”Naxçıvana dotasiyanın artırılması spekulyasiyalara səbəb olacaq”

Natiq Cəfərli: Azərbaycanda mərkəzləşmiş vergi sistemi olduğundan rayonlarda da ağır durum yaranıb və hamı mərkəzin əlinə baxır

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Natiq Cəfərli: Azərbaycanda mərkəzləşmiş vergi sistemi olduğundan rayonlarda da ağır durum yaranıb və hamı mərkəzin əlinə baxır

Gələn il yerli büdcə xərclərinin maliyyələşdirilməsinə mərkəzi büdcədən ayrılan dotasiya 10 dəfə azaldılacaq.

Həmçinin özü-özünü təmin edən şəhər və rayonların sayı 7-dən (Bakı, Mingəçevir, Naftalan, Şirvan və Sumqayıt şəhərləri, Abşeron və İmişli rayonları) 37-yə çatacaq.

Bakı şəhərini çıxmaqla, yerli icra hakimiyyəti orqanlarına bu il ayrılan vəsait 1 milyard 328 milyon manat olduğu halda, gələn il həmin məbləğ 520 milyon manata endirilir.

Sentyabrın 29-da Maliyyə Nazirliyi ”Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini açıqlayıb. Bu layihədə yerli gəlirlərin 6.6 milyard manatdan 7 milyard 210 milyon manata qalxacağı göstərilir. Mərkəzi büdcədən yerli icra hakimiyyəti orqanlarına cəmi 75.8 milyon manat dotasiya ayrılacaq. Halbuki, bu il yerli büdcələrə ayrılması nəzərdə tutulan vəsait 774.9 milyon manatdır. İşğal altında olan rayonlardan biri – Qubadlı rayonu da ilk dəfə özü-özünü maliyyələşdirəcək. Maliyyə Nazirliyi xərclərin azaldılması istiqamətləri barədə məlumat vermir.

Hökumət yalnız Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanı artırmağı düşünür. Gələnil muxtar respublikaya 290 milyon manat dotasiya ayrılacaq. Bu il isə muxtar respublika hökumətinə mərkəzi büdcədən 282 milyon manat dotasiya ayrılıb.

Məsələni Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli hesab edir ki, Naxçıvanın büdcəsi ildə bir dəfə təsdiqlənir, sonradan dəyişdirilmədiyindən belə yüksək rəqəm alınır:“Eyni zamanda, muxtar respublika tam dotasiya bölgəsidir. Digər bölgələrə isə il ərzində mərkəzdən ayrılan vəsaitlər hesabına artırmalar olur. Məsələn, prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır, yaxud böyük infrastruktur layihələrilə bağlı hər hansı bir rayona yatırımlar olursa, həmin bölgəyə mərkəzi büdcənin əlavə xərcləməsi kimi daxil olur”.Natiq Cəfərli deyir ki, Naxçıvan məsələsi müəyyən spekulyasiyalara səbəb olacaq: “Məhz muxtar respublikaya bu qədər vəsaitin ayrılması müəyyən səbəblərlə, məsələn, klanların hakimiyyətdə olması spekulyasiyası ilə müşayiət oluna bilər. Hökumət də anlamalıdır ki, rəqəmlərdəki kəskin fərqlə belə spekulyasiyalara şərait yaradır”.

Natiq Cəfərli foto Meydan TV

“Bölgələrin əksəriyyətinin dotasiyayla dolanması bərbad vəziyyətin nəticəsidir” – deyən Natiq Cəfərli bildirib ki, paytaxt və Abşeron yarımadası neftin hesabına bütöv ölkəni saxlayır:

“Başqa rayonların qazanc və xərcləmələri kifayət qədər aşağı səviyyədəfdir.Qazanc özlərini saxlamağa çatmır, mərkəzi büdcədən dotasiya hesabına dolanırlar. Bu dotasiyaların da müxtəlif formaları olduğundan il ərzində daha əlavə vəsaitlərin ayrılması ilkin rəqəmlərdə özünü büruzə vermir. Məsələn, prezident Sumqayıta getdi və sonra 5 milyon ayırdı. Bunu ümumi xərcləmələrin üstünə gəldikdə, ilin sonuna rəqəm artır. Başqa bir amil, silah zavodu və bir neçə şirkət Şirvan rayonunda yerləşdiyindən bu rayon dotasiyadan çıxdı”.

İqtisadçı 37 rayona dotasiya ayrılmayacığı barədə deyilən proqnoza inanmadığını bildirir: “Yalnız rəqəmlərin oynamasıyla buna nail olmaq mümkün olacaq. Yəni hər hansı iri şirkətləri rayonlar arasında böləcəklər ki, orda qeydiyyatdan keçsin, vergini orda ödəsin və rayon dotasiyadan azad olsun. Yəni real olaraq 37 rayonun birdən-birə ditasiyadan çıxması mövcud iqtisadi strukturla da mümkün deyil. Bunun üçün köklü islahatlara ehtiyac var. Bəli, regional və yerli vergilər ayrılmalıdır, Azərbaycanda mərkəzləşmiş vergi sistemi olduğundan rayonlarda da ağır durum yaranıb və hamı mərkəzin əlinə baxır”.

Ana səhifəAnalitika”Naxçıvana dotasiyanın artırılması spekulyasiyalara səbəb olacaq”