Polşa və Macarıstandan Ukrayna taxılına qadağa

Ukrayna taxılı. Foto: Dobra Kobra/shutterstock

Avropa Komissiyası qərarı birtərəfli və qəbuledilməz sayır

Polşa və Macarıstan yerli kənd təsərrüfatı sektorlarını qorumaq üçün Ukraynadan taxıl və digər ərzaq idxalına qadağalar qoyub.

Avropa Komissiyası isə aprelin 16-da yaydığı açıqlamada Polşa və Macarıstanın Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymasını qəbuledilməz sayıb.

Rusiyanın işğalı bəzi Qara dəniz limanlarını bağlayıb. Bu da Ukrayna taxıllının logistikasına əngəl yaradıb.

Bu məsələnin seçki ilində Polşanın hakim millətçi Qanun və Ədalət (PiS) Partiyası üçün siyasi problem yaratdığı bildirilir. Çünki PiS-ə dəstəyin, adətən, yüksək olduğu kənd yerlərində insanları qəzəbləndirib.

Biz Polşa və Macarıstanın Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulması ilə bağlı açıqlamalarından xəbərdarıq”, – Avropa Komissiyasının sözçüsü elektron poçtla göndərilən bəyanatda bildirib.

Avropa Komissiyası isə bildirib ki, ticarət siyasəti müstəsna olaraq ümumilikdə Avropa İttifaqının (Aİ) səlahiyyətindədir və istənilən birtərəfli fəaliyyət qəbuledilməzdir.

Bəyanatda qeyd edilir ki, belə çətin dövrlərdə Aİ daxilində bütün qərarları əlaqələndirmək və uyğunlaşdırmaq çox vacibdir.

Polşa hökumətinin sözçüsü Piotr Muller dövlət xəbər agentliyi PAP-a bildirib ki, hökumət məsələ ilə bağlı Avropa Komissiyası ilə daimi əlaqə saxlayır və qadağa təhlükəsizlik bəndinə görə mümkün olub.

Polşa və Macarıstan məhkəmə müstəqilliyi, media azadlıqları və LGBT hüquqları da daxil olmaqla, Brüssellə uzun müddətdir ki, gərgin müzakirələr aparır.

Ukraynanın kənd təsərrüfat naziri Mykola Solski də aprelin 16-da macar həmkarı İştvan Nagy ilə danışıb.

O, birtərəfli qərarların qəbuledilməzliyini vurğulayıb.

Bildirilir ki, hər iki dövlətin rəsmiləri ilə yenidən danışıqların aparılması razılaşdırılıb.

Nazirlik aprelin 15-də bildirib ki, Polşanın qadağası ixracla bağlı mövcud ikitərəfli razılaşmalara ziddir və problemi həll etmək üçün danışıqlar vacibdir.

Bu arada, Bolqarıstanın kənd təsərrüfatı Naziri Yavor Geçev bildirib ki, ölkə Ukraynadan taxıl idxalına qadağa qoyulmasını da nəzərdən keçirir.

Məlumatı yerli BTA agentliyi yayıb.

Polşanın inkişaf və texnologiya naziri aprelin 16-da deyib ki, aprelin 15-də axşam qüvvəyə minən qadağa bu məhsulların ölkə ərazisindən tranzitinə də şamil ediləcək.

Qadağa tamdır, o cümlədən Polşa üzərindən tranzit qadağandır”, – deyən Waldemar Buda “Twitter”də yazıb.

O əlavə edib ki, Ukrayna ilə malların yalnız Polşadan keçməsini və yerli bazara çıxmamasını təmin edən sistem yaratmaq üçün danışıqlar aparılacaq.

Dövlətə məxsus “Ukrinform” xəbər agentliyi bildirib ki, Ukrayna və Polşa nazirləri bazar ertəsi Polşada görüşməlidirlər və danışıqların əsas mövzusu tranzit təşkili olacaq.

Aprelin 16-da yayılan məlumatda Polşanın kənd təsərrüfatı naziri Robert Telusa istinadən bildirilib ki, Aİ-nin gözünü açmaq üçün Ukraynadan gələn məhsulların Polşada qalmamaqla Avropanın dərinliklərinə getməsinə imkan verəcək əlavə qərarların qəbul edilməsinə ehtiyac var.

Bu ölkənin Maliyyə Nazirliyindən verilən məlumata görə, qadağa iyunun 30-dək davam edəcək.

Ukrayna normal olaraq kənd təsərrüfatı mallarının, xüsusən də taxılın böyük hissəsini Ukrayna, Türkiyə, Rusiya və Birləşmiş Millətlər Təşkilatı arasında bağlanmış müqaviləyə uyğun olaraq iyulda açılmış Qara dəniz limanları vasitəsilə ixrac edir.

Həmin razılaşmanın müddəti mayın 18-də başa çatmalıdır.

Moskva keçən həftə bildirmişdi ki, Qərb Rusiya taxılının və gübrəsinin ixracına maneələri aradan qaldırmasa, razılaşmanın müddəti uzadılmaya bilər.

Ukrayna bildirib ki, Qara dəniz taxıl dəhlizi ilə hər ay təxminən 3 milyon ton taxıl Ukraynadan çıxarılır, yalnız 200 min tona qədəri Polşa ərazisindən keçməklə Avropa limanlarına ötürülür.

Ana səhifəDünyaPolşa və Macarıstandan Ukrayna taxılına qadağa