, bu çətinliklər daha az ekstremal formalarda da olsa, bütün dərindən bölünmüş cəmiyyətlərdə mövcuddur. Və geniş ölçülü miqrasiya axınlarının dünyanın bir çox hissəsində xalqları qaynayıb-qarışdırdığı bu günün şərtlərində, problem daha öncələr nisbətən homogen hesab  olunan cəmiyyətlərdə ortaya çıxmaqdadır. Buna parlaq nümunə Avropanın müsəlman immiqrantları salamlamaqla bağlı üzləşdiyi çətinliklərdi.

“Federalist Kağızlar”-ın müəllifləri həddindən artıq müxtəlifliyin yaradacağı təhlükəyə qarşı birbaşa qarşı çıxmasalar da, Federalist 2-də Conni Cey təsdiqləyərək bildirir ki:

Amerikalılar eyni əcdadlardan törəyən, eyni dili danışan, eyni dinə qulluq edən, idarəetmənin eyni prinsiplərinə bağlı, davranış və ənənələrində çox oxşarlıqları olan, silah, səy və məsləhətləşmələrini birləşdirib çiyin-çiyinə uzun və qanlı yoldan döyüşərək keçib,  azadlıqları və müstəqilliklərinə  mərdcəsinə nail olmuş vahid bir xalqdır. (səh.38)

Amerikanın sonrakı inkişafı göstərdi ki, bu ortaq göstəricilərin heç də hamısı demokratiyanın çiçəklənməsi üçün zəruri deyil və demokratik idarəetmənin prinsiplərinə güclü ortaq əlavələr digərlərinin yoxa çıxmasına gətirə bilər.

Bununla belə, ortaq dil kimi amillər özünüidarəetmə üçün çox önəmlidir. Digər yandan Hindistan nümunəsi göstərir ki, liberal demokratiyalar çox dərindən bölünmüş cəmiyyətlərdə də işləyə bilər, baxmaraq ki, kəskin mədəni və linqvistik fərqlərin işi çətinləşdirdiyinə şübhə yoxdur.

Kimsə deyə bilər ki, iqtisadi və dini rəngarəngliyin müəyyən dərəcəsi Federalistin müəlliflərinə, fərdlərin hüquqlarına olan təhlükələri və çoxluğun idarə etdiyi hakimiyyəti tənzimləmək üçün faydalı mexanizm kimi lazım olub. Ancaq  müxtəliflik, heç də, bəzən plüralizmin müasir nümayəndələri tərəfindən iddia oldunduğu  kimi özlüyündə yaxşı bir şey  ya da  siyasi və  sosial fəaliyyətin hədəfi hesab olunmur

.

Liberal demokratiyanın ən geniş çeşiddə müxtəlif mədəniyyətləri və həyat tərzlərini qonaqpərvərliklə görüşdürməli olduğu fikri, – bu, bəzən “dəyər plüralizmi” adlanan fəlsəfi doktrinanın kökü hesab olunur – rəngarənglik anlayışını “Federalist Kağızları”nda tutduğu mövqedən daha yüksəkdə tutur.

Pluralizmə münasibətdə radikal müasir (postmodern) öhdəliklər özü özlüyündə liberal demokratiyaya problem yaratsa da, o, inkşaf etmiş demokratik cəmiyyətlərdə populist meyilləri nəzarət altında saxlamağa kömək edir. Yuxarıda da qeyd edildiyi kimi, populizm adətən milliyətçiliklə müşahidə olunur və etnik və dini azlıqlara qarşı düşmən mövqeyi tutur. Məhz bu səbəbə görə, “digərinə” hörmətsizliyin böyük qəbahət sayıldığı Qərbdə,  populizm yayğın mənəvi və siyasi düşüncə üçün qəbuledilməzdir. Çoxluğun azlığa düşmənçiliyinə və laqeyidliyinə siyasi ədalət və saflıq kimi yox, mümkün qədər şübhəli baxılmalıdır.

