Oqtay Gülalıyevin oğlu: Məhkəmə prosesini bilərəkdən uzadırlar

T.Gülalıyev atasının bu duruma düşməsində günahı olanların cəzası qalmasından da gileylənir

Source:


Hüquq müdafiəçisi təkrar əməliyyat olunub

8 aydır koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev iyunun 25-də növbəti dəfə başından əməliyyat olunub. Bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib.

Oğlunun sözlərinə görə, ilk əməliyyat zamanı götürülmüş kəllə sümüyü yerinə qoyulub. İlk əməliyyatdan sonra basin sol beyin hissəsindən sümük götürüldüyünə görə həmin hissə açıq qalmışdı. İndi o hissə örtülüb. Əməliyyat təxminən 4 saat çəkib: “Ümid edirik ki, son əməliyyat onun üçün müsbət dəyişiklərə doğru yol açacaq”.

O.Gülaliyev birinci dəfə Bakıda, iki dəfə də İstanbuldakı klinikada əməliyyat edilmişdi. Bu, son 8 ayda hüquq müdafiəçisinin başında dördüncü cərrahiyyə əməliyyatıdır.

T.Gülalıyev atasının bu duruma düşməsində günahı olanların cəzası qalmasından da gileylənir: “Məlum qəzadan 8 ay keçməsinə baxmayaraq, hələ də atamın bu durumda olmasının səbəbkarları cinayət məsuliyyətinə cəlb olunmayıblar. İstintaqı aparan müstəntiqi işdən çıxarıblar. Vəkilimiz Fuad Ağayevin “City hospital”da atamın əməliyyatının gecikdirilməsi ilə bağlı verdiyi vəsatətləri qəbul etməyiblər. Məhkəmə prosesini bilərəkdən uzadırlar”.

O.Gülalıyevin bu duruma düşməsinə səbəb olan yol-nəqliyyat hadisəsi ötən il oktyabrın 29-da axşam saat 18.00 radələrində partaxtın 28 May və Puşkin küçələrinin kəsişməsində baş verib. Piyada O.Gülalıyev yaşıl işıqda yolu keçərkən “Hyundai” markalı, 90-PZ-543 dövlət nömrə nişanlı avtomobil onu vurub. Amma avtomobilin sürücüsü Kənan Abdullayev dərhal onu Kliniki Tibbi Mərkəzə çatdırıb.

Hüquq müdafiəçisinin fəaliyyəti, onun hökumətin ünvanına tənqidlərinə görə qəsdən vurulması barədə ehtimallar irəli sürülsə də, sürücü K.Abdullayev bu haqda deyilənləri təkzib edib. O bildirib ki. O.Gülalıyevi əvvəldən tanımayıb. Taksi sürücüsü kimi fəaliyyət göstərən K.Abdullayevin sözlərinə görə, hadisə özünün diqqətsizliyi nəticəsində baş verib.

Ona qarşı Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti qaydalarını pozma – zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasətOqtay Gülalıyevin oğlu: Məhkəmə prosesini bilərəkdən uzadırlar