Zərdüşt Əlizadə: ”Tərəflər 10 il əvvəl Madrid Prinsiplərinə müsbət münasibət sərgiləyəndə bu barədə razılığa gəliblər, amma ortada heç nə yoxdur”
Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. ANS TV-nin məlumatına görə, bu barədə prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb.
Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.
“Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”, – deyə administrasiya rəhbərinin müavini bildirib.
Novruz Məmmədovun fikirlərini Meydan TV-yə şərh edən siyasi şərhçi Zərdüşt Əlizadə bildirib ki, əslində, tərəflər təxminən 10 il əvvəl Madrid Prinsiplərinə müsbət münasibət sərgiləyəndə bu barədə razılığa gəliblər. 10 ildir bu müsbət münasibət sərgilənsə də, ortada heç nə yoxdur.
Z.Əlizadə hesab edir ki, Rusiyanın məqsədi hər iki tərəfi itaətdə saxlamaq üçün münaqişənin həll olunmamasına çalışmaqdır: “Baxın, Azərbaycan deyir ki, əvvəl 5, sonra 2 rayon alınacaq. Ermənistan isə referendum keçiriləcək və Dağlıq Qarabağın müstəqilliyi tanınacaq. Hər bir tərəf Madrid Prinsiplərində görmək istədiyini xalqına çatdırır. Həqiqət isə ondan ibarətdir ki, Rusiya münaqişənin həll olunmasına imkan vermir. Nə zamana qədər sualı verilsə, bakılıların “yaşıl ayın başında qırmızı çərşənbədə” sözləri yada düşür. Belə adda ay və qırmızı çərşənbə də yoxdur. Bu, o deməkdir ki, Kreml naməlum zamana qədər münaqişənin donmuş qalmasında maraqlıdır”.