Mark F. Platner “Demokratiya Jurnalı”nın əsasını qoyanlardan biridir. Onun məşhur “Sərhədsiz demokratiya. Liberal demokratiya üçün qlobal çağırışlar” kitabı 2008-ci ildə nəşr edilib
21-ci əsrin ilk onilliyi dünyada demokratiyanın vəziyyəti baxımından o qədər də uğurlu dövr olmadı. 20-ci əsrin son rübündə qeyri-adi nailiyyətlər qazandıqdan sonra, onun genişlənmə tempi yavaşımağa başladı, hətta müəyyən mənada aşınmağa başlayacaqmış kimi signallar verdi. “Freedom of House”nin illik hesabatına əsasən, ardıcıl üç ildə dünyada demokratiyanın genişlənməsi prosesi bəlli həddə qədər geriləyib. On il əvvəl Serbiyada, Gürcüstanda, Ukraynada, hətta Qırğızıstanda baş verən uğurlu “rəngli inqilablar” demokratiyaya ümidlənmək üçün ilham mənbəyi olmuşdu, lakin bu ölkələrdə sonradan baş verən hadisələr ümumi bir məyusluq yaratdı. Bundan əlavə, rəngli inqilablardan xoflanan müxtəlif coğrafiyalardakı qeyri-demokratik rejimlər özlərinə dost olan avtokratların müvəffəqiyyətsizliklərindən çox şeylər öyrəndilər, məhz buna görə də onlar öz ölkələrində müxalifətin və vətəndaş cəmiyyətinin fəaliyyət meydanını daraltmaqdan ötrü demokratiyaya qarşı “backlash” (kontur-reaksiya), yaxud “pushback” (geri itələmə) adlanan fenomenləri işə saldılar.
Digər məsələ Larri Dayomondun “demokratik durğunluq” adlandırdığı məfhum idi, belə ki, dünyanın avtokratik liderləri müxtəlif şərhçiləri “avtoritar kapitalizm”in demokratiyaya alternativ kimi ortaya çıxmasından bəhs etməyə təşviq edərək, yeni bir tendensiya sərgiləməyə başladılar. 1990-cı illərdə siyasətşünaslar avtoritar rejimləri keçidlər hesab etməyə meyilli idilər və bu rejimləri əsasən onların demokratiyanı əxz etmək potensialları baxımından tədqiq edirdilər. Sonradan isə mütəxəssislər bu rejimlərin dayanıqlığından mütəəssir oldular və onların nəyə görə müqavimət göstərə bilmələrinə, tez-tez kifayət qədər stabil qala bilmələrinə (Endryu Nathanın Çin haqqında yazarkən “avtoritar dözümlülük” adı verdiyi fenomen) köklənməyə başladılar. Digər qeyri-demokratik rejimlərin, xüsusilə Orta Şərq və keçmiş Sovet İttifaqındakıların hakimiyyətdə qalmaqda heyratamiz dərəcədə uğurlu olduqları danılmaz həqiqətdir, bu mənada onların sağ qalmaq bacarıqlarını araşdırmaq yaxşı fikir olardı.
Ancaq eyni zamanda avtoritar rejimlərin dayanıqlığına həddindən çox köklənmək demokratiyanın dayanıqlığını görməzdən gəlməyə, yaxud onu qiymətləndirməməyə də gətirib çıxara bilər –zənnimcə, bu, elə mövzudur ki, yenidən diqqət göstərilməyə layiqdir. Demokratiya son illərdə çoxlu əngəllə üzləşsə də, faktiki olaraq o, çox gözəl şəkildə ömrünü sürdürür. İlk növbədə, əvvəlki dövrdən estafeti alan və 1974-cü ildə başlamış demokratiyanın üçüncü dalğası hələ ki, yerini “əks dalğa”ya verməyib, yəni, demokratik böhran yaşayan ölkələrin sayı əslində yeni demokratiya əldə etmiş ölkələrin sayını ötmür. Larri Dayomondun qeyd etdiyi kimi, son illərdə demokratik uğursuzluğa, yaxud geriləməyə məruz qalan ölkələrin sayının çoxalması həqiqətdir, ancaq davam gətirə bilməyən demokratik rejimlərin hamısı da təzələrdi. Buna görə də bir mənada, yaxşı oturuşmamış, yaxud möhkəmlənməmiş demokratiyalar heç də itirilməyiblər. Adambaşına düşən ÜDM-in həcminə görə böyük uğurlar qazanmış ölkələrin heç birində isə demokratik uğursuzluğun u-suna belə rast gəlinmir.
Əlbəttə, bu, bir mənada demokratik rejimlərin təkcə öz vətəndaşları arasında deyil, həmçinin dünyada da yüksək dərəcədə legitimliklərinin olmasından qaynaqlanır. Demokratiyanın üstün tutulduğunu beynəlxalq və yerli təşkilatların mövqeyindən, qeyri-demokratik rejimlərin belə demokratik olmağa iddia etmələrindən və dünyanın istənilən bölgələrində aparılan ictimai rəy sorğularından bilmək olar. Amartya Sen-in yazdığı kimi:
İstənilən yaş və sosial mühitdə ümumi bir qayda kimi – kompüter proqramının “default” qurğusu kimi –qəbul olunan bəzi geniş yayılmış inanclar vardır; onlar ta o vaxtadək düzgün hesab olunurlar ki, o, necəsə qəti şəkildə inkar edilməyə başlanır. Demokratiya qlobal miqyasda təcrübədən keçirilməsə də, qlobal miqyasda qəbul olunmasa da, ümumi olaraq dünya düşüncəsində o, düzgün idarəçilik forması kimi qəbul olunmaq statusu qazanıb.
