''Ölkənin paytaxtında susuz yaşayırıq''

Suraxanıya su xətti çəkilərkən

Suraxanıya su xətti çəkilərkən

Suraxanı rayon sakini Su İdarəsindən narazıdır

“İllərdir evimizin su xətti yoxdur. Susuz yaşayırıq. Məhəlləmizə su xətti çəkirlər. Su idarəsinə zəng edib evimizə də çəkdirmək istədiyimi dedim. Bildirdilər ki, bu, öz hesabıma ola bilər. Razılaşdım, həmin ödəyəcəyim pulun müqabilində mənə qəbz verilib-verilməyəcəyini soruşanda “yox, verilməyəcək” deyildi. Deməli, idarə məndən mədənicəsinə rüşvət istəyir”, - Suraxanı rayon sakini Ruslan Hüseyn belə deyir.

O, bu barədə Meydan TV-yə yazıb. Bildirib ki, Suraxanı Su İdarəsi ondan evinə su çəkmək üçün rüşvət istəyir. Yoxsa, ödəyəcəyi pulun qarşılığında qəbz verərdilər:

“Məhəlləmizdə yer qazılıb, borular gətirilib. Evə su çəkmək əllərində heç nədir. 2018-ci ilə çatmışıq, ölkənin paytaxtında hələ də susuz yaşayırıq. Suraxanı Su İdarəsindən mənə deyirlər ki, məhəlləyə çəkilən su xəttinin Azərbaycan hökümətinə heç bir aidiyyatı yoxdur, yalnız pul verdikdən sonra xəttə qoşulmaq mümkündür”.

Şikayətçi çəkilən xəttin hökumətə məxsus olmamasını da anlaya bilmədiyini söyləyir:

“Necə ola bilər ki, sözügedən su xəttinin Azərbaycan hökumətinə aidiyyati olmasın? Evimin 150 metr aralığında yanğınsöndürənlər üçün qırmızı rəngdə olan su blokları quraşdırılıb. Əgər bu su xəttinin “Azərsu” şirkətinə və Azərbaycan hökumətinə aidiyyatı yoxdursa, yanğınsöndürənlər üçün qırmızı rəngdə olan blokları kim quraşdırıb bəs?!”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Suraxanı rayon Su İdarəsi ilə əlaqə saxlayıb. İdarənin müştərilərlə iş şöbəsinin rəhbəri Bəhram Əhmədov bildirib ki, vətəndaşa ödədiyi vəsait qarşılığında qəbz onunla müqavilə bağlandıqda verilir:

“Həmin müqaviləyə kod ödənişi edilir. Bundan sonra qəbz də verilir. Görünür müştəri nəyisə yalnış anlayıb və ya düzgün izah verilməyib. Biz onun əlaqə nömrəsini götürdük. Özü ilə əlaqə saxlayıb hər şeyi aydınlaşdıracağıq”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gqlbdp

Ən çox baxılan