Natiq Cəfərli: Manatın bahalaşması prosesi müvəqqətidir

”Nə dollar satan oyunçular artıb, nə neft bahalaşıb, nə idxaldan asılılıq azalıb”

Source:


”Nə dollar satan oyunçular artıb, nə neft bahalaşıb, nə idxaldan asılılıq azalıb”

Fevralın 7-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 2,8 faiz möhkəmlənərək 1,8251 olub.

Fevralın 7-nə olan rəsmi məzənnə 1,8769 səviyyəsində müəyyən edilib.

Ötən həftədən etibarən Bloomberg  terminalı  üzərindən manat dollar qarşısında bahalaşmağa başlayıb.



Buna səbəb nədir?

İqtisadçı Natiq Cəfərli deyir ki, bu gün fundamental olaraq heç nə dəyişməyib. Nə dollar satan oyunçular artıb, nə neft bahalaşıb, nə idxaldan asılılıq azalıb, nə ölkəyə investorlar gəlib, nə ölkənin reytinqi artıb:

“Ancaq hərracda rəsmi məzənnə 1,8251 olub. Proses müvəqqətidir. Görürəm ki, ərzaq və qeyri-ərzaq qiymətlərinin də ucuzlaşması gözləntiləri yaranıb. Biznes belə çevik deyil, məzənnənin qiymətlərə həmən təsiri olmur, ola da bilməz. Çünki biznes özünü də sığortalayır, müqavilələr öncədən bağlanılır. Bu gün bazarda olan mallar əvvəlcədən alınıb. Bəlkə də 1,90-1,95 olarkən valyuta ilə ödənişlər edilib. Ona görə də, məzənnənin qiymətlərə təsiri olmayacaq”.

İqtisadçi bildirir ki, fevralın sonu, martın əvvəli valyutaya təlabat artacaq:

1) Büdcə xərcləri, büdcədən maliyyələşən investisiyalar üçün vəsaitin ayrılması indi başlayacaq;

2) Novruz Bayramında ölkəyə idxal artacaq;

3) Bayramlarda ölkədən səfərə gedənlər də çox olacaq.

“Hərracda təklif olunan valyutanın həcmi dəyişməyib. Cəmi 35 mln. dollardır. Həftədə 2 dəfə hərrac olur, 70 mln. dollar satılır. Bu da aya 280 mln, ilə 3,4 mlrd. dollar edir. Ölkənin isə il ərzində valyuta təlabatı təqribən 10-11 mlrd. dollardır. Görünən odur ki, nə məzənnəni aşağı həddlərdə saxlamağa, nə də dar həcmdə valyuta satışını davam etdirməyə imkan və resurs var”, – deyir Natiq Cəfərli.



“Mərkəzi Bankın hədəfi məzənnənin sabitləşdirilməsi olmalıdır”

İqtisadçı bildirir ki, indi Mərkəzi Bankın əsas hədəfi məzənnənin sabitləşdirilməsi olmalıdır. Bəlli koridorda məzənnə sabitləşməsə, bu, bank sektoruna da, ticarətə də mənfi təsir edəcək:

Vüqar Bayramov və Natiq Cəfərli

“Mərkəzi Bank sərt pul siyasəti ilə manatın dövriyyəsini də xeyli azaldıb.  Manat kütləsinin həcmi 2 dəfədən çox aşağı düşüb. Bu addım məzənnəyə, inflyasiyaya müsbət təsir göstərsə də, ticarət dövriyyəsinə, iqtisadi aktivliyə ciddi zərbə vurur. İqtisadi aktivliyin azalması isə iş yerlərinin itirilməsinə, əhalinin gəlirlərinin azalmasına səbəb olur. Bu addım orta və uzun vadədə ölkəyə məzənnənin özündən daha çox ziyan vuracaq”.



“Manatın dəyər qazanacağı gözlənilən idi”

İqtisadçı Vüqar Bayramov isə deyir ki, yanvar və fevral aylarında dollara tələbin azalması gözlənilən idi. Dekabrda idxal, borc öhdəliklərin ödənilməsi və eləcə də səfərlərin sayında artımlar baş verir və nəticədə ilin son ayında dollara olan artım növbəti ilin ilk ayında azalma ilə müşahidə edilir:

“Dövlət Neft Fondunun yanvarda cəmi 285 milyon dollar satması da tələbin azalması ilə bağlı idi. Dollara tələbi 3 faktor yaradır: idxalın həcmi, xarici borc öhdəlikləri və ölkədən xaricə pul transferi. Dollarlaşma səviyyəsi yüksək olduğu üçün əhalinin yığımlarının strukturu manatın məzənnəsinə ciddi təsir etsə də, indi təsir xeyli dərəcədə azalıb. Çünki 2014-cü ildən sonrakı müddətdə nəinki əhali, hətta biznesin böyük əksəriyyəti yığımlarını xarici valyutaya çevirdilər. Bununla yanaşı, cari xərclər üçün yenə də manata ehtiyac var. Əslində, əks-dollarlaşma prosesinə başlansa Mərkəzi Bank həmin dollarlarının bir hissəsinin manata çevrilib sərmayəyə yönəlməsinə nail ola bilər”.



Dollara tələb necə dəyişəcək?

İqtisadçı deyir ki, əvvəlki illərin təcrübəsinə və eləcə də idxalın dövrü struktruna nəzər salsaq fevralın birinci yarısında dollara tələbin aşağı olması ənənəvi xarakter daşıyır. Mərkəzi Bank üçün ən çətin aylar mart, avqust və dekabr hesab edilir:

“Bu aylar idxalın atması, bir sıra inkişaf etmiş ölkələrində maliyyə ili martın 31-də başa çatdığı üçün xarici borc öhdəlikləri və xarici səfərlərin çoxluğu baxımdan dollara tələb yenidən yüksəlir. Gözlənilir ki, məhz bu səbəblərdən dollara tələb martda yenidən yüksələcək. Əgər Mərkəzi Bank Neft Fondunun builki 7.5 milyard manatlıq transferinin bir hissəsini martda hərraclara yönəldərsə, o zaman gələn ay tələbi optimallaşdıra bilər. O baxımdan, martda Mərkəzi Bankın mövqeyi çox önəmli olacaq”.



“Mərkəzi Bank bazarda aparıcı mövqeyini qoruyub saxlaya bilər”

İqtisadçı əlavə edir ki, əslində 2017-ci ildə Neft Fondunun 14.5 milyard manatlıq büdcəsi fonunda Mərkəzi Bank bazarda aparıcı mövqeyini qoruyub saxlaya bilər:

“Neftin dünya bazar qiymətinin stabilləşməsi və Trampın dolları dünya bazarında zəiflətmək istəyi də valyuta bazarına psixoloji təzyiqi müəyyən qədər azaldır. Bu isə o deməkdir ki, hərraclara xarici valyutanın çıxarılmasını təmin edən Mərkəzi Bank manatın məzənnəsinə təsir imkanlarını qoruyub saxlamaqdadır”.



“Görürsüz, manat istədiyi tərəfə üzür!”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə bildirir ki, sürətlə davam edən cari devalvasiya yaxında bir müddət (bir neçə aylıq) dayanacaq və ola bilsin ki, manat bir az da bahalaşacaq:

Əkrəm Həsənov

“Mərkəzi Bank da deyəcək ki, “görürsüz, manat istədiyi tərəfə üzür!”. Nəticədə sizə manat lazım olanda, onu daha baha alacaqsız. Qeyri-adi bir şey baş vermir, gözlənilən idi”.

Ana səhifəAnalitikaNatiq Cəfərli: Manatın bahalaşması prosesi müvəqqətidir