Nemət Əliyev: ”Bunda yarıtmaz iqtisadi-bank siyasətinin və devalvasiyaların rolu var”
“Maliyyə Nazirliyi Beynəlxalq Bankın defolt vəziyyətə düşməsinin əsas səbəbinin devalvasiya ilə bağlı olmasına dair fikirlərin genişlənməsindən narahatdır. Nazirlik bu səbəbdən Beynəlxalq Bankla bağlı xəbərlərdə rəsmi məlumatlara istinad edilməsini tövsiyyə edib”.
İqtisadçı Nemət Əliyevin sözləridir. O, nazirliyin verdiyi izahların mötəbərliyini itirdiyini deyir:
“Ona görə də açıqladıqları şərhlər Biləcəridən o yana keçmir. Maliyyə Nazirliyinin tövsiyyə etdiyi izahata görə, Beynəlxalq Bankın defolt vəziyyətə düşməsinin əsas səbəbi bəzi adamların cinayətkar əməlləriymiş. Burada devalvasiyanın təsiri azdır. Nazirlik hamının belə düşünməsini, bununla kifayətlənməsini istəyir. Lakin gözümüzün qarşısında baş verənlər bunu mümkünsüz edir”.
İqtisadçı bildirir ki, 2015-ci ildə hökumətin qəbul etdiyi iki böyük devalvasiya qərarı ölkənin bütün bank, maliyyə sistemini yıxıb. Əhalini və müəssisələri var-yoxdan çıxarıb. Bütün bunlardan isə xəbər tutmayan qalmayıb:
“Bankların kreditləşməni dayandırmaqla əsas fəaliyyətdən məhrum olmasının başlıca səbəbi manatın kəskin dəyər itirməsidir. Manat digər valyutalara nəzərən dəyər itirdi, hamının gözündən düşdü və bu səbəbdən minlərlə əmanətçilər banklara kütləvi axın edərək milli valyuta ilə saxladıqları əmanətləri xarici valyutaya çevirdilər. Az sonrakı mərhələdə daha betəri baş verdi: banklara inam itdi”.
Nemət Əliyev deyir ki, banklara inamın itməsi səbəbindən əmanətçilər və maliyyə təşkilatları “dollarla” saxladıqları depozitləri də bank sistemindən çıxarmağa başladı. Beləliklə, banklar böyük maliyyə resurslarından məhrum oldular:
“Bunlar məhz devalvasiyanın törətdiyi fəsadlar idi. Mərkəzi Bankın valyuta ehtiyyatlarının 73 faizdən çoxu az müddətdə itkiyə verildi, əldən çıxdı. Ardınca da banklar iflas elan edilərək bağlandı və s. Baş verənlər, əlbəttə, əmanət və depozitlərin, bank aktivlərinin əsas hissəsini öz əlində cəmləmiş Beynəlxalq Bankı daha çox hədəfə gətirməliydi və gətirdi də”.
Sonda Nemət Əliyev bildirir ki, Maliyyə Nazirliyinin açılaması Beynəlxalq Bankın çökməsində devalvasiyanın və yarıtmaz siyasətin rolunun arxa plana ötürülməsi niyyəti güdür:
“Bu, doğru deyil. Bütün baş verənlərin əsas səbəbini bəzi adamların cinayət əməlləri ilə əlaqələndirmək yolverilməzdir. Bu qədər asanlıqla ötüşmək, məsuliyyətdən yaxa qurtarmaq əsla mümkün deyil. Əlbəttə, Beynəlxalq Bankın bu kökə düşməsində cinayətkar fəaliyyətin varlığını inkar etmək mümkün deyil. Bankın müşahidə şurasına rəhbərlik edən Maliyyə Nazirliyində oturan vəzifəli şəxslərin burada ayrıca, həm də daha böyük payı var. Amma Beynəlxalq Bankın defolt vəziyyətə gəlməsində yarıtmaz iqtisadi-bank siyasətinin, iki böyük devalvasiya qərarının rolu daha çoxdur. Bu, həqiqətdir”.
Maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin mayın 25-də keçirilən iclasında əhalinin Beynəlxalq Bankdakı əmanətləri ilə bağlı heç bir problem olmadığını deyib:
“Keçən il əmanətlərin sığortalanması məbləğinə tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılıb. Bütün əmanətlər, o cümlədən dövlət bankı olan ABB-də sığortalanır”.
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinədək endirib.
Bankın qısamüddətli reytinqi “C” səviyyəsindən “RD” səviyyəsinədək salınıb. Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb.
Bankın dayanıqlılıq reytinqi “f” səviyyəsində saxlanılıb. Verilən dəstək “5” səviyyəsində təsdiqlənib.
Reytinqin endirilməsi bankın elan etdiyi restrukturizasiya planı ilə əlaqədardır. “Fitch”in meyarlarına əsasən, restrukturizasiya ümidsiz borcların mübadiləsi deməkdir.