”Bazarda olan xam oyunçular həmişə xəbərlərə aşırı reaksiya verərək, qiyməti qaldırırlar”
Sentyabrın 28-nə olan məlumata görə, dünya bazarında neft bahalaşır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar artaraq 44,77 dollar olub.
ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri isə 0,25 dollar artaraq 46,22 dollar olub.
Mütəxəssislər hesab edirlər ki, neftin bahalaşmasına səbəb ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı yayılan xəbərlərdir. ABŞ-ın Neft İnstitutu neft ehtiyatlarının 752 min barel azalaraq 506,4 mln. barelə düşdüyü barədə məlumat yaymışdı.
İqtisadçı Natiq Cəfərli isə bu bahalaşmanı OPEC ölkələri arasında olan razılaşma ilə əlaqələndirir. O, bununla bağlı “Facebook”da fikirlərini bölüşüb. Bildirir ki, OPEC ölkələri ötən il noyabrın 30-da Vyanada növbəti görüşdə hasilatın dondurulması məsələsində razılığa gəliblər. İqtisadçı deyir ki, neftin qiymətinin qismən bahalaşması da bununla bağlıdır. Ancaq yaxın günlərdə OPEC-in yaratdığı bu hava dağılacaq, neftin yaxın illərdə real bazar dəyəri 45 dollar civarında olacaq:
“Neft bazarı dünən axşam OPEC ölkələrinin Əlcəzairdə qeyri-formal toplantısından çıxan xəbərlə çalxalandı. Neft 48 dollara qədər bahalaşdı. Bu ilkin razılaşmada Nigeriya, Liviya, İran iştirak etməyib. Əslində bu razılaşmanın heç bir əhəmiyyəti yoxdur. Bazara verbal müdaxilədən başqa bir şey deyil. Bazarda olan xam oyunçular həmişə belə xəbərlərə aşırı reaksiya verərək, qiyməti qaldırırlar. Dünyada gündə 94-95 mln barel neft (real neft) hasil olunur, amma birjalarda bundan min dəfə çox “kağız neft” (fyuçer) satılıb-alınır. Kim istəsə forex-də neft əməliyyatı edə bilər və belə sözlü müdaxilələr məhz o qeyri-peşəkar neft treyderlərinə təsir edir, onlar qiyməti qaldırır. Çünki bazarın fundamental dəngələrini bilmirlər”.