Natiq Cəfərli: Rusiya ilə ticarətdə 551 milyon dollar mənfi saldo yaranıb

”Rusiya bizdən daha çox dollar qopardıqca valyuta bahalaşacaq”

Source:


”Rusiya bizdən daha çox dollar qopardıqca valyuta bahalaşacaq”

“Azərbaycan 2016-cı ilin ilk 6 ayında Rusiyaya cəmi 191.7 milyon dollarlıq məhsul ixrac edib, Rusiyadan isə həmin dövrdə 742.7 milyon dollarlıq məhsul idxal edib. Yəni, Rusiya ilə ticarət balansında 551 milyon dollar mənfi saldo yaranıb”.

Bunu iqtisadçı, ReAL İdarə Heyyətinin üzvü Natiq Cəfərli Rusiya prezidentinin Azərbaycanla qarşılıqlı ticarət əlaqələrinə dair açıqlamasını öz Facebook səhifəsində şərh edərkən deyib.

Vladimir Putin avqustun 8-də Azərbaycana səfəri zamanıiki ölkə arasında ticarət dövriyyəsinin genişləndirilməsinin vacib olduğunu deyib. O, qeyd edib ki, ticarət dövriyyəsində baş vermiş azalmaya dünya və hər iki ölkənin iqtisadiyyatında yaranan böhran səbəb olub.

“Bununla əlaqədar bizim ənənəvi ixrac məhsullarının qiymətinin aşağı düşməsi, məzənnə fərqi ticarət dövriyyəsinin azalmasının səbəblərindəndir”, – deyə Putin bildirib.

N.Cəfərli 145 milyonluq Rusiya bazarı ilə ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanlar olduğunu bildirib: ”Azərbaycan Rusiya bazarına kənd təsərrüfatı məhsulları, spirtli və spirtsiz içkilər ixrac edə bilər.Rusiya isə bizə ərzaq məhsullarından tutmuş, avtomobilə, hərbi texnikaya qədər xeyli sayda mal ixrac edir və bunu artırmaq istəyir. Hər bir ölkə ikili münasibətlərdə aldığından daha çox satmaq istəyir. Hər bir ölkə digər ölkəyə daha bahalı və innovativ, əlavə dəyəri çox olan məhsullar satmaq istəyir”.

İqtisadçı xatırladıb ki, Rusiya ilə Azərbaycan arasında 2017-ci ildə 10 ədəd “MS-21” təyyarəsinin alınması ilə bağlı müqavilə imzalanıb və bu təyyarələrin hər birinin qiyməti, ortalama, 80 milyon dollardır: “Bu ilin ilk 6 ayında biz Rusiyaya cəmi 191 milyon dollarlıq, obrazlı desək, “pomidor-xiyar” satmışıq, deməli, Rusiya bizə 1 təyyarə satanda, biz 3 ay maşın-maşın, vaqon-vaqon “pomidor-xiyar” satmalıyıq ki, Rusiyaya 1 təyyarənin pulu qədər mal ixrac edək. Ölkədə valyuta çatışmamazlığını nəzərə alsaq, deməli, Rusiya bizdən daha çox dollar qopardıqca, valyuta da bahalaşacaq”.

İqtisadçı hesab edir ki, Rusiya bazarına çıxmaq üçün kənd təsərrüfatı sahəsini inkişaf etdirmək lazımdır: “Bu sahənin inkişafı üçün ciddi düşünülmüş orta və uzunmüddətli proqramlar tətbiq olunmalı, faizsiz, və ya çox aşağı faizli fermer kreditləri ayrılmalı, aqrar sahədə innovasiyalar tətbiq olunmalı, məhsuldarlıq artırılmalıdır. Hökumət isə bu sahədə bacarıqsızdır”.

“Bütün bu sadalananları etmək üçün isə, normal, uzaqgörən, oğru olmayan hökumət lazımdır”, – deyə ekspert bildirib.

Ana səhifəAnalitikaNatiq Cəfərli: Rusiya ilə ticarətdə 551 milyon dollar mənfi saldo yaranıb