Partlayışdan sonrakı Giləzi

Sakinlər kompensasiya almadıqlarını deyirlər

Source:

Giləzidəki hərbi hissədə baş vermiş böyük partlayışın şahidi və eyni zamanda zərərçəkəni olan kənd sakinləri dövlətin yardım etməsi ilə bağlı məlumatların həqiqətəuyğun olmadığını bildirirlər.

27 avqust 2017-ci il tarixində Xızı rayonunda yerləşən hərbi hissələrdən birində səbəbi hələ də müəmmalı qalan yanğın baş verdi və nəticədə silah anbarlarında güclü

partlayış oldu

.

Hərbi hissənin içərisindəki tibb məntəqəsi, hərbçilərin yaşadığı yataqxana yararsız hala düşdü. Bu qədər mərminin partlamasına baxmayaq, həftənin bazar günü olduğu üçün ölüm hadisəsi baş vermədiyi ehtimal edilsə də, 6 nəfər xəsarət aldığı bildirildi.

Rəsmi məlumatlara görə, partlayış nəticəsində hərbi hissəyə yaxın olan Sitalçay, Giləzi, Məmmədhəsən və Şuraabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyə edilib, Fövqəladə Hallar Nazirliyi tərəfindən qurulmuş müvəqqəti çadırlara

yerləşdiriliblər

.

Lakin bəzi kənd sakinlərinin sözlərinə görə, yalnız partlayış baş verən ərazidən 10 km-dək aralı məsafədə iki çadır qurulub.

Giləzi hərbi hissədən 5 km məsafədə yerləşən və partlayışdan daha çox ziyan çəkən qəsəbədir. Bura bəlkə də Azərbaycanın ən kasıb qəsəbələrindən biridir. Evlərin hamısı köhnə, hasarlar uçuq-sökük, yollar isə bərbad vəziyyətdədir.

“ Güclü partlayış səsləri eşitdim. Əvvəlcə elə bildim ki, təlim keçirlər. Sonra gördüm ki, səs yaxınlaşmağa başlayır”, – deyən qəsəbə sakini Bünyətəli Bünyatov oğlunun həmin hərbi hissədə işlədiyini bildirdi:

“ Tez çıxdım dəmiryol xəttinin üstünə. Gördüm ki, alov qalxır. Oğluma çoxlu zəng edirdim, telefon çağırırdı, ancaq uşaq telefonu götürmürdü. Bir xeyli keçdikdən sonra gördüm oğlum özü zəng edib dedi ki, evdədi. Mənim də evə qayıtmağımı istədi. Yolla gedərkən elə bilirdim kəndimizi bombalayırlar. Gözümün qabağında bir neçə yerə mərmi düşdü”.

Sovet dönəmində tikilmiş bu sursatxanada əsasən, qrad, tank, top və minaatan mərmilər saxlanılır. Partlayış baş verən zaman mərmilər 5-10 km əraziyə səpələnib. Hərbi hissəyə yaxın olan kəndlər – Sitalçay, Giləzi, Məmmədhəsən və Şuraabad, Zəvər, Upa, Tıxlı, Dərmiyan, Xəzər dənizi və Giləzi dağları mərmilərin sanki partlayış meydanına çevrilib.

Giləzi qəsəbəsi ilə partlayış baş verən ərazi arasındakı məsafə 5 km-dir. Ancaq mərmilərin düşdüyü yer 10 km məsafədən çox ərazini əhatə edib. Giləzi qəsəbəsindən əlavə, mərmilər Xəzər dənizinə də tökülüb. Hərbi hissədə işləyənlərin bildirdiyinə görə, mərmilərin ucları dağlar və Xəzər dənizi istiqamətində yığılıb ki, hər hansı bir hadisənin baş verəcəyi zaman mərmilər dinc əhalinin yaşadığı istiqamətə yox, boş ərazilərə düşsün.

Ağabacı İbrahimovanın sözlərinə görə, evinin yaxınlığına çoxlu sayda mərmi düşüb. Düşən mərmilər nəticəsində isə isə evin divarlarında ciddi çartlar əmələ gəlib.

O, partlayış zamanı evin titrədiyini deyir:

“ Qonşumuz Rafimgilin evinə mərmi düşdü. Həmin an sanki ev başıma uçacaqdı. Hamı qaçırdı. Camaat başını götürüb qəsəbədən çıxırdı. Ancaq mən evimi tərk etmədim. Günümü görüb, dövranımı sürmüşəm, oğlumun bir maşını var, dedim, uşaqları çıxarsın”.

