Rauf Mirqədirov: ”Yaxın zamanlarda Qarabağ probleminin həllində ciddi gözləntilər olmamalıdır”
Ermənistanda mayın 1-də Baş nazir postuna seçkilər keçiriləcək.
Aprelin 16-dan Ermənistanda keçirilən aksiyanın lideri, deputat Nikol Paşinyan Ermənistanda Baş nazir postuna tək namizəddir.
Baş naziri vəzifəsinə namizədlərin irəli sürülməsi müddəti aprelin 30-da saat 18:00-da yekunlaşıb.
Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, Nikol Paşinyan yeganə namizəd olsa da, səs çoxluğu qazanması vacibdir:
“Ermənistan parlamentində olan 105 deputatın yarısının səsini qazanmalıdır, 50+1. Başqa namizədin olmaması parlamentin yarısının ona səs verəcəyini indidən söyləməyə əsas vermir. Parlamentdə ciddi qüvvələrə nəzarət edən keçmiş prezidentin Robert Koçaryan artıq bu cür Baş nazir seçkisinə etirazını bildirib. İkinci, bu seçkidə Rusiyanın mövqeyi nəzərə alınacaq”.
Rauf Mirqədirovun sözlərinə görə, Paşinyan Baş nazir seçilsə, bu, o deməkdir ki, elitadaxili mübarizədə hamı hamıya qarşı prinsipi həyata keçirildi:
““Çiçəklənən Ermənistan” Partiyası bildirmişdi ki, xalq hərəkatını dəstəkləsələr də, bu, Paşinyana səs verilməsi demək deyil. Birinci mərhələdə Baş nazirin müavini Karapetyan Sarkisyana qarşı oynayırdısa, ikinci mərhələdə Tsarukyan Karapetyana qarşı oynadı. Ölkədaxili qüvvələr nisbəti belədir. Ölkə xaricində qüvvələr nisbətinə gəlincə, Moskvanın razılığı olmadan hazırkı şəraitdə Ermənistanda hakimiyyət dəyişikliyi qeyri-mümkündür. Düzdür, Paşinyan hakimiyyətə gələrsə, Rusiyaya qarşı loyal siyasət yeridəcəyini vəd edir. 30 aprel mitinqində də “Rusiya-Ermənistan dostluğu əbədidir” şüarı vardı. Paşinyan bilir ki, Rusiyanın dəstəyi olmadan hakimiyyətə gəlmək mümkün deyil, gəlsə belə, duruş gətirmək mümkünsüzdür. Bəli, Paşinyan mayın 1-də Baş nazir seçilə bilər. Məsələ ondadır ki, güclü fiqurlar bir-birinqə qarşı olanda, zəif fiqurun qalib gəlməsi ehtimalı mümkündür, özü də bu xalq hərəkatının dalğasında baş verir”.
Amma Rauf Mirqədirov Paşinyanın hakimiyyətə gələndən sonra xarici və daxili siyasətdə ciddi dəyişikliklərə gedəcəyini gözləmir:
“Faktiki olaraq, Paşinyanın bütün mübarizəsi nəticə etibarı ilə “hakimiyyəti mənə verin, mən xalqın namizədiyəm” iddiasına qurban getdi. Məsələ ondadır ki, postsovet məkanında demokratiya şüarları ilə hakimiyyətə gələnlərin heç də hamısı demokratiya daşıyıcıları olmayıb. Ona görə Paşinyanın hakimiyyətə gələcəyi təqdirdə parlament seçkilərini saxtalaşdırmayacağına heç kim təminat verə bilməz. Əslində, parlament seçkiləri ilə baş vermiş hakimiyyət çevrilişinə hüquqi don geyindirilir. Bu, demokratiyanın təntənəsi olmayacaq. Postsovet məkanında demokratiyanın təntənəsinə çalışan lider Yuşşenko olub, yalnız o, Ukraynada seçkiləri öz xeyrinə saxtalaşdırmağa cəhd etmədi və 5 faiz səslə postunu təhvil verdi”.
Siyasi icmalçı bildirib ki, Paşinyan Baş nazir seçilərsə, Qarabağ problemində ciddi dönüş olmayacaq:
“Birinci, Paşinyanın Baş nazir seçilməsi ilə danışıqlarda taym-aut götürülür. Çünki yeni hakimiyyət danışıqlar prosesinin cari vəziyyəti haqda məlumat almalıdır, bu isə vaxt tələb edir. İkinci, Paşinyan xalq hərəkatının dalğasında gəlir, kütlə də siyasətçilərdən daha populist olur. Xatırlayırsınızsa, 90-cı illərdə belə düşüncə vardı ki, xalq hərəkatı hakimiyyətə gələrsə, bütün problemlər tezliklə həllini tapacaq. Kütlə bu cür ümummilli məsələlərdə daha populist və radikal olur. Siyasətçilər də bir çox halda bu populizmin və radikalizmin əsrinə çevrilir, kütlə öz iradəsini siyasətçilərə diktə edir. Onlar da hakimiyyətdə qalmaq üçün kütlənin iradəsini nəzərə alırlar. Paşinyan prinsipcə, bu radikalizmin və populizmin məhsuludur. Ona görə Paşinyan hakimiyyətə gələrsə, Sarkisyandan mülayim mövqe tutmayacaq, ən azı ilk dövrlərdə. Dağlıq Qarabağ haqda bəyanatları da məlumdur. Bu baxımdan yaxın zamanlarda Qarabağ probleminin həllində ciddi gözləntilər olmamalıdır”.
Aprelin 16-da Ermənistanda keçmiş president Serj Sarkisyanın Baş nazir olmasına etiraz aksiyası başlanıb. Nəticədə Baş nazir seçilən S.Sarkisyan istefa verib. Aksiyaya liderlik edən deputat-jurnalist Nikol Paşinyan Baş nazir olmaq iddiasındadır. O, hazırda bu posta yeganə namizəddir.