Demokratiyanın böyük miqyasda legitim olduğunu oturuşmuş demokratik ölkə vətəndaşlarının qeyri-demokratik cərəyanlara və rejimlərə rəğbət göstərməməsindən görmək olar. İyirminci əsrdə Qərb ictimai düşüncəsində, xüsusilə akademiklər və intellektuallar arasında təkcə Marksizmə deyil, Stalinin Sovet İttifaqına, Mao-nun Çininə, Kastronun Kubasına və Sandinistaların Nikaraquasına kifayət qədər rəğbət vardı. Bu gün isə demokratik dünyada Rusiya, Çin, yaxud İran kimi rejimlərə açıq dəstək göstərildiyini nadirən görmək olar. Əlbəttə, Qərbin, xüsusilə ABŞ-ın bu ölkələrə dair apardığı siyasət ciddi şəkildə tənqid olunur, lakin bu, qeyri-demokratik rejimlərin ideoloji iddialarını qəbul etmək mənasına gəlmir.
Oturuşmuş demokratik ölkələrin vətəndaşları arasında antidemokratik rejimlərə açıq simpatiya olmasa da, o demək deyil ki, bu ölkələrin vətəndaşları öz ölkələrindəki siyasi situasiya ilə tamamilə razıdırlar. Demokratikləşməkdə olan ölkələrin perspektivindən baxanda oturuşmuş demokratiyalar bir xəyal olaraq görünə bilərlər, lakin bu, həmin ölkələrin daxilində olan ümumi qənaət deyil, burada siyasətlə bağlı narazılıq çox yayğındır. Bu, elə siyasətçilərə (xüsusilə qanunverici hakimiyyətdə təmsil olunanlara), tez-tez özünü göstərən qalmaqallara, korrupsiyaya və siyasi institutlara olan narazılıqda özünü göstərir. Bundan başqa, Qərbdə, ən azından ABŞ-da siyasi spektrdə özünü biruzə verən tərəfbazlıq, siyasi müzakirənin kobudlaşması, işləri görüb tamamlamamaq bacarıqsızlığı və geniş kültürəl çöküşlə bağlı əndişələr artıb.
Bu şikayətlərin çoxunun əsasının olmasını inkar etmək çətin olardı. Buna baxmayaraq, inkişaf etmiş dünyada demokratiya sarsılmaz olmasa belə, dayanıqlı olaraq qalır. Bu, bir mənada “Çörçil hipotezisi”nin getdikcə daha çox qəbul edilməsi ilə bağlı ola bilər:
“Demokratiya ən pis dövlət idarəçiliyi formasıdır, amma əvvəllər sınanmış bütün digər idarəçilik formalarını istisna saysaq”. Bu, birmənalı olaraq belədir: digər rejim formalarının uğursuzluğa düçar olması və geriyə düşməsi demokratiyanın cəlbəediciliyinin artmasına səbəb olub. Hətta son 30 ildə Çin Xalq Respublikasının iqtisadi artım və hərbi güc əldə etməsi kimi heyratamiz uğur nümunələri demokratik ölkə vətəndaşlarını öz azadlıqlarını fəda edərək, bir partiyalı sistemin faydalarından yararlanmağa təşviq edə bilməyib. Dünyadakı miqrasiya marşrutu qeyri-azad ölkələrdən azad ölkələrə doğru olmaqda qalır.
Liberal demokrtiyanın ikili təbiəti
Demokratik ölkələrin vətəndaşları keyfiyyət və performans baxımından narazı olsalar da, bu ölkələrin qeyri-adi möhkəmlik sərgiləməkdə davam etmələri əlahiddə məsələdir. Buna görə də mən demokratiyanın möhkəmliyini vurğulamaqdan ötrü daha bir məqamı nəzərinizə çatdırmaq istərdim. Bunu etməzdən əvvəl isə modern demokratiyanın təbiəti ilə bağlı nə düşündüyümü sizə çatdırmaqda fayda var.
Demokratiyanın anlayış və konsept baxımından bunca uzun və kələ-kötür tarixə malik olması bir çox məqamdan xəbər verir. O, həmçinin dövrümüzün ən çox mübahisələrə səbəb olan konseptidir. Demokratiyanın hərfi tərcüməsi – xalq hakimiyyəti – etimologiyasından göründüyü kimi antik Yunanıstana gedib çıxır. Müasir anlamda o, azad və ədalətli seçkilərdə öz əksini tapmaqla çoxluğun hakimiyyəti kimi başa düşülür. Lakin demək olar ki, universal şəkildə qəbul olunduğu kimi çoxluq özlüyündə demokratiyanın müasir anlayışını tam əhatə etmir. 1990-cı ildə “Demokratiya Jurnalı”nın elə ilk nömrəsində Leszek Kolakovski bu barədə yazmışdı: “Çoxluq hakimiyyəti prinsipi özlüyündə demokratiyanı formalaşdırır mənasına gəlmir; Nasist Almaniyası və İran teokratiyası daxil olmaqla, tiran rejimlərin çoxluğun dəstəyini aldıqlarını çox yaxşı bilirik. Əhalinin 51 faizinin 49 faizini cəza almadan qıracağı bir rejimi biz demokratik adlandıra bilmərik”.
