Polad Aslanov Milli Şuraya səsləndi

Jurnalistin məhkəməsi başlayacaq

Source: Архив


Jurnalistin məhkəməsi başlayacaq

Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət ittihamıyla həbs olunan jurnalist Polad Aslanovun məhkəməsi başlayıb. Bu işə Faiq Qəniyevin sədrliyilə, Mirzə Xankişiyev və İlham Mahmudovdan ibarət üç nəfərlik hakimlər kollegiyası baxacaq.

Jurnalistin özü də, vəkili Elçin Sadıqov da bu işə hakim Faiq Qəniyevin sədrliyilə baxılmasına etiraz edib. Vəkil onun hakimlikdən əvvəl – 1998-2013-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində (MTN) müxtəlif vəzifələrdə işlədiyini xatırladıb. P.Aslanovu da MTN-in ləğvindən sonra onun bazasında yaradılan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları həbs edib. Vəkil vurğulayıb ki, bu faktın özü F.Qəniyevin işə obyektiv baxıb, ədalətli qərar çıxaracağına ciddi şübhələr yaradıb.

E.Sadıqov hakimə etiraz verərkən başqa bir məqamı da yada salıb. Bildirib ki, F.Qəniyev MTN-də müstəntiq işləyəndə jurnalist Eynulla Fətullayevin işi üzrə istintaq ona tapşırılmışdı. E.Sadıqov da jurnalistin vəkili olub: “Məni Eynulla Fətullayevin müdafiəçisi kimi, MTN-ə dəvət etmişdiniz. Siz orada mənə təzyiq göstərirdiniz”.

Digər vəkil Kamran Musayev də hakimə etirazı haqlı sayıb.

P.Aslanov özü də bu məsələyə münasibət bildirib: “Faiq Qəniyev DTX-da mənim işimi aparan müstəntiqlə qohumdur. Bu adam vaxtilə Mövlam Şıxəliyevin “sağ əli” olub. Mən işimə onun baxmasına etiraz edirəm”.

General Mövlam Şıxəliyev MTN-in İstintaq İdarəsinin rəisi olub. 2015-ci ildə nazir Eldar Mahmudovun vəzifədən çıxarılması, 20-dən artıq adamın həbsilə nəticələnən hadisələrdən sonra M.Şıxəliyev də vəzifəsini itirmişdi. Sabiq MTN-çilərlə bağlı cinayət işlərində, məhkəmə proseslərində onun adı tez-tez hallanırdı. Zərərçəkmişlər qanunsuz saxlanmaları, pullarının, əmlaklarının əllərindən alınmasına görə onu da ittiham edirdilər. M.Şıxəliyev keçmiş MTN-çilərin işi üzrə şahid qismində dindirilmişdi. Bakı Hərbi Məhkəməsi onun özü ilə bağlı araşdırma aparılıması üçün haqqında xüsusi qərar çıxarıb, prokurorluğa göndərmişdi. O qərarın nəticəsi haqda heç bir məlumat yoxdur.

Vəkillər və təqsirləndirilən şəxslərin etirazı təmin edilməyib. P.Aslanovun işinə elə hakim F.Qəniyevin sədrliyilə baxılmasına qərar verilib.

Bugünkü məhkəmə iclasında qalmaqal yaşanıb. Zalda şüşə kabinədə saxlanılan P.Aslanov danışarkən mikrofon istəyib. O bildirib ki, dediklərini zalda əyləşənlər eşitmir. Hakim isə bildirib ki, mikrofona ehtiyac yoxdur: “Belə də yaxşı eşidilir”.

P.Aslanovun məhkəmə zalında olan həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, xeyr, eşidilmir. Hakim ona xəbərdarlıq edib ki, zalda əyləşənlər bir kəlmə də danışa bilməzlər. G.Aslanova bildirib ki, məhkəmədə səslənən fikirlər zalda eşidilmir və o da bunu dilə gətirir. Bu polemika bir qədər davam edib və hakim G.Aslanovanın məhkəmə zalından çıxarılmasına qərar verib. Buna görə məhkəmədə gərginlik yaşanıb. G.Aslanova zalı tərk etmək istəməyib, amma onu çıxarıblar. P.Aslanov məhkəmənin artıq qərəzli başladığını vurğulayaraq, baş verənlərə etiraz edib. O, saxlandığı şüşə kabinəni döyəcləyib, əl çalıb.

Məhkəmədə vəkil Elçin Sadıqov bir neçə vəsatət qaldırıb. Müdafiəçinin sözlərinə görə, ittiham tərəfi ortaya heç bir əsaslı sübut qoymayıb. P.Aslanovun jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyən vəkil onun barəsindəki cinayət işinə xitam verilməsi və özünün də azadlığa buraxılmasını istəyib. Vəkil qeyd edib ki, P.Aslanovun ilkin dindirməsi vəkilsiz, təzyiq altında keçib. Ona görə də yolverilməz sübutların siyahıdan çıxarılması, haqqındakı cinayət işinə xitam verilməsə, heç olmasa, hökmə qədər ev dustaqlığına buraxılması barədə də vəsatətlər qaldırıb. Müdafiəçiləri bildirib ki, onun səhhətində ciddi problemlər var.

P.Aslanov DTX əməkdaşlarının onu ailəsilə təhdid etdiyini söyləyib.

İstintaqın sonunda P.Aslanova qarşı dövlətə xəyanət ittihamından əlavə Cinayət Məcəlləsinin 134-cü maddəsilə də ittiham irəli sürülmüşdü. O, fəal Dəyanət Babayevi ölümlə hədələməkdə də günahlandırılır. D.Babayev bu iş üzrə zərərçəkmiş qismində tanınıb.

Hakim məlumat verib ki, D.Babayev məhkəməyə teleqram vuraraq, səhhətilə ilə əlaqədar prosesdə iştirak etməyəcəyini çatdırıb. P.Aslanov və vəkilləri isə etiraz edib, onun məhkəmədə iştirakının təmin olunmasını tələb ediblər, bu haqda da vəsatət qaldırıblar.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Prosesin də zərərçəkmişin iştirakı olmadan davam etməsinə qərar verilib.

Hazırlıq iclasının qərarına görə, bu məhkəmə prosesi qismən qapalı keçiriləcək. Bildirilib ki, cinayət işində dövlət sirri və xüsusi xidmətlərin fəaliyyətilə bağlı hissələr olduğuna görə belə qərar verilib. Məhkəmə baxışı fevralın 10-na təyin edilib.

P.Aslanov məhkəmənin bu cür keçirilməsinə etirazını bildirib və bu gündən siyasi fəaliyyətə başladığını bəyan edib.

“Mən bu gündən jurnalist fəaliyyətimi dayandırıb, siyasi fəaliyyətə başlayıram. Bundan sonra rüşvətxor hakimiyyətə qarşı mübarizə aparacağam. Buradan Milli Şura rəhbərliyinə müraciət edirəm. Mən Milli Şuraya üzv olmaq istəyirəm”, – deyə P.Aslanov bildirib.

“Xeberman.com” saytının təsisçisi və baş redaktoru P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə – İranın xüsusi xidmət orqanlarına casusluq edib, dövlət sirri sayılan məlumatları ötürməkdə ittiham olunur. İstintaqın sonunda P.Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə də əlavə ittiham verilib. İddia olunur ki, P.Aslanov D.Babayevi ölümlə hədələyib.

Həyat yoldaşının dediyinə görə, P.Aslanov ittihamların heç birini qəbul etmir. Baş redaktor DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.

Ana səhifəXəbərlərPolad Aslanov Milli Şuraya səsləndi