Vəkil: “Müstəntiqin yanında – ona yeni ittiham elan olunanda demişdi ki, sentyabrın 4-də aclıq elan edəcəm”
Həbsdə olan keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirlinin saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq etdiyi bildirilir. Onun vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, müvəkkilinin aclıq aksiyası keçirməsi barədə məlumat alıb.
“Bu gün məlumat aldım ki, Nazim Bəydəmirli aclıq aksiyası keçirir. Bu yolla ona qarşı irəli sürülmüş ittihamların əsassız və qondarma olmasına, həbsinə etiraz edir. Aclıq xəbərini özüylə dəqiqləşdirmək imkanım olmayıb. Sonuncu dəfə onunla keçən həftə görüşmüşəm. Müstəntiqin yanında – ona yeni ittiham elan olunanda demişdi ki, sentyabrın 4-də aclıq elan edəcəm”, – Aqil Layıc bildirib.
Vəkil əlavə edib ki, bu həftə istintaq təcridxanasında hüquqlarını müdafiə etdiyi şəxslə görüşəcək və bütün məsələləri dəqiqləşdirəcək.
Penitensiar Xidmətdən isə bildirilib ki, Nazim Bəydəmirlidən aclıq etməsi barədə müraciət daxil olmayıb.
2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
İkinci ittiham bir neçə gün əvvəl verilib.
Əvvəlki ittihamda iddia olunur ki, sabiq deputat pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.
Yeni ittihama görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində də hədə-qorxu ilə pul tələb edib.
Lakin o, ittihamların heç birini qəbul etmir, özünü “ekologiya məhbusu” sayır. Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.
“Özü bu ittihamların hamısını qondarma hesab edir. Deyir ki, ekologiya məhbusudur və bu ittihamlar Söyüdlü hadisələrini pərdələmək üçündür”, – vəkili bildirib.
Bir müddət öncə “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Nazim Bəydəmirlinin özünü “ekologiya məhbusu” adlandırdığına görə yeni ittihamlarla hədələndiyini açıqlamışdı.
Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində bir neçə nəfərin sırasında Nazim Bəydəmirlinin də adı hallandırılırdı.
Nazim Bəydəmirli özü də “Bandotdel” kimi tanınan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağrılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.