Ən yaxşı qohum dövlətdir
Səkkiz ay əvvəl rezidenti olduğum ölkədə, Norveçdə hamilə olduğumu öyrəndim. Bu barədə qeydiyyatında olduğum həkimimə dedim. Həmin andan etibarən, illik ödəməsi 200 avronu keçməyən (bundan artıq məbləği pasient sadəcə ödəməməlidir) bütün tibbi xidmətlər mənim üçün pulsuz oldu. Səkkiz ay müddətində hər ay bir dəfə həkim, bir dəfə də mamaça müayinəsindən keçdim. Görüşlərin vaxtı bir, ya iki həftə əvvəl mobil nömrəmə gəlirdi. Təyin olunmuş saatda gedir və heç bir növbə gözləmədən qəbula düşürdüm.
Norveç dilini bilmədiyimə görə, mamaça adətən rus dilindən tərcüməçi sifariş edirdi. Tərcümə xidmətinin haqqını dövlət ödəyir. Həkimimlə isə tərcüməçim həyat yoldaşım olurdu, çünkü o, artıq norveç dilini öyrənib.
Həkimlə və mamaça ilə görüşlərə 3 yaşlı oğlumu da aparırdım. Bəzən yarım saat, bəzən 40 dəqiqə çəkən müayinələr zamanı oğlumun orda olması heç bir narahatlıq yaratmırdı – çünki həkimin də, mamaçanın da gözləmə otağında irili-xırdalı, rəngli, maraqlı o qədər oyuncaq olurdu ki, uşaq o oyuncaqlardan ayrıla bilmir və bizə mane olmurdu.
Hamiləliyimin 7 ayında Norveç hökuməti doğulacaq körpənin bütün ehtiyaclarını qarşılamaq üçün müəyyən məbləğdə pul köçürdü hesabıma. Bu pulu almaq üçün heç bir məmurun yanına getmədim. Məlumatlar onlayn şəkildə lazımi orqanların saytına ötürülmüşdü və pul avtomatik olaraq bank hesabıma yatırıldı. Bu məbləğ körpənin çarpayı, bələk masası, 2 uşaq arabası, bir yaşına qədər paltarı, oyuncaqları və bütün xırda-xuruşuna çatmalı idi və Norveç kimi bahalı ölkədə çatdı da.
Doğuş vaxtına azalanda, internetdən maraqlandım ki, adətən bunun üçün gələcək analar xəstəxanaya özləri ilə nə aparmalıdırlar. Rusiyadakı video-bloqçuların çoxu iri bi çantanı dolduracaq şeylər sadalayırdılar. Uşaq üçün bezlər, paltarlar, nəm salfetlər, ana üçün paltar, bezlər, gigiyenik vasitələr, müxtəlif kremlər və s. Bu sadalananlar olduqca çox idi və hamısını almağa başlasaydım, pul çatsa da, vaxtım çatmazdı. Buna görə, Norveçdə dünyaya uşaq gətirmiş bir xanıma yazıb, ondan soruşdum ki, xəstəxanaya özümlə nə aparım. Onun cavabı qısa oldu: “Heç nə”.
Sancılarım tutanda, bizimlə bir şəhərdə yaşayan gürcü rəfiqəmə zəng elədim. Həyat yoldaşım oğlumla qalmalı, onu uşaq bağçasına aparandan sonra gəlib doğuşda iştirak etməli idi. Gürcü rəfiqəm gəlib məni klinikaya apardı. Klinikaya çatanda səhər saat 8 idi, tibbi heyət işə gəlirdi. Qapının ağzında hündür, çiyni çantalı bir kişi tez arabanı gətirib, məni otuzdurdu və rəfiqəmə kömək edərək məni doğuş şöbəsinə apardı. Sonra mənə uğur arzulayıb, getdi. Daha sonra rəfiqəm dedi ki, o, burda başqa şöbədə həkim işləyir, ən hörmətli cərrahlardan biridir.
Doğuş steril, bütün şəraiti yerində olan bir otaqda keçdi. Heç kim məndən sənəd istəmədi, ancaq körpə və özümlə bağlı suallar verdilər. Bütün sənədləşməni doğuşdan sonraya saxladılar. Doğuş mamaçanın yüksək peşəkarlığı sayəsində cəmi 49 dəqiqə çəkdi. Demək olar ki, ağrı olmadı, çünki mamaça çox sadə üsullarla prosesi maksimum ağrısızlaşdırırdı. Bu neytrallaşdırma o qədər sadə prosesmiş ki, bunu etmək üçün sadəcə doğan qadına ürəyi yanmaq bəs imiş.
Proses boyu mamaçanın köməkçisi başımın üstündə dayandı. Gah isti və şirin çay verdi, gah su içirtdi, gah alnıma dəsmal qoydu, gah təsəlli verdi, gah mamaçanın yanına qaçıb ona kömək elədi. Bütün proses boyu onlar mənimlə pis bildiyim ingilis dilində danışdılar. Hətta dedilər ki, istəyirəmsə rus dilində tərcüməçi çağıra bilərlər, amma bir-birimizi başa düşürdük deyə ehtiyac qalmadı. Mamaça bütün proses boyu elədiyi hər bir əməliyyatı, bədənimə etdiyi hər cüzi müdaxilənin nə olduğu və niyə elədiyi barədə məlumat verdi.
