Lütfi Qədirov barəsində həbs-qətimkan tədbiri seçilib
Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri Lütfi Qədirovun rüşvət alması haqda şübhələr var.
Bu barədə araşdırmanı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparıb.
Baş Prokurorluğun yaydığı açıqlamada bildirilir ki, Lütfi Qədirov tabeçiliyində olan əməkdaşlardan külli miqdarda rüşvət alıb. Təxminən 54 min manatdan artıq.
“O, bu işdə orkestrin digər vəzifəli şəxsləri ilə əlbir olub. Hazırda həmin şəxslərin kimliyi araşdırılır. Onlar işə gəlməyən adamların əmək müqaviləsinə xitam verməyiblər. Adlarını işdə saxlayıblar. Onlara yazılan maaşı özləri alıblar. Əvəzində həmin şəxslərə əmək stajı yazılıb. Söhbət 54 min manatdan artıq pulun mənimsənilməsindən gedir”.
Prokurorluq bildirir ki, bu cinayət əməllərinə görə Lütfi Qədirova Cinayət Məcəlləsinin 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunub. Barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib:
“Hazırda cinayət işi üzrə digər təqsirli olan digər şəxslər axtarılır”.
Meydan TV Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin əməkdaşları ilə əlaqə saxlaya bilməyib. Lütfi Qədirovun vəkili və ya yaxınları bu haqda hər hansı məlumat yaymayıblar.