Bu gün özünü demokratik adlandıran quruluş fərdlərin və azlıqların da hüquqlarını qorumalıdır, başqa sözlə desək, o, vətəndaşlarının azadlığına və müstəqilliyinə zəmanət verməlidir. Bu zəmanət bir qayda olaraq özünü konstitusiyada tapır və dövlət hakimiyyəti qanunun aliliyi fonunda məhdudlaşır. Bu mənada demokratiya tez-tez konstitusiyalı, yaxud liberal demokratiya adlandırılır.
Liberal demokratiyanın iki komponenti – fərdin hüquqları və çoxluğun hüquqları – arasındakı münasibətlər çox mürəkkəbdir. Onlar təkcə nəzəriyyədə deyil, praktikada da ayrılmalıdırlar və ayrılırlar. Moderndən əvvəlki demokratik şəhər-dövlətlər liberal deyildilər (fərdlərin hüquqlarını qorumaq mənasında) və buna can da atmırdılar. Bəzi Avropa konstitusiya monarxiyaları demokratik olmasalar da, nisbətən liberal idilər. Britaniya müstəmləkəsi altındakı Honkonq olduqca liberal idi, baxmayaraq ki, insanların necə idarə olunmaları barədə olduqca az təsəvvürləri vardı. Bugünkü dünyada isə çoxluğun hakimiyyəti ilə fərdi hüquqların müdafiəsi demək olar hər zaman tandem şəklində öz əksini tapır. “Freedom House” təşkilatının sorğularına qısa baxış atmaq kifayətdir ki, müntəzəm olaraq azad və ədalətli seçkilər keçirən ölkələrin fərdi hüquqları əksərən qoruduğunu görəsən.
Buna görə də biz bugünkü dünyanın demokratiyasından danışanda təkcə xalqın hakimiyyətindən deyil, liberal, yaxud konstitusiyalı demokratiyadan da danışırıq. Modern demokratiya ikili xarakterə sahibdir –belə ki, o, özlüyündə xalqın hakimiyyətini qeyri-kütləvi forma halına gətirən hibrid bir rejimdir. O, xalqın suverenliyini tam mənada təmin edir, ancaq eyni zamanda çoxluğun gündəlik hakimiyyətini məhdudlaşdırmaqla fərdlərin və azlıqların hüquqlarını qoruyur. Başqa sözlə desək, o, qarşısına maksimallaşdırılması mümkün olan təkcə bir məqsədi deyil, bir-birilə rəqabətdə olan iki və ya da daha çox məqsədi qoyur. Demokratiyanın problemlərinin həlli daha çox demokratik olmaqdan keçmir, çünki liberal demokratiya özü ilə mübarizədədir
Bu mübarizənin təbiətini modern demokratiyanın doğulduğu anda axtarmaq lazımdır, bunu əyani olaraq “Federalist”də (18-ci əsrdə amerikalı mütəffəkirlərin əsasən demokratiya mövzularını işlədikləri esselərdən və məqalələrdən ibarət toplu – tərc.) oxumaq olar. “Bütün gücünü birbaşa, yaxud dolayı yolla xalqın geniş kütlələrindən alan dövlət”i (səh. 241) ayırd etməklə, bu əsər “kütləvi”, yaxud “respublikaçı” dövləti açıqca dəstəkləyir. Eyni zamanda isə onun əsas qayğısı dövləti “maraqlı və basqıcı olan çoxluğun böyük gücün”dən (səh.77) qaynaqlanan təhlükələrdən qorumaqdan ibarətdir. Zərərli fraksiya ilə mübarizə haqqında “Federalist” 10-dakı məşhur müzakirədə Ceyms Medison qeyd edir ki, yalnız azlıqları təmsil edən fraksiyalar “çoxluğa öz zərərli baxışlarını müntəzəm olaraq səsvermə yoluyla gerçəkləşdirməyə imkan verən respublikaçı hüququ prinsipindən” yoxlanışdan keçə bilərlər. İctimai mənafeni və fərdi hüquqları çoxluğun fraksiyalarından qorumaq və bunu “xalqın dövləti forması və məğzindən” ayırmadan etmək – hədsiz çətin olan tapşırıq bax budur.
Müzakirənin əvvəlində, fraksiyanın təsirlərinin hansı vasitələrlə nəzarət altına alına biləcəyinə köklənməzdən əvvəl, onun səbəblərini aradan qaldırmaqdan ötrü Medison iki strategiyanı sınaqdan keçirir və dərhal da bunlardan imtina edir. Birincisi, aydındır ki, fraksiyaların formalaşmasına imkan verən azadlığı ləğv etmək barədə arzuolunmaz qərardır. İkincisi, “hər vətəndaşa eyni düşüncələri, eyni ehtirasları və eyni maraqları” (səh. 78) verməyi nəzərdə tutan və ona “praktikadan kənar” adı verərək imtina edilən yanaşmadır. Bu sonuncu yanaşma bizə nə qədər qeyri-təbii görünsə də, nəzərə almaq lazımdır ki, bu, təkcə klassik siyasət filosoflarının deyil, həmçinin Monteskyö və Russo kimi 18-ci əsrin aparıcı mütəfəkkirləri tərəfindən respublika hökumətinin vacib pilləsi kimi əsas tutulurdu.
