Zərdüşt Əlizadə
Azərbaycan seçim qarşısındadır…
“Atı atın yanına bağlayarsan, rəngin də götürməsə, məzacını götürər”. Yaxşı məsəldir, qonşu xalqların oxşarlığını da, fərqini də izah edir.
İndi Yerevanda hakimiyyəti və xalqı soymaq imkanını itirmiş Qarabağ mafiyası Mirzə Cəlilin “Bəlkə də qaytardılar” hekayəsinin son qiraətini dinləyir. Bütün imkanlarını və fəndləri sınayandan sonra sabiq hakimiyyət əmin olub ki, xeyri yoxdur, camaat daha onlara inanmır, məcburən son ümid kimi irəli verib erməni mollasını, yəni keşiş Baqratı.
Gözünə döndüyüm Baqrat irəli çıxandan sonra paxırı açılıb, məlum olub ki, Ermənistana sevgisi və vətəninin gələcəyinə inamı o qədər böyükmüş ki, özünə, hər ehtimala qarşı, Kanada pasportu düzəldibmiş.
Lakin erməni cəmiyyətində belə tühaf xırdalıqlara fikir verməzlər, erməni insanının bir gözü, milli adətə uyğun olaraq, dünyanın müxtəlif dövlətlərindədir. Baqratın xarici pasportundan daha önəmlisi onun mitinq zamanı geydiyi ağ libas oldu. Erməni cəmiyyəti Baqratın söylədiyi və ya söyləmədiyi fikirlərdən daha çox onun əynindəki dümağ ləbbadəni müzakirə etdi.
Öz aramızdır, bizdə də mitinqə toplaşan müdrik xalq natiqlərin səsləndirdiyi sözlərə onların məzmununa görə deyil, bu sözlərin onların gizli daxili aləmində uyuyan şirin xəyal-plovları qıcıqlandırma dərəcəsinə görə qiymət verərdilər.
Bu cəhət bizim onlarla oxşar, ya fərqli cəhətimizdir, özünüz deyin, mən desəm, yüz qəmbərqulu çıxar.
Son mitinq dalğası barədə deyirlər ki, onun arxasında Robert Köçəryan, onun da arxasında Moskva dayanıb və bu mitinqin təşkilinə xeyli pul buraxılıb. Amma cənab Köçəryan çalışır ki, üzdə olmasın, gözə çarpmasın. Sadəcə Baqrat tez-tez onun təşrifinə buyurur və müdrik erməni əhalisi baxır, baxır, fəqət heç zad görmür, görsə də, anlamır.
Bizdə də camaat çox görərdi ki, şanlı milli-azadlıq mübarizəmizin şəksiz lideri tez-tez məsləhət üçün bizim Ulu öndərin əyan-əşrəfinin hüzuruna gedərdi. Baxardı, görərdi, fəqət bir şey anlamazdı. Anlamağa başlayanda isə məlum oldu ki, “gecdir, Rita, sən oğrunu sevmisən”, “oba köçüb, yurdu qaıb”.
Baqratın Tavuşdakı kilsəsində Həzrəti-İsanın şəkli ilə yanaşı Köçəryanın də şəkli asılıbmı, imanımı yandırıb deyə bilmərəm, amma bizdə o vaxt hamı da olmasa, əksəriyyət bilirdi ki, şəksiz liderin yaşadığı xudmani hücrənin divarında bizim Ulu öndərin şəkli asılıb. Bilirdi, amma bu pünhan məhəbbət müəmmasının sirrini heç cür açammırdı. Çox baş sındırırdı, fəqət aça bilmirdi. Sirri açmağa başlayanda, bəlli oldu ki, bu, heç sirr deyil, sadəcə ülvi məhəbbətdir. Bu sadə sirri anlayanda, məlum oldu ki, gecdir, “daldan atılan daş topuğa dəyər”.
