Nazirin kino ictimaiyyəti ilə qapalı görüşü narazılıq yaradıb

Mədəniyyət naziri Anar Kərimov

Sevda Sultanova: “Xırda bir görüş olsaydı, mediaya qapalı olması anlaşılardı”

Mədəniyyət naziri Anar Kərimov kino ictimaiyyəti ilə görüş keçirib.

Dekabrın 13-də təşkil edilən tədbir mediaya bağlı olub.

Görüş Kino Agentliyinin yaradılması ilə bağlı kino adamlarının təklif və tövsiyələrini öyrənmək məqsədi daşıyıb.

Tədbirin mediaya bağlı olması, həmçinin bəzi kino adamlarının  oraya buraxılmaması müzakirələrə səbəb olub.

Bir çoxu tədbirin qapalı keçirilməsinə etiraz edib, bəziləri də dəvət olunanlar arasında adının olmadığına narazılığını bildirib.

“Tədbir Kino Agentliyinin fəaliyyəti ilə əlaqədardırsa, niyə mediyaya qapalı keçirilib?”, “Kino dövlət büdcəsindən maliyyələşirsə, istehakçısı da tamaşaçıdırsa, belə olan halda, tədbirin qapalı keçirilməsi obyektiv hesab oluna bilərmi?” – kimi fikirlər səsləndirilib.

Kinoşünas Sevda Sultanova Meydan TV-yə deyib ki, bu, xırda bir görüş olsaydı, ora 4-5 nəfər dəvət edilsəydi, mediaya qapalı olması anlaşılardı:

“Nazirin kinematoqrafçılarla görüşünün mediaya niyə qapalı qalması mənim üçün qaranlıqdır. Bu, məxfi xarakterli siyasi-hərbi görüş deyil. Burada kinonun problemləri, təkliflər müzakirə edilirsə, 60-dan çox adam dəvət olunursa, mediaya qapalı qalmasında məntiq tapa bilmirəm. Tədbirə dəvət olunanların tam tərkibi haqda məlumatsızam. Amma dəvət edilmədiyi üçün haqlı narazılar vardı. Yalnız etirazdan sonra dəvət edilənlərin olması, işin düzgün qurulmamasının nəticəsidir. Əlbəttə ki, məmur işində peşəkar və dürüst olanda, il ərzində məhsuldar fəaliyyət göstərəndə, mediadan qaçmağa səbəbi də olmayacaq”.

Sevda Sultanova, Foto: Kulis.az

NME şirkətinin direktoru, “Balta” animasiyasının layihə rəhbəri və prodüseri Nicat Manafov tədbirdə iştirak üçün mədəniyyət naziri Anar Kərimova rəsmi müraciət etsə də, müsbət cavab almayıb.

Bunu Meydan TV-yə Nicat Manafov deyib.

“Mənə cavab yazdılar ki, sizin kino fəaliyyətində xidmətiniz olmadığı üçün ora dəvət olunmursunuz”, – deyə o bildirib.

O hesab edir ki, kino sahəsində çalışan şəxslər təsbirə məqsədli dəvət edilməyib:

“Məgər kino xadimi olmaq üçün xüsusi lisenziya lazımdır? Halbuki Mədəniyyət Nazirliyi kino istehsalından 1905 manat gəlir əldə edib. Bizim şirkətimiz isə onun on qatından çox qazanıb. Kino sahəsində də kifayət qədər ciddi işlərimiz var. Tədbirə getdim, lakin məni içəri buraxmadılar. Düşünürəm ki, kino şöbəsi orada baş verən pozuntu və narazılıqları üzə çıxaran insanların tədbirə dəvət olunmasını istəməyib”.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Nuridə Allahyarova iddiaları qəbul etməyib.

O, Meydan TV-yə bildirib ki, görüş barədə ictimaiyyətə məlumat veriləcək: “Kino ictimaiyyəti ilə səmimi formatda mediasız, müəyyən problemlərin də səsləndirildiyi görüş olub. Tədbirlə bağlı ətraflı məlumat nazirliyin saytında yerləşdiriləcək”, – deyə o bildirib.

Ana səhifəMədəniyyətNazirin kino ictimaiyyəti ilə qapalı görüşü narazılıq yaradıb