Bu yanaşmaya əsasən, əgər insanlar öz-özlərini idarə etsələr və ictimai mənafe üçün çalışsalar, onların baxışlarındakı və maraqlarındakı fərqliliklər minumuma enər. Onlar kiçik vahid siyasi birlik daxilində yaşamalı və ictimai mənafeni öz şəxsi maraqları kimi üstün tutmağa sövq edən məziyyətlərlə tərbiyə olunmalıdırlar. Bundan başqa, Monteskyönün təbirincə desək, “Nəzərə alsaq ki, hər bir fərd eyni xoşbəxtlikdən və eyni mənfəətlərdən yararlanmalıdır, o zaman onların hər biri nəticə etibarilə eyni həzlərdən və ümidlərdən dadmalıdırlar, lakin bunu qıyımsız kütlədən gözləmək olmaz”. Məhz bu səbəbdən kiçik, xeyirxah respublikanın tərəfdarları ümumən dominant olan aqrar cəmiyyəti dəstəkləyirdilər və kommersiyaya, o cümlədən zənginliyə səbəb olan hədsiz sinifləşməyə qarşı idilər.
“Federalist”in müəllifləri isə bu baxışa birmənalı şəkildə qarşı çıxırdılar. Onlar iddia edirlər ki, “Saf demokratiyalar” çəkişmələrə məruz qaldıqlarına və fərdi təhlükəzisliyi və mülkiyyət hüquqlarını pozmağa meyilli olduqlarına görə hər zaman qısa ömürlü olublar. Buna görə də vətəndaşlar arasında böyük praktiki birliyə nail olmağa çalışmaqdansa, “Federalist” tamamilə əks kursu götürür: “Əvvəllər özünü idarə edən dövlətdə mümkün olduğu güman edilən vətəndaşlar arasındakı müxtəliflikləri ən yüksək həddəcən çoxaltmaq”.
Medison və həmmüəllifləri əsasən iqtisadi fərqliliklərə diqqət yetirirlər və onlar sənayenin inkişafını “xalqın işlərinə fərqlilik və müxtəliflik” (s. 349) verən məfhum kimi qiymətləndirirlər. Diversifikasiya olmuş iqtisadiyyatın üstünlüyü ondadır ki, o, maraq qrupları arasında çalın-çarpaz bölünmələr yaradır. Kasıblar bir-birinə əks getməkdənsə – ola bilsin sənaye işçiləri və manufakturaçılar (yaxud həmçinin mülkədarlar və kiçik fermerlər) digər sektorlara qarşı birlikdə mübarizə aparmaq üçün bəzən ümumi dil tapa bilsinlər. Oxşar cəbhələşmə dində də öz əksini tapıb. Həddindən çox dini sektalar olanda bir sekta üçün öz iradəsini yeritmək çətinləşir, hədsiz çox kiçik təriqət qrupları arasında böyük toqquşmaların olması ehtimalı azdır, ona görə də onlar birlikdə mövcud olmaq üçün “modus vivendi” (birgəyaşayış) axtarmağa meyilli olurlar.
“Federalist”də öz əksini tapan baxış – qanunverici orqanda təmsilçilik kimi qeyd olunan böyük respublika, hakimiyyət bölgüsü, mürəkkəb və diversifikasiya olunmuş iqtisadiyyat – bütövlükdə fərdlərin və azlıqların hüquqlarını qorumaq baxımından heyratamiz dərəcədə uğurlu olub, özü də xalq dövlətinin ürəyi sayılan kütləvilik prinsipinə xələl gətirmədən. Müasir dünyadakı demokratik ölkələr bu prinsipi bütövlükdə əxz ediblər. Medisonun təbirincə desək, o, “respublika dövlətinin başına gələn xəstəliklər üçün respublikaçı dərman” (səh. 84) funksiyasını yerinə yetirir – bu dövləti və cəmiyyəti elə yolla strukturlaşdırır ki, kütlələrin təfriqəçiliyi məhdudlaşır, lakin bunu həm də elə yolla edir ki, xalqın böyük bir kəsimi ona tam dəstək verir və rəğbət bəsləyir.
Şirnikləndirici populizm
Hərçənd bu böyük nailiyyət asan başa gəlmir. Çoxluğun hakimiyyəti ilə fərdin azadlığının ikili və əksər vaxt toqquşan məqsədlərini eyni anda bir əldə cəmləşdirməklə, liberal-demokratik sistem faktiki olaraq həm çoxluğun, həm fərdlərin, həm də azlıqların narazı qalmasına səbəb olur. Çoxluq çox zaman siyasətçilərin ictimai mənafe üçün çalışmaqdansa, özlərinin iqtisadi və digər maraqlarını güdmək üçün siyasi prosesi manipulyasiya etdiklərini və xalqın iradəsini qırdığını hiss edir. Azlıqlar isə çox zaman hökumətin onlara ədalətli davranmadığını, onların maraqlarının və əndişələrinin daha çox seçici çoxluq qarşısında məsuliyyət hiss edən siyasi liderlər tərəfindən etinasızca qarşılandığını, yaxud üzərindən keçildiyini hiss edirlər. Bu tərəflərin hər birinin şikayətlərində müəyyən qədər haqq var, ancaq onların adından danışanların iddia etdikləri qədər yox. İstənilən halda açar məqam budur ki, konstitusiyanın, yaxud liberal demokratiyanın təminat verdiyi kompromislər – bir əldə çoxluğun hakimiyyəti, digər əldə isə fərdi və azlıqların hüquqları olmaqla arada qalan narahat yer – nəticə etibarilə həm çoxluğu, həm də azlığı qeyri-məmnun edir, beləliklə də, balansı təmin etmiş olur.
