Polad Bülbüloğlu Kremlə səsləndi: ”Rusiya mövqeyini bildirməlidir”

Rauf Mirqədirov: ”Ermənistanın yanaşması beynəlxalq hüquqa ziddir”

Source:
Hikmət Hacıyev


Rauf Mirqədirov: ”Ermənistanın yanaşması beynəlxalq hüquqa ziddir”

“Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması Yerevanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır”.

Bunu Trend-ə Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalara münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: “Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın ATƏT-in Minsk qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq. Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir”.

XİN rəsmisi əlavə edib ki, Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə hesab edir ki, əgər “DQR”in müstəqilliyi Ermənistan tərəfindən tanınsa, o zaman beynəlxalq hüququn bütün prinsipləri pozulmuş olacaq. Bu, ATƏT-in Minsk qrupunun çoxsaylı təkliflərinin üstündən də xətt çəkəcək: “Hesab edirəm ki, bütün həmsədr ölkələr, o cümlədən Rusiya bu məsələ ilə bağlı mövqeyini bildirməlidir”.

Polad Bülbüloğlu

Səfir “Qovorit Moskva” radiosuna deyib ki, sağlam məntiq qalib gələcək. Bu məsələ bir neçə dəfə Ermənistan parlamentində qaldırılıb. Hər dəfə sağlam məntiq qalib gəlib: “Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması aprelin 2-də Ermənistan tərəfindən törədilən təxribatla eynidir. Azərbaycan bu gün də sülh danışıqlarına hazırdır, baxmayaraq ki, Azərbaycan ərazisi hər gün Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur”.

P. Bülbüloğlu bu qərarın nəticələrinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşəcəyini söyləyib: “Çünki bunun nəticəsi çox mənfi olacaq. Azərbaycan bu gün də münaqişənin sülh yolu ilə həllinə hazırıdır. Əgər bu baş verməyəcəksə, biz münaqişənin hərbi yolla həllinə hazırıq. Əlbəttə, biz istəmirik ki, insanlar həlak olsun. Lakin bizə başqa çıxış yolu qoymurlar. Münaqişənin dondurulması çıxış yolu deyil. Problemin həlli çox sadədir. Beynəlxalq hüquq var. İşğal altındakı torpaqlar geri qaytarılmalıdır. Ermənistan qoşunları oradan çıxarılmalıdır. Son hadisələr də göstərdi ki, həmin ərazilərdə Ermənistan silahlı qüvvələri vuruşur. İkinci məsələ Dağlıq Qarabağın statusu məsələsidir. Amma öncə işğal altındakı torpaqlar azad olunmalıdır. Bu məsələ həll olunan məsələdir. 20 ildən çoxdur ki, ATƏT -in Minsk Qrupunun bu məsələ ilə məşğul olur. Təkliflər masa üzərindədir. Lakin Ermənistan tərəfi bütün hallarda qərarların icra edilməsindən qaçır, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ermənistanın son addımı isə danışıqlar prosesindən imtina etməkdir. O zaman biz nə etməliyik? Ermənistan danışıqlar prosesindən imtina edirsə, bizə başqa yol qoymur” (


APA


).

Mövcud vəziyyəti Meydan TV-yə şərh edən siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, Dağlıq Qarabağın müstəqilliyini tanımaq təklifini Ümumerməni Konqresini təmsil edən, sabiq baş nazir Qrant Baqratyan irəli sürüb, onlar da münaqişəyə yanaşmada hakimiyyətlə eyni mövqedən çıxış edirlər: “Sabiq prezident Ter-Petrosyanın prezident Sarkisyanı dəstəklədiyini hamımız gördük. Ona görə təklifin müxalifət tərəfindən irəli sürüldüyü barədə deyilənləri bölüşmürəm. Prinsipcə, hökumət üzvləri layihəni müdafiə edib-etməyəcəkləri barədə heç bir bəyanat verməyiblər. Halbuki, əvvəllər hökumət rəsmiləri deyirdilər ki, hakim partiya bu tipli təklifləri müdafiə etməyəcək. Amma bununla yanaşı onlar paket variantını ön plana çəkmək istəyirlər. Paket variantda ərazilərin azad olunmasıyla status eyni vaxtda təsadüf edir”.

Rauf Mirqədirov

Siyasi şərhçi 1-5 aprel hərbi əməliyyatlarından sonra Azərbaycan diplomatiyasının üzərinə çox ağır vəzifə düşdüyünü hesab edir: “Hərbi uğurları siyasi-diplomatik uğurlara çevirmək üçün vəziyyətdən maksimum istifadə etmək lazımdır. Hər iki əllərindəki vasitələrdən istifadə etmək istəyir və hər iki tərəfin əlində aprel hərbi əməliyyatları bir fakt kimi var. Bu fakt Ermənistanla Azərbaycanın arasında böyük müharibənin ola biləcəyindən ibarətdir. Böyük müharibə təhlükəsini hər iki tərəf öz maraqları çərçivəsində istifadə etməyə çalışır. Bakı böyük müharibəni fakt olaraq gündəmə gətirərək status-kvonun dəyişdirilməsinə cəhd edir. Söhbət işğal altındakı ərazilərin heç olmasa bir hissəsinin azad olunmasından gedir. Ermənilərin də əlində variantlar var, onlar da böyük müharibə təhlükəsinin mövcudluğunu etiraf edirlər, lakin bütün səyləri status-kvonun dondurulması istiqamətindədir. Bir tərəfdən Serj Sarkisyan “Blomberq” agentliyinə müsahibəsində deyir ki, danışıqlara qayıtmaq üçün şərtləri var. Digər tərəf isə beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı münasibətidir ki, onlar bunu istisna etmir və “iki tərəf hansı razılığa gəlsə, qərarı dəstəkləyəcəklər” fikirlərini də səsləndirirlər. Yəni bu o deməkdir ki, tanımaq istəyirsizsə, tanıyın. Sözsüz ki, qapalı danışıqlarda hər iki tərəfi statusla bağlı qərarın qəbuluna yönəltmək istəyirlər. Bu, hansı qərardır bilmirik, amma Ermənistan faktiki olaraq 5 günlük hərbi əməliyyatlarından istifadə edərək ərazilər əvəzinə status prinsipini təqdim etməyə çalışır. Artıq rəsmi şəxsləri də deyir ki, ən azı 5 rayonu azad etmək istəyirlər. Ərazilər əvəzinə status Azərbaycana böyük güzəşt kimi təqdim olunur. Halbuki, Dağlıq Qarabağ ətrafındakə rayonlar da Azərbaycan əraziləri olduğundan burda ərazi güzəştlərindən söhbət gedə bilməz. İkinci vacib amil, BMT TŞ-nin məlum qətnamələrində həmin əraziərin heç bir şərt irəli sürülmədən azad olunmasından danışılır. Yəni ərazilər əvəzinə status prinsipi tətbiq oluna bilməz. Bir daha deyirəm, qətnamələrin preambulunda xüsusi olaraq qeyd olunur ki, ərazilərin işğal olunması ərazi əldə edilməsi və sərhədlərin dəyişdirilməsi üçün arqument kimi istifadə edilə bilməz. Bu baxımdan Ermənistanın yanaşması beynəlxalq hüquqa ziddir”.

Ana səhifəAnalitikaPolad Bülbüloğlu Kremlə səsləndi: ”Rusiya mövqeyini bildirməlidir”