Nazim Bəydəmirlinin həyat yoldaşı: “Görən necədir, salamat qaldı səhərə?”

Nazim Bəydəmirli. Foto: Meydan TV

Keçmiş deputat Nazim Bəydəmirlinin həbsxanada vəziyyətinin pisləşdiyi deyilir.

Bu barədə keçmiş deputatın həyat yoldaşı Fəridə Bəydəmirli Meydan Tv-yə məlumat verib. 

Yoldaşının sözlərinə görə Nazim Bəydəmirli bazar günündən xəstələnib, hər gecə qızdırması olur və nəfəs darlığından əziyyət çəkir.

“Dünən ziyarətinə getdim. Bazar günündən xəstələnib. Hər gecə qızdırması olur, nəfəs darlığı olur. Özümlə balaca saturasiya aparatı götürmüşdüm. Saturasiyasını ölçdüm. Saturasiyası 92 və  ürək döyüntüsü yüksəkdir. Rəngi çox qaralmışdı. Yəni xəstə adamın vəziyyəti necədirsə o vəziyyətdə idi. Yəni biz də dəqiq bilmirik ki, bu pnevmoniyadır ya doğurdan da soyuqdəymədir. Məlum deyil. Yəni burada onu təyin edə biləcək elə bir həkim də yoxdur. Zatən mənim apardığım müalicəni də kim orada təyin edəcək, necə tətbiq olunacaq, onu da bilmirəm”.

2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü ilin iyulun 4-dən həbsdədir. 

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.

2024-cü il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.

Fəridə Bəydəmirli deyir ki, o vəziyyətdə olan xəstənin həbsxana şəraitində olması yolverilməzdir. 

“Mən həkimlərdən məsləhət elədim dedilər ki, belə bir xəstə xəstəxana şəraitində qalmalıdır, ona güclü sistemler köçürülməlidir. Çünki Nazim həm yaşına görə, həm əvvəl keçirdiyi ağır koronaya (koronavirus- red.) görə zatən belə xəstələri nəzarətə götürmək lazımdır”.

Fəridə Bəydəmirli deyir ki, aidiyyat qurumlara müraciət etsə də heç bir cavab ala bilməyib.

“Dünəndən bütün qurumlara yazmışam, müraciət etmişəm. Hələ ki heç kim mənə geri dönməyib. Penitensiar dedi ki, bizim işimiz deyil, bu Baş Tibb İdarəsinin işidir. Mən Baş Tibb İdarəsinə 2 dəfə elektron məktubla müraciət etmişəm. Yəni deyirlər ki, bu iş bizim səlahiyyətimizdə deyil. Ona görə də mən Baş Tibb İdarəsinə müraciət etdim. Mən əvvəllər də bu quruma dəfələrlə müraciət etmişəm. Yəni elə ciddi bir müdaxilə olunmayıb. Düzdür, həkim göndəriblər, hər dəfə deyiblər ki, Nazim müəllim çox sağlamdır heç bir problemi yoxdur. Ancaq adam gözü ilə də görür ki, adam çox xəstədir, hərarət içindədir, öskürür, boğulur”. 

Amma ailə Ombudsman Aparatına müraciət etməyi mənasız hesab edir.

“ Ombudsmana müraciət etmirəm. Ombudsmana yığım, heç bir nəticə olmayacaq. Ona görə mən niyə vaxt itirim? Heç nə etmirlər. Çox sağolsunlar zəng etdiyim hər bir qurum məni çox nəzakətlə qarşılayırlar, diqqətlə qulaq asırlar amma hələ də Nazimə heç bir kömək etmirlər”.

Onun sözlərinə görə Bəydəmirliyə həkim də təyin olunmur.

“İndi mən ondan zəng gözləyirəm. Mən hər gün inanırsız fikirləşirəm görən necədir, salamat qaldı səhərə?”. 

Onun sözlərinə görə, onlar özləri şəxsi həkim tutmağa da hazırdırlar. 

“Adil Qeybulla dünən zəng etdi maraqlandı. Dedi əgər icazə versələr mən gedərəm, müalicə edərəm, müalicə təyin edərəm”. 

“Yəni qaldığı yerdə də ona çox böyük hörmətlə münasibət göstərirlər. Amma bu çox şeyi həll etmir axı. Orada həkim yoxdur. Orada demək olar ki, tibbi məntəqə yoxdur, steril şərait yoxdur. Nazimin venaları çox nazikdir. Ora təcrübəli tibb bacısı lazımdır, həkim lazımdır”, – həyat yoldaşı qeyd edir. 

Ana səhifəSiyasətNazim Bəydəmirlinin həyat yoldaşı: “Görən necədir, salamat qaldı səhərə?”