Özündə ziddiyyətləri birləşdirən bu balans daim qeyri-məmnun olan tərəflər tərəfindən təhdid edilməklə olduqca qeyri-sabit görünə bilər. Və həqiqətən də istər köhnə, istər yeni dövrün demokratiyalarında narazılıqlar yetərincədir.
Əgər liberal demokratiya çoxluğun hakimiyyəti ilə fərdi və azlıqların hüquqları arasında uğurlu balansı təmin etməlidirsə, o zaman balans iki yolla pozula bilər. Bir tərəf çoxluqdakı seçicilərinin sayəsində o dərəcəyədək şişə bilər ki, proses fərdlərin və azlıqların hüquqlarının tapdalanmasınadək gedib çıxsın – bu, populizm kimi tanınan demokratik pozuntudur. Digəri isə onun liberal, yaxud qeyri-kütləvi tərəfinin o həddə qədər şişməsinə gətirib çıxara bilər ki, çoxluğun idarəçiliyi və sosial birlik pozulsun. Nəzəriyyədə bu ifrat individualizm formasında öz əksini tapa bilər, real siyasət dünyasında isə çoxluğa qarşı hədsiz hakimiyyəti öz əlində birləşdirməyə gücü çatacaq yeganə birliklər kiçik qruplar ola bilər. Mən liberal demokratiyanın qüsurunu özündə ehtiva edən hansısa bir termindən bixəbərəm. Nəzərdə tutduğum məhfumu ifadə edən ən yaxşı termin radikal plüralizmdir.
Populizmin tərifi hazırda sosioloqlar və tarixçilər arasında mübahisə doğurur. Bu konseptin beynəlxalq tarixi 19-cu əsrin sonlarına gedib çıxır: deyilənə görə, ən ilkin nümunələr Rus narodnikləri və ABŞ-da xalq partiyasını yaradan və sonralar 1896-cı ildə prezidentliyə namizəd kimi Uilyam Cennings Brayanı dəstəkləyən aqrar hərəkatdır. 20-ci əsrdə Latın Amerikasındakı müxtəlif partiyalar, xüsusilə Argentinada Xuan Peronu dəstəkləyən cərəyanlara bir qayda olaraq populist yarlığı yapışdırılırdı. Bu gün isə Üqo Çavez və onun təqlidçiləri – Boliviyada Evo Morales və Ekuadorda Rafael Korrea – bir qayda olaraq populist adlandırılırlar. Avropada isə əksinə, tərtibat əsasən Avstriyada Yörg Hayderin, Fransada isə Le Penin simasında sağ-qanad siyasətçilərindən ibarətdir. Tailandda devrilən baş nazir Taksin Şinavatranı müdafiə edən cərayan əksərən populist kimi xarakterizə edilirdi.
Bəzi mütəxəssislər populist hərəkatları onlara verilən dəstəyin sosial və iqtisadi əsaslarını müəyyən etməkdə israr edirlər, digərləri isə onların “ideoloji” məğzini, yaxud “diskurs strategiyalarını” qabardırlar. Yuxarıdakı siyahıdan aydın olduğu kimi çox müxtəlif liderlərə və cərəyanlara populist damğası yapışdırılıb, bəzi mütəxəssislər hətta populizmin ayırıcı, yoxsa birləşdirici fenomen olmasını, ümumiyyətlə, sual altına qoyurlar.
Mənim bu debatın detallarına girmək kimi bir məqsədim yoxdur. Mən bu termini spesifik tarixi fenomenlərə, yaxud sosio-iqtisadi formasiyalara aid etməkdənsə, modern demokratiyalarda həmişə müəyyən dərəcədə gizli qalan geniş tendensiya kimi müasir konteksdə istifadə etmək istəyirəm. Buna baxmayaraq, sosioloqların populizmə verdikləri və ümumi olaraq hamı tərəfindən qəbul olunan tərif mənim ona necə müraciət edəcəyimi çox yaxşı ifadə edir. Demokratiya Ensiklopediyasında “Populizm”ə verilən tərif belədir: “İmtiyazlı təbəqəninkinə əks olmaqla, sıravi çoxluğun maraqlarına, kültürəl xüsusiyyətlərinə və spontan duyğularına xitab edən siyasi hərəkat. Legitimlik qazanmaq üçün populist hərəkatlar nəzarət və təftiş məsələlərinə və azlıqların hüquqlarına o qədər də fikir vermədən, çoxluğun iradəsinə kütləvi toplantılar, referendumlar, yaxud digər populyar demokratiya formalarıyla birbaşa müraciət edirlər”.
