Rejissor isə deyir ki, kinostudiya hazırda Mədəniyyət Nazirliyinin tapşırığı ilə işləyir
Bu günlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “Azərbaycanfilm” kinostudiyasının ittifaqın idarəçiliyinə verilməsi təklifi ilə çıxış edib.
İttifaqın katibi Əli İsa Cabbarov Meydan TV-yə deyib ki, kinostudiya AKİ tərəfindən daha yaxşı idarə oluna və yaxşı gəlir gətirə bilər.
Əsası 1923-cü ildə qoyulan “Azərbaycanfilm” kinostudiyasının peşəkar səviyyədə təşkili ilk kino məmuru Şamil Mahmudbəyovun adı ilə bağlıdır.
“Azərbaycanfilm”in ərazisi sovet dönəmində 14 hektar olub. Müstəqillik illərində ərazi özəlləşdirilib, satılıb və indi kinostudiyanın ərazisi 7 hektardan da azdır.
Geyim və rekvizitlərin saxlanma şəraiti yaxşı deyil, otaqlar nəm çəkir. Kinostudiyanın əsas 2 pavilyonu var ki, onlar da sovet dönəmində tikilib.
Kinotənqidçi Sevda Sultanova deyir ki, zəngin tarixə malik “Azərbaycanfilm” kinostudiyası hazırda ən ağır tənəzzül dövrünü yaşayır.
“Kinostudiyada sonuncu tammetrajlı bədii film 2021-ci ildə istehsalata buraxılıb. Bu nəhəng binanın yarıdan çoxu təmirsizdir, pulsuzluq üzündən peşəkar əməkdaşların çoxu işdən uzaqlaşıb, dövlətdən dotasiya almayan kinostudiya bu gün özünü tam maliyyələşdirməyə, öz gücünə müstəqil şəkildə istehsalatla məşğul olmağa qadir deyil”, – Sevda Sultanova deyir.
O bildirir ki, “Azərbaycanfilm”in qazancı bir neçə pavilyonunun, geyim, rekvizit, butafor və aksesuarların icarəyə verilməsindən, göstərdiyi bəzi texniki xidmətlərdən çıxır:
“Acınacaqlıdır ki, bu gün “Azərbaycanfilm” sadəcə servis, xidmət rolunu oynayır, qazancı isə kinostudiyanın təsərrüfat xərclərini ödəməyə çatır. Ötən il 100 yaşı olsa da, diqqətdən kənar qalan kinostudiyanın acınacaqlı vəziyyətdən çıxarılması üçün cəhdlər göstərilmir. “Azərbaycanfilm”in kino sənayesinin qurulmasında verəcəyi töhfələr böyükdür. Bunun üçün isə kinostudiyada səmərəli idarəçilik sistemi qurulmalı, islahatlar aparılmalıdır”.
Kinotənqidçi deyir ki, Mədəniyyət Nazirliyi kinostudiyanı mövcud durumdan çıxarmaq, onu gəlirli təşkilata çevirmək istəyirsə, digər respublikaların təcrübəsindən yararlanmalıdır:
“İlk növbədə kinostudiyaya milli status verilməsi məsələsi nəzərdən keçrilə bilər. Sabiq nazir Əbülfəs Qarayevin vaxtında kino ictimaiyyətinin bəzi nümayəndələri, həmçinin mən, dövlət büdcəsindən kinoya ayrılmış vəsaitlə çəkiləcək bütün filmlərin istehsalatını “Azərbaycanfilm”ə verilməsini, monopoliya yaradılmasını tənqid etmişdik. Çünki kinonun inkişafı, kino bazarının tənzimlənməsi həm də özəl kino şirkətlərinin fəaliyyətindən, onların dövlət tərəfindən dəstəklənməsindən asılıdır”.
Kinorejissor Elvin Adıgözəl Meydan TV-yə deyir ki, kinostudiya hazırda Mədəniyyət Nazirliyinin tapşırığı ilə işləyir.
“Mən bu yaxınlarda qısametrajlı film ekranlaşdırmaq məqsədilə kinostudiyada səhnə çəkmək istəyirdim. Orada işləyən dostlar dedilər ki, daha əvvəlki vaxt deyil. Kino adamlarına kinostudiyanın qapısı bağlıdır. Mədəniyyət Nazirliyinin tapşırığı olmasa mümkün deyil”.
““Azərbaycanfilm”in rəhbərliyi kinostudiyanın pavilyonlarını icarəyə verir. Həmçinin hansısa klip, reklam çəkənə kamera və digər texniki avadanlıqlar verməklə pul qazanır. Arabir bir-iki gəncə nəsə kömək etməklə, niyə fəaliyyət göstərdiklərini dərk etmədən Mədəniyyət Nazirliyinin tapşırığı ilə işləyirlər”, – rejissor deyir.
Mədəniyyət Nazirliyindən Meydan TV-yə bildirilb ki, kinostudiyanın maddi-texniki bazası (çəkiliş avadanlıqları və işıq avadanlıqları) 2021-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yenilənib.
Həmçinin son 5 il ərzində (2019-2024) Azərbaycanfilm kinostudiyasında bir çox filmlər çəkilib.
Filmlərin əksəriyyəti də dövlət büdcəsi hesabına reallaşıb.
Kinostudiyanın AKİ-nin idarəçiliyinə verilməsinə gəlincə, Mədəniyyət Nazirliyindən: “Bu müəssisənin fəaliyyəti ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. Ona görə də bu mövzuda manipulyasiya edilməməsi xahiş olunur”, – deyə bildirilib.