Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvləri ilə görüşüblər.
Meydan TV-nin Ombudsman Aparatının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə MPQ-nin həkim üzvü də iştirak edib.
Həmin şəxslərlə konfidensial qaydada söhbət zamanı onlar saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, səhhətlərində hər-hansı bir pozuntu aşkar olunmayıb.
Eyni zamanda adı çəkilən şəxslər 17 aprel 2014-cü il tarixdən aclıq aksiyası keçirdiklərini bildirsələr də, bu barədə yazılı qaydada BİT-in rəhbərliyinə müraciət etməyiblər.
Habelə müəyyən edilib ki, adı çəkilən şəxslər əvvəlki kamera yoldaşları ilə bir yerdə saxlanılır, müəssisə həkimi tərəfindən bir neçə dəfə müayinə olunublar.
MPQ-nin həkim üzvü həmin şəxslərin bəzilərini maraqlandıran sualları cavablandırmışdır. Eyni zamanda müəssisə həkiminə onların vəziyyətini nəzarətdə saxlaması tapşırılıb.
Meydan TV