Nazir müavini: Ümumdünya Ticarət Təşkilatına öhdəlik üzrə sənədlər hazırlayırıq

Vahid Məhərrəmov: ”Azərbaycan hökuməti 20 ildir ÜTT-yə üzv olmaqla bağlı danışıqlar aparır, normal ölkələrdə bu müddətdə prezident və hökumətlər 2-3 dəfə dəyişilir”

Source:
Mahmud Məmmədquliyev
Mahmud Məmmədquliyev


Vahid Məhərrəmov: ”Azərbaycan hökuməti 20 ildir ÜTT-yə üzv olmaqla bağlı danışıqlar aparır, normal ölkələrdə bu müddətdə prezident və hökumətlər 2-3 dəfə dəyişilir”

“Ümumdünya Ticarət Təşkilatında üzərimizə götürməli olduğumuz öhdəliklər üzrə sənədlərin hazırlanması prosesi gedir”.

Bu haqda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev APA-ya açıqlamasında bildirib.

İyulda Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə işçi qrupunun iclası keçirilib.

M. Məmmədquliyev iclasın kifayət qədər aktiv keçdiyini, həm ABŞ, həm də Aİ tərəfdən çoxsaylı suallar verildiyini deyib: “Hələlik onların suallarını məktub şəklində gözləyirik. Danışıqların növbəti mərhələsi müvafiq agentliklərin həmin suallara nə zaman cavab verməsindən asılıdır, biz də öz düzəlişlərimizi edəcəyik. Düşünürəm ki, növbəti işçi qrupunun görüşünə gələn ilin ortasından tez hazır olmayacağıq”.

Nazir müavini ikinci ciddi məsələ olaraq kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqların aparıldığını qeyd edib: “Biz onlara 2013-2015-ci illəri əhatə edən yeni cədvəl təqdim etmişik. Cədvəllə bağlı xüsusi müzakirələr olmayıb. Suallar daha çox bizim kənd təsərrüfatına dəstəklə bağlı təkliflərimizə aiddir.

Biz hesab edirik ki, ümumi daxili məhsulun10 faizini kənd təsərrüfatına istifadə edə bilərik. Ümumdünya Ticarət Təşkilatı yalnız 5 faizə razıdır. Qazaxıstana isə onlar 8,5 faiz veriblər. Lakin biz bu istiqamətdə təkid etməyə davam edəcəyik. Biz indi onlardan kənd təsərrüfatının dəstəklənməsi üçün 1 milyard dollar, işğalın başa çatmasından sonra həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün də daha 1 milyard dollar istəyirik.

Qazaxıstanla da ikitərəfli görüşlər keçirilib. Rusiya və Səudiyyə Ərəbistanı ilə isə əvvəl aparılan danışıqların davamı olaraq müzakirələr başlayıb”.

Mahmud Məmmədquliyevin açıqlamasını Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, Azərbaycan hökuməti 20 ildir ÜTT-yə üzv olmaqla bağlı danışıqlar aparır: “Normal ölkələrdə 20 ildə prezident və hökumətlər 2-3 dəfə dəyişilir. Azərbaycan hökuməti isə Ümumdünya Ticarət Təşkilatı ilə 20 il əvvəl apardıqları danışıqların əvvəlində qalıb, heç nə dəyişməyib. Cənab Məmmədquliyevin dediklərindən belə çıxır ki, onların verilən sualları həmin anda cavablandırmaq səlahiyyəti yoxdur. Deməli, üzvlüklə bağlı məsələ Bakıda müəyyən dairələr tərəfindən həll olunur”.

Vahid Məhərrəmov

V.Məhərrəmov hesab edir ki, M.Məmmədquliyevin açıqlamasında bir məsələ qaranlıq qalır: “ÜDM-in 10 faizi, yoxsa kənd təsərrüfatı məhsulunun ümumi istehsalının 10 faizi, bax, bu məsələ açıqlanmır. Qaydalara görə kənd təsərrüfatı məhsulunun ümumi istehsalının 5-10 faizi nəzərdə tutulur. Əlbəttə, bu rəqəmin özü də böyükdür. Rusiya 9 milyard dollar tələb etsə də, 1 ildə bu səviyyədə aqrar sektora dəstək göstərə bilmir. Məmmədquliyevin misal gətirdiyi Qazaxıstana gəlincə, Ümumdünya Ticarət Təşkilatında bu məsələlər mərhələli şəkildə müzakirə olunur. Hökumət indiyə qədər məsələyə ciddi yanaşa bilməyibsə, yenə zaman itirəcəyik. Azərbaycanda kənd təsərrüfatına Ümumi Daxili Məhsulun 10 faizi qədər dəstək verilməyəcək. Belə məntiq yaranır ki, hakimiyyət məqsədli şəkildə məsələni bu şəkildə qabartmaqla uzadır. Çünki idxal və ixracı öz təsirləri altında saxlamaq istəyirlər. Təsəvvür edin ki, Azərbaycan təşkilata üzv olarsa, ölkəyə daha ucuz və keyfiyyətli mal gələcək, maşın, avadanlıq, texnika, kənd təsərrüfatı məhsulları və sair. Belə olan halda inhisarçılığın sıradan çıxma prosesi başlayacaq. İdxalda inhisarçılığın götürüldüyünü iddia etsələr də, bunun heç bir əsası yoxdur, çünki kifayət qədər vergilər tətbiq olunur. Beləliklə, hakimiyyət digər oyunçuların ölkəyə gəlməsinin qarşısını alır”.

“ÜTT üzvlüyünün təhlili göstərir ki, bu təşkilata qoşulan ölkələrin xarici iqtisadi inteqrasiyası güclənir, ixrac potensialı artır, yeni texnologiyanın əldə olunması və tətbiqi sayəsində ölkə daxilində rəqabətqabiliyyətli mal, məhsul istehsal etmək imkanı yaranır, haqsız rəqabət və inhisarçılıq sıxışdırılaraq aradan çıxarılır, mal və məhsullar stabil qiymətlərlə təklif olunur. Təbii ki, inteqrasiya prosesi bir çox hallarda itkilərlə də müşahidə olunur. Lakin bütün hallarda risklərin qiymətləndirilməsi və idarə edilməsi potensial itkilərin minimuma endirilməsi hökumətin səmərəli fəaliyyətindən asılıdır”, – deyə Məhərrəmov fikrini yekunlaşdırıb.

Ana səhifəAnalitikaNazir müavini: Ümumdünya Ticarət Təşkilatına öhdəlik üzrə sənədlər hazırlayırıq