”Onlayn kredit ödənişləri 2 dəfə azalıb”

Devalvasiyadan sonra banklara kredit borclarının geri qaytarılmasının azalması ödəniş sistemlərində də özünü göstərir

Source:


Devalvasiyadan sonra banklara kredit borclarının geri qaytarılmasının azalması ödəniş sistemlərində də özünü göstərir

Azərbaycanın ən böyük onlayın ödəniş sisteminin sahibi olan “Qoldenpey” şirkətinin təsisçisi və rəhbəri Fərid İsmayılzadə “Marja”ya bildirib ki, “Hesab.az” sistemi ilə ödənişlərin məbləği iki dəfə azalıb:

“Dekabr ayında və Yanvar ayının ötən dövründə Hesab.az sistemi vasitəsilə kredit ödənişlərinin məbləği 2 dəfə azalıb. Hazırda da azalma sürətlə davam edir”.

“Qoldenpey”in sahibi əlavə edib ki, kredit kartları ilə ödənişlər yarıbayarı azalıb:

“Artıq bankların kredit kartlarını sərt tələblər əsasında satması və ayrılan kredit xəttini məhdudlaşdırmaları onlayn ödənişlərin azalmasında da özünü göstərir”.

Fərid İsmayılzadə qeyd edib ki, digər kommunal və rabitə kimi xidmətlərə görə ödənişlər hələlik stabil qalır:

“Amma iş yerlərinin bağlanması və insanların ixtisar olunması barədə yayılan xəbərlər məni narahat edir. İnsanlar işdən çıxdığı üçün əmək haqqı kartlarının sayı azalır. Bu gələcəkdə, bütün onlayn ödənişlərin azalması ilə nəticələnə bilər”.

Mərkəzi Bankın məlumatına görə, ötən ilin Noyabr ayında əməkhaqqı kartlarının sayı 10 min ədəd azalaraq 1 milyon 483 min ədəddən 1 milyon 473 min ədədə düşüb. Əməkhaqqı kartlarının sayının azalması iş yerlərinin bağlandığına işarə edir.

Kredit kartlarının sayı ötən ilin Noyabr ayının sonunda 1 milyon 89 min ədəd olub. Bu, ötən ilin Yanvar ayının sonu ilə müqayisədə 233 min ədəd və ya 17,6 faiz azdır. 2015-ci ilin Yanvarında kredit kartlarının sayı 1 milyon 322 min ədədə çıxmışdı. Fevraldakı devalvasiyadan sonra kredit kartlarının sayı hər ay orta hesabla 23 min ədəd azalıb.

Ana səhifəXəbərlər”Onlayn kredit ödənişləri 2 dəfə azalıb”