Paşinyan Rusiya və İran prezidentlərinə Azərbaycanla imzaladığı saziş barədə məlumat verib

Nikol Paşinyan. İllüstrasiya: Meydan TV

Bu gün, avqustun 11-də Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Baş nazirin saytı məlumat yayıb.

Ermənistanın Baş naziri Rusiya Prezidentinə “Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Müqavilə”nin layihəsinin mətninin təsdiqlənməsi və mətnin layihəsinin təsdiqi ilə bağlı danışıqların başa çatması barədə məlumat verib.

Bundan başqa regional və ikitərəfli münasibətlər də müzakirə edilib.

Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan isə rəsmi “Facebook” səhifəsində yazıb ki, Baş nazir, Rusiya Prezidentinə bu il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilmiş danışıqların nəticələrini təqdim edib. Xüsusilə “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında saziş”in paraflanması, ATƏT Minsk Qrupu mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə ünvanlanan birgə müraciət, regional kommunikasiyaların ölkələrin ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında açılması, həmçinin “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsi barədə məlumat verib.

“Baş nazir əmin olduğunu bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması təkcə Ermənistan və Azərbaycan üçün deyil, həm də bütün region ölkələri üçün yeni imkanlar açır. Həmsöhbətlər fəal təmasları və siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər”, – Bağdasaryan belə yazıb.

Bu arada Nikol Paşinyan ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında da telefon danışığı olub.

“Ermənistanın Baş naziri ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən danışıqların nəticələrini İran İslam Respublikasının Prezidentinə təqdim edərək, Ermənistan və Azərbaycan arasında yaradılmış sülhün region üçün geniş imkanlar açdığını vurğulayıb.

Baş nazir Paşinyan vurğulayıb ki, regional kommunikasiya kanalları ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək”, – məlumatda belə deyilir.

Məlumatda həmçinin bildirilir ki, Baş nazir Vaşinqton razılaşmalarını obyektiv qiymətləndirməsinə görə İran Prezidentinə təşəkkür edib və onun Ermənistana gözlənilən səfərinin əhəmiyyətini vurğulayıb.

Pezeşkian isə Ermənistanın suverenliyinin qorunmasının və Yerevan-Bakı tranzit dəhlizinin həyata keçirilməsində hər hansı hərbi və ya təhlükəsizlik qüvvəsinin müdaxilə etməməsinin vacibliyini vurğulayıb. O, həmçinin xəbərdarlıq edib ki, ABŞ tərəfi iqtisadi investisiya adı və sülhü təmin etmə iddiası altında Qafqaz regionunda hegemonluq məqsədləri güdə biləcək addımlar ata bilər.

“Ona əmin olmaq lazımdır ki, bu yol həqiqətən sülh və inkişaf yolu olacaq, yoxsa xaricilərin hegemonluq məqsədlərinə çatmaq üçün bir vasitə olmayacaq,” – o əlavə edib.

Prezident Pezeşkian avqustun 10-da jurnalistlərə açıqlamasında Ermənistan və Azərbaycan liderləri arasında Ağ Evdə imzalanmış son saziş barədə bildirmişdi ki, “Tramp yolu” (TRIPP) barədə saziş İranın tələblərinə cavab verir.

“Bu, xəbərlərdə şişirdildiyi kimi deyil”,  – deyə Prezident bildirib və əlavə edib ki, “İran İslam Respublikasının tələbləri yerinə yetirilib.”

“İslam Respublikasının nəzərdə tutduğu kimi, ərazi bütövlüyünün qorunması, Avropa ilə əlaqənin qurulması və onun şimaldan ayrılmaması çərçivəsi bu məsələdə təmin olunub”.

“Yeganə narahatlıq doğuran məqam isə odur ki, bu yolu bir erməni şirkəti və bir Amerika şirkəti tikmək istəyir”,– o əlavə edib.

Ana səhifəDünyaPaşinyan Rusiya və İran prezidentlərinə Azərbaycanla imzaladığı saziş barədə məlumat verib