A.İbrahimovanın oğlu onu da evdən aparmağa çalışsa da, qadın evi tərk etməyib:

“ Gördük ki, gəlib maraqlanan yoxdur, evdəki çatları örtmək üçün usta çağırtdırıb bir qismini təmir elətdirdim. Ancaq bunu mən etməli deyildim. Dəyən ziyana görə FHN-dən qeydiyyat aparanlara gedib deyirik ki, evdə çatlar əmələ gəlib, deyirlər, kimin evinə bir daş düşüb gəlir üstümüzə ki, gəlin evimi təmir edin”.

Evinə və həyətinə ciddi ziyan dəyənlərdən biri də Rafin Ağayevdir. Rafin partlayış baş verən zaman gördüklərini də bölüşdü:

“ Səhər saat 9 radələri idi. Həyətdə oturmuşduq. Partlayış səsi gəlməyə başladı. Əvvəlcə elə bildik ki, təlimdir. Çünki buradakı dağlarda təlimlər keçirilir. Evlərdə titrəyiş baş verdiyini müşahidə etdik. Çıxdım ki, görüm nə olub. Maşınıma oturmuşdum ki, göy üzünü duman bürüdü. Məhəlləmizdən bir uşaq qaça-qaça gəldi ki, hərbi hissədə partlayış olub, qaçmaq lazımdır. Qardaşımın biri hərbçidir. Ona zəng elədim, o da dedi ki, uşaqları götürüb tez kəndi tərk edim. Uşaqlarımı maşına yığıb tez kənddən çıxdıq”.

Ağayevin sözlərinə görə, ailəsini qohumlarına və daha təhlükəsiz yerə götürdükdən sonra anası ilə birgə yenidən qəsəbəyə qayıdıb:

“ Maşınımdan bir qədər öndə mərmi düşdü. Qorxmağa başladım. Atamı itirmişdim. Sonra mənə zəng etdilər ki, atan Zaratın postundadır. Atamı tapmaq üçün gedəndə də zəng gəldi ki, həyətin alışıb, yanır”.

Polislərin kənd əhalisinə mane olduğunu deyən R.Ağayev bildirdi ki, onları kəndə buraxmırdılar:

“ Deyirdilər ki, kəndə nəzarət edirik. Ancaq heç bir nəzarətdən söhbət gedə bilməzdi. Nəzarət ancaq patrul xidmətinin kəndin arasında gəzməsi idi”.

Həyətlərinə mərmi düşməsi nəticəsində ot tayalalarının yandığını deyən Rafin Ağayev bildirdi ki, ona 3 min manatdan çox maddi ziyan dəyib:

“ Həyətimdə 1000 bağdan çox ot var idi. Hər bir bağı isə 2 manat 70 qəpiyə almışdım. Otu almaq üçün “Kapital bank”dan 2000 manat kredit götürümüşdüm. Sentyabrın7-də həmin kreditin 2-ci ayını ödəmişəm, ot da yanıb. Evimə və həyətimə dəyən maddi ziyana görə nəinki yardım edirlər, heç bankın krediti bir müddətlik dayandırmasına da kömək etmirlər. Əgər mənə dəyən ziyan öz səhlənkarlığımdan olsaydı, dövlətdən nə isə ummazdım. Ancaq faktiki olaraq bu, dövlətin günahıdır və buna görə yardım etməlidir. Komissiyanın nümayəndələrindən biri mənə dedi ki, yanan 1000 bağın yarısının pulunu al, get Allahına dua elə”.

Ağayev deyir ki, çətinliklə də olsa kəndə giriblər. Sonra qonşuları ilə birlikdə yanğını söndürməyə çalışsa da, bu, mümkünsüz olub:

“ Kənd uşaqları sağ olsun. Onların sayəsində yanğının qarşısını alırdıq. Hamı su daşıyıb, yanğının qarşısını almağa çalışırdı. Bir yanğınsöndürən maşın göndərdilər, onun da suyu yox idi. Ot tayamız, belə desək, özü yandı, söndü. Yanan otları öz cibimdən 150 manat verərək daşıtdırıb zibilliyə atmışam”.

Rafin Ağayevin həyətində yanmış ot tayasından əlavə, heyvanların saxlanıldığı damın da uçduğunu görürük. Bundan başqa, yanğın zamanı yaranan hərarətdən evlərin plastikdən olan pəncərələri də əriyərək yarasız hala düşüb. Zərbənin gücündən evin divarlarında çatlar əmələ gəlib.

