Kinorejissor: “Bizdə distribusiya məsələsi bir az zəifdir”
Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası 2022-ci ildə “Oskar” mükafatı uğrunda mübarizə aparacaq namizədlərin siyahısını açıqlayıb.
Bu il “Ən yaxşı film” nominasiyasında “Dune”, “Belfast”, “Don’t Look Up”, “West Side Story”, “Coda”, “The Power of the Dog”, “Licorice Pizza”, “Nightmare Alley”, “King Richard” və Yaponiya istehsalı “Drive My Car” – 10 filmləri arasında rəqabət olacaq.
“Ən yaxşı rejissor” adı uğrunda Kennet Brana, Ryusuke Hamaquti, Pol Tomas Anderson, Ceyn Kempion və Stiven Spilberq mübarizə aparacaq.
“Ən yaxşı aktrisa” nominasiyasına Nikol Kidman (“Being the Ricardos”), Oliviya Kolman (“The Lost Daughter”) , Penelopa Kruz (“Parallel Mothers”), Cessika Çesteyn (“The Eyes of Tammy Faye”) və Kristen Stüart (“Spencer”) iddialıdır.
“Ən yaxşı aktyor” isə Havyer Bardem (“Being the Ricardos”), Benedikt Kamberbetç (“The Power of the Dog”), Endryu Qarfild (“Tick, Tick… Boom!”), Uill Smit (“King Richard”), yaxud Denzel Vaşinqton (“The Tragedy of Macbeth”) ola bilər.
“Xarici dildə ən yaxşı film” nominasiyasında Ryusuke Hamaquti “Drive My Car”, Yonas Poer Rasmussenin “Flee”, Paolo Sorrentinonun “The Hand of God”, Pavo Çoyninq Dorjinin “Lunana: A Yak in the Classroom”, Joakim Trierin “The Worst Person in the World” filmləri yarışacaq.
“Xarici dildə ən yaxşı film” nominasiyası üzrə uzun siyahıda təqdim olunan filmlərin sayı 93 olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı bu nominasiya üzrə “Oskar”a Rüfət Həsənovun rejissoru və ssenari müəllifi olduğu “Daxildəki ada” filmini göndərmişdi. Lakin “Daxildəki ada” 2021-ci il dekabrın 21-də elan olunan “shortlist”ə düşə bilməyib.
Filmdə əsas rollarda Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl çəkilib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası, “Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” və “Debüt” Studiyasının birgə istehsalı olaraq çəkilən “Daxildəki ada”, Sarayevo Film Festivalının “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.
Kinematoqrafçılar İttifaqının Oskar Komitəsinin katibi, kinorejissor Şamil Əliyev Meydan TV-yə açıqlamasında deyir ki, beynəlxalq yarışmanın əsas siyahısına düşmək üçün dünya səviyyəsində təbliğat işləri aparılmalıdır: “Bizdə distribusiya məsələsi bir az zəifdir. İstehsalçı studiya filmin təbliği ilə məşğul olmalıdır. Amerika Kino Akademiyasına təqdim olunan filmlərin büdcəsinin 30 faizi təbliğə xərclənir. Tutaq ki, filmin büdcəsi 50 milyon dollardırsa, çəkilişlərdən sonra əlavə 20 milyon dollar da reklamına xərclənilir. Bizdə kino sənayesi hələ bu səviyyədə deyil”.
Rejissor hesab edir ki, çəkilən yerli filmlərin dünya bazarında təbliğinə xüsusi diqqət yetirilməlidir: “Azərbaycan kinosu sovet kino sənayesinin tərkibində idi. Sovetlər dağılandan sonra artıq Azərbaycan öz kino sənayesini qurmaq məcburiyyətində qaldı. Arada müharibə, digər hadisələr baş verdi ki, bu da kinoya öz təsirini göstərdi. Artıq bu maneələr arxadadır. İstər-istəməz biz öz kino sənayemizi qurmalıyıq. Beynəlxalq distribusiyada çox aktiv iştirak edə bilmirik. Beynəlxalq festivallara çıxmaqla kifayətlənirik. Hesab edirəm ki, beynəlxalq bazarlarda aktiv iştirak etmək vacibdir”.
Azərbaycan 2007-ci ildən “Xarici dildə ən yaxşı film” üzrə “Oskar” mükafatına filmlərini təqdim edir.
“Qafqaz” (“Caucasia”) – rejissor Fərid Hümbətov (2007), “Qala” (“Fortress”) – rejissor Şamil Nəcəfzadə (2008), “Sahə” (“ThePrecinct”) rejissor İlqar Safat (2010), “Buta” (“Buta”) – rejissor İqlar Nəcəf(2012), “Çölçü” (“Steppe Man”) – rejissor Şamil Əliyev (2013), “Nabat” (“Nabat”) – rejissor: Elçin Musaoğlu (2014), “Nar bağı” (“Pomegranate Orchard”)– rejissor İlqar Nəcəf (2017) filmləri “Oskar”a təqdim olunsa da, namizədlikləri irəli sürülməyib.