”Bəlkə də o qədər vəsaitlə Azərbaycanı yenidən qurmaq mümkün idi”
Prezident İlham Əliyev Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, Dayanıqlı İnkişafüzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.
Şura öz fəaliyyətinə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elm müəssisələrini cəlb edə bilər, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.
Şuranın sədri baş nazirin müavini Əli Əhmədov, müavini Şahin Mustafayev təyin olunub.
İqtisadçı Nemət Əliyev fərmanın ölkə iqtisadiyyatında əhəmiyyətli dəyişikliyə nail olacağına inanmır.
O, bu barədə Meydan TV-yə danışarkən deyib.
Nemət Əliyev bildirib ki, indiyə qədər yaradılan strukturların dinamikası və konkret halda əldə olunan nəticələrə baxmaq yetərlidir. 2014-cü ilin sonlarından başlayaraq iqtisadi böhranın olacağını müstəqil ekspertlər proqnozlaşdırdığı halda hökumət arxayın şəkildə bu barədə fikirləri yaxına buraxmırdı.
İqtisadçı deyib ki, hazırda ölkə iqtisadiyyatı tənəzzül dövrünü yaşayır və bu, sosial həyatın bütün sahələrinə sirayət edib:
“İslahat adına yaranmış vəziyyətdən çıxış yollarını axtarıb tapmaq kimi hökumət çoxsaylı addlmlar atır. Ümumi təsəvvür ondan ibarətdir ki, atılan addımlar imitasiya məqsədi güddüyünə görə real problemləri aradan qaldırmaq gücünə malik olmayıb. Faktiki olaraq, bugün iqtisadiyyata kredit qoyuluşları əhəmiyyətli dərəcədə azalıb və proses davam edir. Yalnız avqust ayında ümumi kredit qoyuluşlarında 226 milyon dollardan çox azalma əmələ gəlib. Sıralanmaya baxın: 2 ayda kredit qoyuluşları üzrə 1,6 milyard dollar, son 8 ayda 3,6 milyard, 1 il 8 ay ərzində isə 13,3 milyard dollar azalma yaranıb. Eləcə də investisiya qoyuluşları sahəsində çox acınacaqlı vəziyyət yaranıb. Dövlət büdcəsi hesabına ötən il 7 milyard manat investisiya qoyuluşu həyata keçirilmişdirsə, bu il büdcəsində 2,5 dəfə azaldılaraq 3,5 milyard manata salıblar. Hökumətin gələn ilin büdcəsiylə bağlı açıqlamasından məlum olub ki, investisiya qoyuluşları 10,2 milyard azalaraq 1,8 milyarda düşəcək. Təsəvvür edin ki, 2 il müddətində, 2015-ci illə müqayisədə büdcədən investisiya qoyuluşu 7 dəfə azalacaq. Bir halda ki, hökumətin iqtisadi böhranın aradan qaldırılması adına gördüyü işlərin nəticəsi çox ağır tendensiyalarla müşahidə olunursa, bundan sonra müxtəlif qurumların, şuraların yaradılıb konkret fəaliyyətə keçdiyi zaman hansı nəticələri verəcəyini proqnozlaşdırmaq mümkündür. Bir daha deyirəm, ölkə istisadiyyatında yatırımlar kəskin şəkildə azalırsa, islahatdan söhbət gedə bilməz”.
Nemət Əliyev hesab edir ki, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının aqibəti də əvvəlki qurumların təkrarı olacaq:
“Müsbət nəticələrə nail olmaq üçün ortaya sağlam niyyət qoyulmalıdır. Azərbaycan hökuməti 2015-ci ilə qədər Neft Fonduna daxil olmuş 125 milyard dolların 70 faizindən çoxunu xərcləyib. Bəlkə də o qədər vəsaitlə Azərbaycanı yenidən qurmaq mümkün idi, amma hakimiyyətin neft bumu dövründə yaratdıqları 1 ildə duruş gətirmədi. 22 milyard dollarlıq ÜDM-nin gəlirləri 1 ildə azaldı. Mərkəzi Bankın valyuta ehtiyatı 11 milyarddan çox aşağı düşdü, 6 aylıq tədiyyə balansında 6 milyard dollar kəsir əmələ gəlib. Bu nəticələrə görə özünə hörmət edən hökumət istefa verməliydi, onların bundan sonra ölkəni idarə etməyə mənəvi haqları qalmayıb”.