Populizmin liberalizmə, yaxud konstitusionalizmə dəxli olmayıb, sadəcə olaraq demokratik görünüşü əks etdirdiyi aydındır. (Bir daha Çavezin timsalında Latın Amerikasındakı müasir populist liderlərin təsdiq olunması üçün yeni konstitusiyalar irəli sürdükləri həqiqətdir, ancaq onların məqsədləri əsasən mövcud olan konstitusiyalarda icraedici hakimiyyəti məhdudlaşdıran maddələri zəiflətməkdir). Əlbəttə, korrupsiyalaşmış imtiyazlı elitanı və onun təmsilçilərini istisna etsək, populizm çoxluq mənasında demokratik mahiyyət daşıyır, o, bütövlükdə xalqı təcəssüm etdirir və onun təmsilçisi kimi çıxış edir. Populist mesaj vətəndaşların yalnız azlıq qismini əhatə etsəydi, cəlbediciliyini itirmiş olardı. Populistlər çoxluğun iradəsini ələ almaqla – əksər vaxt xarizmatik populist liderin vasitəsilə – istədikləri şeyə kiçik maneə ilə, yaxud əngəllərlə nail olmaq istəyirlər. Bu səbəbdən onlar liberalizmin vurğuladığı prosedural incəliklərə və fərdi hüquqların qorunmasına təmkin göstərə bilmirlər.
Populist doktrinaları “xalq” və ona zülm edən elita arasında kəskin ziddiyyət yaratdığından, populistlər zənginlərə, maliyyə kapitalına və nəhəng korporasiyalara düşməncə yanaşırlar. Anri-Medisonian dəbinə uyğun olaraq, onlar müxtəlif iqtisadi sinifləri və maraqları cəmi iki qrupacan – zənginlər və digərləri – ixtisar etməyə meyilli olurlar. Belə görünə bilər ki, populistlər müəyyən cəmiyyətdə qeyri-zəngin qrupları ələ almaqla, insanları geniş mənada müəyyən etmək istəyirlər. Belə ki, populist baxış dünyanı təkcə iqtisadi əsaslarla başa düşmür, o iqtisadi əsaslar ki, multietnik, yaxud qarışıq populist koalisiyalar yaratmağa ümid edənlər üçün daimi sədd rolunu oynayır. Faktiki olaraq, populist hərəkatlar kültürəl, linqvistik, dini və irqi azlıqlara antaqonistik olmağa meyilli olurlar. Bu mənada, populizm əksər vaxt “neytivizm”lə müşayiət olunur və immiqrasiyaya, immiqrantlara düşmənçilik bəsləyir. Populistlər “xalqı” kültürəl və iqtisadi əsaslarla homogen, yaxud vahid qrup kimi xarakterizə edirlər. Əsas kültürəl xüsusiyyətlər baxımından çoxluqdan fərqlənənlər bir qayda olaraq xalqın düşməni kimi göstərilirlər, nəinki potensial müttəfiqlər kimi.
Şirnikləndirici populizm “Federalist”in təbliğ etdiyi liberal demokratiya görüşünə əlbəttə ki, bir təhdiddir. Eyni zamanda isə belə demək olar ki, populist ritorikaların və hətta populist hərəkatların təkrarlanması xalqın suverenliyindən və təməllərdən uzaqlaşmamaqdan ötrü liberal demokratiya üçün faydalı korrektor rolunu oynayır. Belə hərəkatlar passiv olmağa meyilli olan qrupların siyasətə qarışmasını tətikləyir, eyni zamanda isə o, yağ-bal içində yaşayan və ictimai fikir qayğılarından hədsiz uzaq düşən elitalar və ictimai xadimlər üçün “zəngli saat” funksiyasını yerinə yetirir. Qısaca, populistlər liberal demokratiyalara özlərinin liberal və demokratik mövqelərindən uzaq düşməmələri üçün kömək etmiş olurlar.
Plüralizm və multikulturalizm
Mən yuxarıda bildirdim ki, demokratik tərəfdəki populizmə uyğun gələn liberal tərəfdəki hipertrofik qüsur radikal plüralizm kimi xarakterizə edilə bilər. Bunu izah etmək plüralizm termininin özü barəsində hazırlıq kimi bir neçə kəlmə deməyi tələb edir. Onun kökü “çoxluluq” sözüdür; monizm, yaxud “bir-lik” ona zidd olan kəlmədir. Beləliklə, siyasi kontekstdə o, siyasətə təsir edə bilən qrupların çoxluğunu və müxtəlifliyini nəzərdə tutur. “Federalist”in müəllifləri bu termindən istifadə etməsələr də, plüralizm liberal-demokratik siyasətin dəstəklədiyi konseptə tam uyğun görünür. Onların fikrincə, iqtisadi maraqların və dini qrupların müxtəlifliyi müstəqillik və özünüidarə üçün münbit şərait yaradır, həmçinin bir-birilə münaqişədə, rəqabətdə olan maraqlara nəzarət etməklə bu müxtəliflik “müasir qanunvericiliyin prinsipial vəzifəsinin” yüksəlməsinə yol açır (səh. 79). Maraq-qrupu siyasətinin bu Medisonian-sayaq baxış bucağını ifadə etmək üçün plüralizm terminindən istifadə II Dünya Müharibəsindən sonrakı onilliklərdə Devid B. Truman və Robert A. Dahl kimi görkəmli amerikalı politoloqların əsərlərində getdikcə daha çox öz əksini tapmağa başladı. Britannika Müxtəsər Ensiklopediyası kəlməyə belə tərif verir: “Siyasət elmində liberal demokratik hakimiyyətin kiçik elit, yaxud elitalar qrupunun əlində deyil (yaxud da olmamalıdır), müxtəlif iqtisadi və ideoloji təzyiq qruplarının paylaşdırılmasını (yaxud da paylaşdırılmalıdır) nəzərdə tutur”.
