”Gürcüstan və Ermənistan qadağaların “orta” dəyərləndirildiyi ölkələrdir”
2015-ci ildə dünyada dinə qarşı məhdudiyyətlər artıb. “Pew” Araşdırmalar Mərkəzinin yaydığı hesabatda belə deyilir.
Bildirilir ki, 2015-ci ildə bu sahədəki hökumət məhdudiyyətləri son 3 ilin ən yüksək həddindədir.
Son məlumatlar məhz 2015-ci ilə aid olduğundan bu il götürülüb. Hesabatda 198 ölkə və ərazidə hökumətin dini məhdudiyyətləri öyrənilib.
Bundan əlavə, hesabatda Hökumətin Məhdudiyyətləri İndeksi (GRI) var. Bu, dini inanc və təcrübələri məhdudlaşdıran qanunlarını, siyasətini və tədbirlərini dəyərləndirir. GRI-yə 20 növ məhdudlaşdırıcı tədbir– hökumətin konkret inancları, din dəyişməyi yasaqlama cəhdləri, eləcə də dini təbliği məhdudlaşdırması, bu və ya digər dini qrupa üstünlük verməsi daxildir.
Sosial Ədavət İndeksi (SHI) isə ayrı-ayrı fərdlərin, təşkilat və qrupların dini düşmənçilik hərəkətlərini ölçür. Buraya dinə bağlı siyasi münaqişə və terrorçuluq, qaragüruh və məzhəb zorakılığı, dini geyimə görə qısnama, yaxud dinə bağlı digər qorxutma və sui-istifadə halları daxildir. Bu indeksə sosial düşmənçiliyin 13 tədbiri salınıb.
Azərbaycan Hökumətin Məhdudiyyətləri İndeksinə görə, “ən yüksək” kateqoriyaya, yəni qadağaların ən çox olduğu ölkələr sırasına yerləşdirilib. Burada İran, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan və Qazaxıstan da yer alıb.
Cənubi Qafqazdan Gürcüstan və Ermənistan qadağaların “orta” dəyərləndirildiyi ölkələr sırasındadır.
Sosial Düşmənçilik İndeksinə görə, Azərbaycan “orta”, Ermənistan və Gürcüstan “yüksək”, Rusiya “çox yüksək” sıralamadadır.
Hesabatda deyilənlərə hakimiyyətdən, hələlik, münasibət açıqlanmayıb. Amma hökumət təmsilçiləri, ənənəvi olaraq, ölkədə heç bir dini yasağın qoyulmadığını, bütün dini azadlıqların tam təmin olunduğunu bildirirlər.
Misir, Çin, İran və Rusiya hökumət qadağalarına görə öndə gedirlər, “ən yüksək” qadağaların olduğu kateqoriyaya salınıblar.
Dünyanın 25 ən çox əhali yaşayan ölkələri sırasında Rusiya, Misir, Hindistan, Pakistan və Nigeriya həm yüksək hökumət qadağaları, həm də sosial ədavət olan ölkələr sırasındadırlar. 2015-ci ildə Misir hökumət qadağaları, Nigeriya isə sosial ədavət üzrə liderlik edib.
Yaxın Şərq və Şimali Afrika regionunda hökumətlər daha çox dini qruplara qarşı qısnama və gücə əl atıblar (95 faiz). Avropada isə 2015-ci ildə bu yöndə artım gedib. Regiondakı 45 ölkənin yarıdan çoxunda (53 faiz) hökumət daha çox qısnama və gücdən yararlanıb.
Avropanın iki ölkəsində – Fransa və Rusiyanın hər birində hökumətin dini qruplara qarşı 200-dən çox tədbiri qeydə alınıb. Bu, daha çox Fransada fərdlərin ictimai məkanlarda və hökumət binalarında baş və üz örtüyü geyinməsi, Rusiyada isə dini inancın açıq büruzə verilməsiylə bağlı olub.
2015-ci ildə 1.3 milyon miqrant Avropada sığınacaqdan ötrü müraciət edib. 1992-ci ildə, Sovet İttifaqı dağılanda bu rəqəm 700 min idi. 1.3 milyon miqrantın yarından çoxu (54 faiz) 3 müsəlman ölkəsindən – Suriya, Əfqanıstan və İraqdan gedib.
Araşdırmaya rəhbərlik etmiş Katayoun Kishi artım tendensiyasını məhz qaçqın axını ilə əlaqələndirir. “Avropadakı müsəlmanlar özəlliklə hökumətin təpkisiylə üzləşiblər”, – o, “The Wall Street Journal” qəzetinin Avropa nəşrinə deyib.
“Pew” səkkizinci ildir dünyada dinə qarşı məhdudiyyətləri və ədavəti öyrənir. 2012-ci ildən bəri bu sahədə azalma qeydə alınırdı. Amma 2015-ci ildə durum dəyişib, hər bir regionda dini yasaqlar çoxalıb.
Beynəlxalq təşkilatların son bir ildə yaydığı hesabatlarda Azərbaycan ötən illərə baxanda geriləyib. Həmçinin qonşu ölkələrdən geridə qalıb.
“Freedom House” insan haqları təşkilatının aprelin 4-də açıqladığı “Keçid ölkələri 2017” (Nations in Transit 2017) hesabatında deyilir ki, Azərbaycanın demokratiya balı 7-dir. Bununla da Qafqazda sonuncudur. Gürcüstanın balı 4.61, Ermənistanda isə 5.39-dur.
Beynəlxalq “Transparency International” təşkilatının illik açıqladığı “Korrupsiyanı Qavrama İndeksi”ndə Azərbaycan Afrikanın Cibuti, Sierra Leone, Cənubi Asiyadakı Laos, Mərkəzi Amerikadakı Honduras, Paraqvay respublikaları, Meksika və Moldova ilə bir sıradadır. Qafqazın isə korrupsiya çempionudur.
“The Economist Intelligence Unit” beynəlxalq təşkilatının açıqladığı 2016-cı ilin demokratiya indeksində isə Azərbaycan 165 ölkə arasında 148-ci, Qafqaz ölkələri arasında sonuncudur.
Media sahəsində də durum oxşardır. Sərhədsiz Reportyorlar Təşkilatının sonuncu açıqladığı dünyada mətbuat azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 163-cüdür. Ermənistan 74, Gürcüstan isə 64-cü yerdədir.