Əqli Mülkiyyət Agentliyi “Universal Music Publishing Group”a müraciət edib
Sabiq mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti, bəstəkar və müğənni Polad Bülbüloğlunun müəllifi olduğu “Heyif belə oldu” mahnısının “YouTube” platformasında icazəsiz və qanunsuz yerləşdirilməsi ilə əlaqədar olaraq Əqli Mülkiyyət Agentliyinə müraciət daxil olub.
Bu haqda Agentlik məlumat yayıb.
Bildirilib ki, Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb.
Məlum olub ki, “Universal Azerbaijan Music” adlı “YouTube” kanalında “Gəl Ey Səhər” albomu formasında yüklənən fayllardan biri “Heyif belə oldu” kompozisiyasıdır.
Bəstəkarın digər əsərləri də burada yerləşdirilib.
Bu kanal 2018-ci il oktyabrın 25-də “Folklore Azerbaijan Music Academy” adı ilə yaradılıb.
Polad Bülbüloğlunun müəllif hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə Agentlikdə əlaqəli hüquq sahiblərinin hüquqlarının kollektiv əsasda idarə olunması üzrə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (Beat Music şirkəti üzərindən) ilə birgə “Universal Music Publishing Group” ilə əlaqə saxlanılıb.
Nəticədə “Universal Azerbaijan Music” “YouTube” kanalında qanunsuz yerləşdirilmiş əsər silinib.
“Heyif belə oldu” mahnısı Xalq şairi Fikrət Qocanın “Baxdın sən üzümə” şeirinə bəstələnib.
Musiqinin bəstəsi və ifaçısı Polad Bülblüoğludur.