Son on illiklərdə “plüralizm” termini iqtisadi maraqlara aid edilməkdənsə, daha çox etnik, mədəni, yaxud dini qruplara aid edilib, bu dəbin arxasında duran səbəb adətən azlıqların geniş miqyasda öz spesifik adət-ənənələrini və həyat tərzlərini sürdürmələrini təmin etməkdir. Plüralizm belə istifadədə multikulturalizm konseptinə çox yaxınlaşır və sonuncu termində olduğu kimi onun mənəvi, siyasi məqsədləri və nəticələrində kifayət qədər qaranlıq məqamlar var. Fərqli qrupların ümumi mədəniyyətə verdiyi töhfələri bayram etməkdən tutmuş, götürülmüş cəmiyyətdə müxtəlif mədəniyyətlər arasındakı uyğunsuzluğu qabartmağa qədər, o, nəzəri konseptlərin və siyasi təcrübələrin daha geniş spektrinə aid edilməlidir.
Bu spektrumun hüdudlarını aşan mədəni plüralizmin radikal versiyası demokratiyanın həm liberal, həm də demokratik komponentlərinə açıq təhlükə doğurur. Birincisi, əgər cəmiyyət daxilindəki kültürəl qruplar gücləndirilibsə, o zaman onların hüquqlarıyla və onun üzvlərinin fərdi hüquqları arasında potensial münaqişə yaranır. Eyni zamanda radikal plüralizm xalq özünüidarəsinin fundamentlərini dağıdacağı ilə təhdid edir. Cəmiyyəti təşkil edən fərdlər və qruplar siyasi konsensusun təməlini təşkil edən fundamental prinsiplər və dəyərlər barəsində razılığa gəlməzlərsə, o zaman onlar çətin ki, özlərini vahid birlik kimi hiss etsinlər və çoxluğun hakimiyyətinə hörmət etməyə meyilli olsunlar. Bəlkə də bunun ən yaxşı örnəyi Bosniya və Hersoqovinada demokratiya inşa etmək çabalarının üzləşdiyi çətinliklərdir. Lakin bütün parçalanmış cəmiyyətlərdə bu çətinlik daha yumşaq formada mövcuddur. Və dünyanın müxtəlif yerlərində qarışıq geniş xalqların miqrasiya etdiyi bü günün şərtlərində problem əvvəllər nisbətən homegen olan xalqlarda daha qabarıq şəkildə özünü göstərir, Avropada müsəlman köçkünlərlə inteqrasiya olunmaq təcrübəsində yaşanan çətinliklər buna ən yaxşı nümunədir.
“Federalist”in müəllifləri hədsiz müxtəlifliyin təhlükələrini müqayisə etməsələr də, Von Cey “Federalist”də amerikalıların necə olduqlarını qeyd edir:
Bir vahid xalq – eyni əcdadlardan gələn, eyni dildə danışan, eyni dinə ibadət edən, eyni dövlətin prinsiplərinə bağlı olan, davranış və adətlərdə olduqca oxşar olan xalq, o kəslər ki, özlərinin müştərək liderləri, silahları və çabalarıyla çiyin- çiyinə uzun və qanlı müharibədə vuruşurlar, mərdliklə özlərinin ümumi azadlıqlarına və müstəqilliklərinə çatıblar. (səh. 38)
ABŞ-ın sonrakı təcrübəsi göstərir ki, demokratiyanın çiçəklənməsi üçün bu ümumi xüsusiyyətlərin heç də hamısı tələb olunmur, demokratik dövlətin eyni prinsiplərinə olan ümumi güclü bağlılıq digərlərinin böyük miqyasda yoxluğu ilə də keçinə bilər. Buna baxmayaraq, ümumi dil kimi faktorlar özünüidarə üçün olduqca əlverişlidir. Hindistan kimi nümunələrdə liberal demokratiyanın kökündən fərqli cəmiyyətlərdə özünü doğrulda bildiyini nəzərə alsaq belə, kəskin mədəni və linqvistik fərqliliklərin tapşırığı çətinləşdirdiyini nəzərə almalıyıq.
“Federalist” müəllifləri üçün müəyyən dərəcədə iqtisadi və dini fərqliliklərin – tədbirsiz çoxluq nümayəndələrinin fərdi hüquqlara və xalq idarəçiliyinə doğurduğu təhdidləri sınamaq baxımından – faydalı mexanizm olduğunu demək olar. Lakin müxtəliflik öz-özlüyündə yaxşı, yaxud siyasi və sosial həyatın məqsədi kimi qəbul olunmur, belə ki, bəzən o, plüralizmin müasir təmsilçisi kimi qəbul olunur. Liberal demokratiya müxtəlif mədəniyyətləri və həyat tərzlərini ən geniş miqyasda özündə cəmləşdirməlidir kimi “dəyər plüralizmi” fəlsəfi doktrinasını əsas tutan baxış bucağı müxtəlifliyi bir Federalistin ağlında tutduğu mövqedən hədsiz çox yüksəklərə qaldırır.
