Penitensiar xidmətin polkovnik-leytenantı həbs edilib

Qaçaq məhbuslar ətrafında cinayət işi genişlənir

Source:


Qaçaq məhbuslar ətrafında cinayət işi genişlənir

Nəsimi Rayon Məhkəməsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Məlumatı “Report”

 yayıb

.

Ona qarşı Cinayət məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə (308.2-ci maddə) yanaşı, mənimsəmə (179-cu) maddəsi ilə də ittiham irəli sürülüb.

Məhkəmə B.Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Ədliyyə Nazirliyi və Baş Prokurorluq Penitensiar Xidmət əməkdaşlarının həbs olunması ilə bağlı birgə yaydığı məlumatda bildirilir ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

İlkin istintaqla müəyyən edilib ki, qarovul heyəti tərəfindən həbs edilmiş şəxslərin etapı zamanı E.Məmmədov və Ə.Ağamiyə münasibətdə “Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar”ın tələblərinə riayət olunmayıb və bu da fövqəladə hadisə – təqsirləndirilən şəxslərin həbsdən qaçmağı ilə nəticələnib.

Mühafizə altından qaçdıqlarına görə E.Məmmədov və Ə.Ağami Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub. Həmin şəxslərdən biri – Ə.Ağami artıq həbs olunub.

Cinayət işi üzrə E.Məmmədovun tutulması, eləcə də cinayətin baş vermə şəraiti, əməllərində cinayət tərkibi olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir.

Qaçaq məhbuslara yardım etdiklərinə görə müğəni Fədayə Laçın, vətəndaş Günay Atakişiyeva və adı çəkilməyən taksi sürücüsü həbs ediliblər.

Ana səhifəXəbərlərPenitensiar xidmətin polkovnik-leytenantı həbs edilib