Beləliklə, Avropanın populist liderləri və hərəkatları immiqrantlara və azlıqlara düşmən mövqe tutmaqla xeyli sayda dəstək əldə edərkən, həm də cəmiyyətin böyük hissəsi tərəfindən onları hakimiyyətə gəlməyə əngəlləyən böyük qınaga məruz qalırlar.


Demokratikləşmə ətrafında debat

Radikal islamçılardan başqa, çoxluq prinsipinin əleyhinə heç bir açıq müxalifət olmasa da, çoxluğun hakimiyyəti prinsipi liberal demokratiyanın digər aspektləri qədər ehtirama malik deyil. Bu soyuq müharibənin sonundan etibarən meydana çıxan demokratilkləşmə müzakirələrinin dinamikasından aydın görünürdü. Bu müzakirələr, Farid Zəkəriyyə tərəfindən hakimiyyətini azad və ədalətli seçkilər vasitəsilə seçən ancaq hüququn aliliyi, fərd və azlıqların hüquqlarının qorunması kimi məsələlərdə axsayan rejimlər üçün “illiberal demokratiya” termininin təklifi ilə yeni istiqamət götürüb. Zəkəriyyəni tənqid edənlərin çoxu, o tip ölkələrdə seçkinin keçirilməsini müdafiə etməklə yanaşı, heç biri hüququn aliliyini, fərdi azadlıqları pisləməyib və ya çoxluğun iradəsinin bu məsələləri üstələməli olduğunu müdafiə etməyib. Digər tərəfdən də, Zakariyyə və başqaları da çoxluq üzərində liberal nəzarətin yerində olmadığı ölkələrdə seçkilərin keçirilməsinin əhəmiyyətini şübhə altına alıblar.

 Bunu da qeyd etmək lazımdır ki, əvvəllər idarəetmənin insanlara daha da yaxınlaşması göstəricisi kimi dəstək görən daha sıx-sıx keçirilən seçkilər, referendum və s. tipli meyarlar bu günlərdə çox az insan tərəfindən dəstəklənir. Ən azından qabaqcıl demokratik ölkələrdə populist yanaşmalar intellektual dəstəkdən məhrumdurlar. Mən deyərdim ki, bu, qismən də, intellektual müxtəliflik və fərqliliyin nəticəsidir. Hətta majoritanianizm etibarını itirsə belə, çoxluq prinsipi və onu dəstəkləyən insanların bərabərliyi prinsipi dəyişilməz qaldığı müddətdə, çətin ki, tamamilə kənara atıla.

Mənim gəldiyim nəticə budur ki, liberal demokratiya öz möhkəmliyini iki aparıcı daxili müxalif mənbənin-populizm və radikal plüralizm- bir-birinə təbiət etibarı ilə zidd olmasına borcludur. Hər iki tendensiya müxtəlif dərəcədə müxtəlif demokratik qruplarda işləyirlər, amma bəlli bir dərəcədə onlar bir-birlərini durdurmağı bacarırlar. Bu analiz doğru olsa belə, liberal demokratiya tərəfdarlarında rahatlıq yaratmamalıdır. İlk olaraq, bu vaxta qədər düzgün olan gələcəkdə olmaya bilər. Bundan əlavə, 1980-ci ildə yazan bir nəfər məntiqi olaraq deyə bilərdi ki, birləşmiş kommunist rejimləri yıxılmasaydı, onlar alınmaz olaraq qalacaqdılar.  Ayrıca, populizm və plüralizm arasındakı müharibəyə keçici ara verən intellektual cərəyanlar zamanla dəyişə bilər.

Ümumiləşdirsək, burda qeyd etdiyim özününizamlama mexanizmi liberal demokratik rejimləri zəruri müdafiə ilə təmin edə bilər, ancaq bu, o demək deyil ki,  bu sistem liberal demokratiyanın üstünlüklərinə dərindən bağlı olan və onu yüksək qiymətləndirən vətəndaşlara uzun vədədə əvəzləyici ola bilər.


Tərcümə etdi: Murad Rüstəm


Mənbə: Journal of Democracy  – Demokratiya Jurnalı

Ana səhifəAnalitikaPost-kommunizmin 20 ili