Qəsəbədə evlərə dəyən ziyana görə dövlət qurumlarının hansısa addım atmasına gəlincə, R.Ağayev qeyd etdi ki, Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı yazı-pozu işləri aparır, lakin bir nəticəsinin olub-olmayacağını bildirmir.

Dövlət orqanlarından kiminsə onların həyətinə gəlib dəyən ziyanla maraqlanmadığını görən R.Ağayev, ilk olaraq icra hakimiyyətinə gedib. O, Xızı rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən otaqdan qovulduğunu söyləyir:

“ Giləzi qəsəbəsində informatika müəllimi işləyirəm. İcra başçısının müavini məni hədələdi ki, səninlə müdirin danışacaq. Müdirimlə mənə hədə-qorxu gəlirlər ki, haqqımı tələb etməyim”.

R.Aöayev onu da dedi ki, qəsəbə evakuasiya edilməyib: “Hansı evakuasiyadan söhbət gedir? Çadırların qurulması da yalandır. Göstəriş üçün iki çadır qurmuşdular. Yaxşı ki, qohumlar var idi. Uşaqlarım ac-susuz Beşbarmaq pirinin yanında qalmışdılar”.

Partlayış nəticəsində evinə ciddi ziyan dəymiş Giləzi qəsəbəsinin digər sakini Camil Şahkərəmovun da evində olduq. Mərmi C.Şahkərəmovun evinin tavanından içinə düşüb. Evin arxasına da mərmi düşüb. Həmin mərmi təxminənən 2 metrə yaxın dərinliyə girib, ancaq partlamayıb. ANAMA-nın mütəxəssisləri həmin mərmini qazıb çıxardıblar. Mərminin zərbəsindən evin arxa tərəfi uçmaq təhlükəsi ilə üz-üzədir, tavandan girən mərmi isə evin iki divarını uçurub.

“ Gəlib evi qeydiyyata aldılar, ancaq heç vəd də vermədilər ki, təmir edəcəklər, ya yox”, – deyə C.Şahkərəmov bildirdi:

“ ANAMA-nın bir işçisi var idi, dedi, kəndinizin adın dəyişib “möcüzələr kəndi” qoyun. Bu qədər mərmi ilə heç kəs xəsarət almadı. Təsəvvür edin, uşaqlar evdən çıxan zaman mərmi tavandan içəri girib”.

Giləzi qəsəbəsində baş çəkdiyimiz 15-dən çox evə ziyan dəyib.

Zəvər, Upa, Tıxlı, Dərmiyan kəndlərinin otlaq sahələri yanıb, kül olub, Sitalçayda bir neçə həyətə, Şuraabadda isə bir həyətə mərmi düşüb.

Zəvər, Upa, Tıxlı, Dərmiyan kəndlərində olarkən kənd sakinləri bildirdi ki, otlaq sahələri kül olub. Ona görə də, heyvanları ac qalır. Kənd sakinləri heyvanların bu qışdan necə çıxacağını düşünürlər.

Sitalçay sakini Cəmil Həsənov deyir ki, partlayış baş verən zaman hamı başını itirib küçələrə düşmüşdü:

“ Gecə televizora baxanda isə şoka düşdük. Xəbərlərdə deyirdilər ki, partlayış baş verən hərbi hissənin yaxınlığındakı kəndlər evakuasiya edilib, onlara çadırlar qurulub. Bu boyda da yalan olmaz, a kişi. Allahın suyunu verən olmadı. Əksinə, polis bizi oradan-ora qovurdu, buradan-bura”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Vuqar Novruzov vətəndaşların şikayətlərinə cavab olaraq bildirdi ki, FHN hadisə baş verən gün ərazidə çadırlar qurmuşdu:

“ Kimlər müracitə edirdisə, onlara qalmağa şərait yaradılırdı. Çadırların qurulması və insanların müraciət etmələri ilə bağlı rəsmi məlumat da yaymışdıq. Vətəndaşlar niyə müraciət etməyib, bilmirəm”.

Vətəndaşlara veriləcək kompensasiyalara gəlincə, V.Novruzov qeyd etdi ki, bununla bağlı dəqiq məlumatları yoxdur. Bu məsələ araşdırıldıqdan sonra cavab veriləcək.

Ana səhifəAnalitikaPartlayışdan sonrakı Giləzi