“Ümid edirəm ki, vəziyyətim yaxşılaşacaq, amma xəstəlikdən qurtulmaq mümkün deyil”
Danimarkalı rejissor və ssenarist Lars fon Trier Venesiya Film Festivalı çərçivəsində keçirilən mətbuat konfransında parkinson xəstəliyi ilə mübarizəsindən danışıb.
Rejissor etiraf edib ki, parkinson diaqnozu ona dörd ay öncə qoyulsa da, bu xəstəliklə illərlə yaşayıb.
Kinematoqraf söhbəti zamanı yaradıcılığına fasilə verəcəyini deyib.
“Bundan sonra nə edəcəyimi anlamaq üçün qısa fasilə verəcəyəm. Ümid edirəm ki, vəziyyətim yaxşılaşacaq. Bu xəstəlikdən qurtulmaq mümkün deyil, lakin simptomların qarşısını almağa çalışacağıq”, – rejissor bildirib.
Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxildir.
Xəstəlik insan beynində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.
Xəstəlik zamanı müvazinətin koordinasiya edilməsində çətinlik yarandığı üçün əl, qol, ayaqlar və çənə əsməyə başlayır.
Rejissor deyib ki, əllərinin, çənəsinin əsməsinə alışmalı və buna görə insanlar qarşısında utanmamağı öyrənməlidir.
Lars fon Trierin Parkinson xəstəliyinə tutulması faktı 2022-ci il avqustun əvvəlində məlum olub.
Onun vəziyyətinin yaxşı olduğu, simptomlara görə müalicə aldığı bildirilib.