Körpə dünyaya gələn kimi məni və körpəni yoxladılar, təmizləyib, klinikanın öz pambıq, rahat paltarlarıyla geyindirib, başqa şöbəyə keçirdilər. Doğuş etmiş hər qadına və körpəsinə ayrıca, böyük, tam təchizatlı otaq verilir. Qadının ailə üzvlərinin də bu otaqda qalmaq haqqı var. İstəsələr, otaqdakı əlavə kürsülərdə yata və ya qatlama çarpayı istəyə bilərlər. Otağın özünün hamam otağı var. Bu otaqda ana və körpənin yuyunması, geyinməsi, gigiyenik prosedurları edə bilməsi üçün bütün əşya, xırdavat və s var.
Şöbənin iri mətbəxində kofe, çay maşınları qurulub, soyuducu və dolablar müxtəlif konservlər, pendir, kolbasa, meyvə, mürəbbə, tərəvəz, qaymaq, yoqurtlarla doludur. Bu yeməklər təzə ana və ailə üzvləri üçün pulsuzdur. Əlavə olaraq, heyət gündə üç dəfə anaya isti yemək gətirir. Otaqda, hamamda və dəhliz boyu divardan qırmızı iplər sallanır. Bu iplər təcili anlarda heyətə siqnal verməkdən ötrüdür. Bu ipi dartandan bir, ya iki dəqiqə sonra tibb işçilərindən kimsə gəlib sənə nə lazım olduğu ilə maraqlanır.
Anaya və körpəyə lazım olan hər şey bir an içində otağa gətirilir. Məsələn, uşağı yumaq, yedizdirmək təcrübən yoxdursa, duş alacaqsansa, amma çətinlik çəkirsənsə, bir sözlə, istənilən çətinliyin olduğu halda, heyət üzvü gülümsəyərək, sənə kömək edir.
Körpə hər gün yoxlanır. Çəkisi, reaksiyaları, bilirubini, daha nələri. Anaya hər gün baş çəkib maraqlanır, məsləhət verir, ağrıları varsa kömək edir, nə istədiyini soruşur, ruhlandırır, körpəyə və anaya kompliment deyib, ovqatlarını şux saxlayırlar.
Bütün bunları niyə yazdım.
Mənə həmişə maraqlı idi ki, bizim ölkədə ailədə çox vaxt doğma adamlar bir-biri ilə yola getmədiyi, bəzən isə bir-birinin ətini yediyi halda, ailə institutu niyə bu qədər güclüdür? Qohum, ana-bacı, övlad – bu insanların bəzən illərlə küsülü qaldığını, daima didişmədə olduğunu da düşünəndə, niyə bu qədər vacib olur? “İnsana həyan lazımdır”, “tək qalmaq”, “təklik”, “kimsəzilik” kimi sözlər niyə bu qədər qorxudur?
İndi qohumlarımdan, anamdan, doğmalarımdan bu qədər uzaqda, tamam yad bir ölkədəyəm. Bu doğuş prosesi Azərbaycanda olsaydı və mən burdakı kimi tək olsaydım, başıma nələr gələcəkdi? Yanımda kim olacaqdı? Həkimlərlə kim danışacaqdı? Yanıma yeməyi kim bişirib gətirəcəkdi? Kim həkimlə, tibb bacıları ilə savaşacaqdı, mənə qulluq edəcəkdi? Bu yerdə Azərbaycanda ancaq ana-bacı, qohum-əqrəba lazımdı axı.
Burda, Norveçdə isə mənə ana-bacı, qohum, həyan lazım olmadı. O gürcü rəfiqəm olmasaydı, klinikanın ambulansı gəlib məni aparacaqdı. Burda isə heyətdə hər kəs öz işini məsuliyyətlə görür deyə, heç kimə ehtiyacım yoxdur. Bəli, hərə öz işini görəndə, insanın başqasına ehtiyacı olmur, özünü yad, qərib, kimsəsiz hesab etmir, köməksiz vəziyyətə düşmür. Burda mənim “bacım” öz işinə görə maaş alan və mənə minnət qoymayan tibb bacıları, mamaça, təmizlikçi, həkimlərdir.
Bəli, hər kəsin öz işini gördüyü, bütün xidmətlərin mükəmməl sistemləşdirildiyi, xüsusilə də vətəndaşının rahatlığını, təhlükəsizliyini düşünən ölkələrdə qohum lazım deyil, belə ölkələrdə övlad qocalanda sənə baxsın, qohum dar gündə yanında olsun deyə lazım deyil. Çünki burda ən yaxın qohum dövlətdir və o dövlət səni darda qoymur, ən yaxşı övlad da dövlətdir, çünki o, səni heç vaxt atmır və qocalığında da sənə minnət qoymadan baxır.