Ancaq buna rəğmən, plüralizmə olan müasir (yaxud postmodern) radikal bağlılıq liberal demokratiyanın özü üçün ciddi təhlükə doğursa da, eyni zamanda, o, xüsusilə daha oturuşmuş demokratiyalarda populist şirniklənməni nəzarətdə saxlamağa yardım etmiş olur. Yuxarıda qeyd etdiyimiz kimi, populizm adətən millətçiliklə, etnik və dini azlıqlara düşmənçiliklə müşayiət olunur. Məhz bu səbəbdən, o, “başqasına” hörmətsiz yanaşmağı tətikləyən Qərbdəki mənəvi və siyasi düşüncə mühitinin anafemasıdır. Nə qədər ki, çoxluq azlıq qruplara qarşı düşməncə, yaxud biganə münasibət bəsləyir, o, şübhəylə qarşılanmalıdır, nəinki siyasi və ədalətli düzlüyün aynası kimi. Beləliklə, nə zaman ki Avropalı populist liderlər və hərəkatlar adətən immiqrantlara və azlıqlara qarşı düşməncə mövqe tutmaqla müəyyən qədər güc əldə edirlər, bu liderlər həmçinin daha geniş cəmiyyətdə mənəvi cəhətdən dışlanırlar, bu da onların hakimiyyətə gəlmək imkanlarını aşağı salır.
Demokratikləşmə müzakirəsi
Radikal islamçıların sıralarındakılar istisna olmaqla, bu gün çoxluğun hakimiyyətinə qarşı açıq müxalifət mövcud deyil, lakin bununla belə, o, liberal demokratiyanın digər aspektləri kimi yüksək qiymətləndirilmir. Soyuq Müharibənin yekunlaşmasından bəri genişlənən demokratikləşmə müzakirələrinin dinamikasından bu, açıq şəkildə görünür. “Liberal demokratiya” terminini ortaya atmaqla Fərid Zəkəriyyə bu müzakirələrə şəkil vermiş oldu, “liberal demokratiya” termini azad və ədalətli seçkilər vasitəsilə idarəçilər seçən, lakin qanunun aliliyində, fərdi və azlıqlarının hüquqlarının təminatında çatışmazlıqlar yaşayan rejimləri xarakterizə edirdi. Zəkəriyyənin tənqidçiləri belə ölkələrdə seçkilər keçirməyi müdafiə etsələr də, onlardan heç biri konstitusionalizmi, qanunun aliliyini, fərdi hüquqları pisləmir, yaxud çoxluğun iradəsinin bu məfhumlardan üstün tutulmalı olduğunu bəyan etmirdilər. Lakin arqumentasiyanın digər tərəfində, Zəkəriyyə və başqaları liberal məfhumların əksərən axsadığı yerlərdə seçkilərin keçirilməsinin labüdlüyü məsələsində dərin şübhədə idilər.
Bunu da qeyd etmək yerinə düşər ki, əvvəllər dövləti xalqa yaxınlaşdırmaq istəyənlərin nəzərdə tutduqları ölçülər – tez-tez keçirilən seçkilər, referendumlar, çağırışlar və s. – bu gün artıq o qədər də cəlbedici sayılmır. Ən azından oturuşmuş demokratiyalarda populist yanaşmalar intellektual dəstəkdən məhrumdur – yenə də nəticə etibarilə mən belə deyərdim ki, hazırki intellektual prestij fərqlilikdən və müxtəliflikdən yanadır. Hətta çoxluq anlayışı müəyyən qədər hörmətdən düşsə də, nə vaxta qədər ki, insan bərabərliyi ideyası əsas tutulur, o vaxtacan da o, bir kənara atılmayacaq.
Beləliklə, mən son olaraq belə nəticəyə gəlirəm ki, bu gün liberal demokratiyanın sarsılmazlığının kökündə onun daxili iki aparıcı müxalifinin – bir-birilə kəskin ziddiyyətdə dayanan populizm və radikal plüralizm olması dayanır. Hər iki tendensiya müxtəlif demokratik cəmiyyətlərdə müxtəlif dərəcələrdə işləyir, amma müəyyən dərəcədən sonra onlar bir-birlərini ləğv etməyə başlayırlar. Yenə də əgər bu analiz doğrudursa belə, o, liberal demokratiyanın müdafiəçilərinin öyünməsinə səbəb olmamalıdır. Birincisi, ona görə ki, indi doğru olan gələcəkdə doğru olmaya bilər. Nəticədə, 1980-cı illərdə yazan bir kimsə kommunist rejimlərin sarsılmayacağını, yaşamaqda davam edəcəklərini yazsaydı, məntiqə uyğun fikir söyləmiş olardı. Bundan başqa, bu gün dəbdə olan intellektual meyillər və populizmlə radikal plüralizmə münasibətdə təşviq edilən yanaşmalar zamanla dəyişə bilər. Ümumiyyətlə isə, mənim burda aydınlaşdırdığım özünü korrekt edən mexanizmlər liberal-demokratik ölkələr üçün əsaslı müdafiə rolunu oynamaq iqtidarında olsa da, bu, o demək deyil ki, o, uzunmüddətli perspektivdə vətəndaşların liberal-demokratiyanın üstünlüklərinə olan dərin ehtiramını və sarsılmaz bağlılığını əvəzləyə bilər.
“Demokratiya Jurnalı” 21:1 (2010), 81-92. © Məqalə Johns Hopkins University Press-in icazəsiilə Azərbaycan dilinə tərcümə edilərək, Meydan TV saytında yayımlanır.