Yerevandakı indiki mitinqə, deyilənə görə, 30 min adam toplaşıb. Bu toplaşan adamların say məsələsində də, sizi bilmirəm, amma mən özüm böyük oxşarlıq görürəm. Mitinq universitetlərində ilk mərhələdə oxumaq istəyənlərin sayı hərəkatın əvvəlində bizdə yüz minə çatırdısa, 20 Yanvar qəziyyəsindən sonra, məsələn, QKÇP şəbədəsindən sonra, AXC 1991-ci ilin avqustunda Bakıda Boris Yeltsinlə həmrəylik mitinqi çağıranda, say 30 minə güclə çatırdı. Düzdür, həmin bu 30 minlik say AXC-yə sonradan bir dənə xudmani dövlət çevrilişi təşkil etməyə mane olmadı. Lakin, insaf xatirinə, 1992-ci ilin 15 may dövlət çevrilişinin fəziləti AXC-nin cəsarətinin idi, ya ABŞ-ın və Türkiyənin kəşfiyyat qurumlarının zabitlərinin hünərinin, ya ağciyər Ayaz Mütəllibovun dünyada analoqu olmayan maymaqlığının, bu məsələ hələ də müzakirə mövzusudur. Bu barədə Tomas Qolts özünün “Azərbaycan gündəliyi” əsərində, sizin həqir bəndəniz “İkinci respublikanın sonu” xatirəmdə yazmışam, lakin bu yazılar müdrik xalqımızın şüurunda heç bir mikron dərinliyində cızıq izi qoymayıb.
Hər halda, burada fərqdən çox oxşarlıq tapmaq olar. Mən mitinq iştirakçılarının sayını nəzərdə tuturam.
Həmin vaxt Bakıdakı AXC mitinqlərində Kremlin atalıq qayğısı sayəsində Qarabağın halvası çalınırdısa, indiki Yerevan mitinqlərində, Qarabağ mətləbinə artıq əncam çəkildiyini nəzərə alsaq, Ermənistanın hakimiyyət halvasının davası gedir. Mətləbin cövhəri o vaxt bizdə kim Qarabağı verib hakimiyyəti götürəcək idisə, Ermənistanda indi kim torpağı bəhanə edib hakimiyyətə yiyə duracaqdır mətləbidir. Baqratı məhz bu mətləbə görə ortaya salıblar. O vaxt bizdə ortada AXC “fəalları” meydan sulayırdı, onlarda indi Baqrat at oynadır. Mən bu oxşar mənzərədə fərqi onda görürəm ki, Yerevanda maymaq Mütəllibovun tayı görünmür.
Paşinyanda nə qədər desən nöqsan tapmaq olar, amma hakimiyyəti Köçəryana peşkəş etmək niyyəti onda əsla yoxdur.
Onlarda və bizdə, o vaxt və indi, oxşar cəhət ondan ibarətdir ki, Moskva Mütəllibovu devirmək istəyirdi, Paşinyanı da devirmək istəyir. Mütəllibovu ona görə devirmək istəyirdi ki, ağciyər prezident AXC qoçularının qorxusundan KTMT-yə girməkdən imtina edirdi. Bəli, Kreml AXC-nin əli ilə Mütəllibovu devirdi, nəhayətdə ona nail oldu ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan KTMT-yə üzv də oldu, lakin fürsət düşən kimi, aradan çıxdı.
Kreml Paşinyanı isə ona görə devirmək istəyir ki, Paşinyan KTMT-nin bivecliyini anlayıb oradan çıxmaq istəyir. Hələlik ona nail olub ki, lap elə 1993-cü ilin yayındakı bizim AXC maralları kimi, Ermənistanın KTMT-dəki üzvlüyünü “dondurub”.
Başı Ukrayna ilə müharibəyə qarışmış Kreml Ermənistanın bu şıltaqlığına göz yumur, ümid edir ki, başı açılanda, girəvə tapıb cəzasını verəcək. Hələliksə sülh müqaviləsinin bağlanma şərtlərinin sayını artıran Azərbaycana məmnuniyyətlə tamaşa edir.
Azərbaycan seçim qarşısındadır: ya indiki münasib şəraitdən istifadə edib sürətlə çərçivə sülh sazişi bağlamaq və bölgədə əmin-amanlığı və əməkdaşlığı təmin edə biləcək yeni bir mühiti yaratmaq, ya da Azərbaycan qarşısında ağır cinayətlər törətmiş Ermənistanı tam cəzalandırmaq məqsədilə həyatımızı intiqama sərf etmək.
Həm birinci, həm ikinci yol mümkündür.
Ermənistan ömrü boyu ikinci yolla gedib, axırı hara çıxıb, dəxi izaha ehtiyac yoxdur.