Nazirlik dərsliklərin hazırlanması üçün Mehdiyevlərin şirkətinə 1,2 milyonluq müqavilə verdi

Kollaj: Meydan TV

Dövlət satınalmalarının vahid internet portalındakı məlumata əsasən, Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb.

Şirkət ilə müqavilə 1 milyon 213 min manat dəyərindədir.

Müqavilənin şərtlərinə görə, şirkət nazirliyin sifarişi əsasında dərslik və metodik vəsaitlərin hazırlanması və təkmilləşdirilməsi işlərini həyata keçirəcək. 

Nazirlik artıq neçə Ildir  ki, bu şirkətlə milyonluq müqavilələr əsasında eyni sifarişləri həyata keçirir.

Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestr məlumatlarına görə, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna aiddir.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev bir həftə öncə İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

Xatırlatma

Ramiz Mehdiyev 1995-2019-cu illərdə  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi fəaliyyət göstərib. Bəzən onu mediada “boz kardinal”, Rusiyanın Azərbaycandakı adamı, “5-ci kolon”un rəhbəri adlandırırdılar.

Onun haqqında oktyabrın 14-də Səbail Rayon Məhkəməsi 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 278.1 (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda) maddələri ilə ittiham edilir.

Ana səhifəXəbərlərNazirlik dərsliklərin hazırlanması üçün Mehdiyevlərin şirkətinə 1,2 milyonluq müqavilə verdi