Nardaran məhbusunun şikayəti təmin olunmadı

Cahad Babakişizadə deyib ki, müəssisə rəhbərinin təqdimatı həqiqətəuyğun deyil

Source:
Cahad Babakişizadə
Cahad Babakişizadə


Cahad Babakişizadə deyib ki, müəssisə rəhbərinin təqdimatı həqiqətəuyğun deyil

Oktyabrın 1-Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə Nardaran məhbusu Cahad Babakişizadənin Qobustan həbsxanasına göndərilməsi barədə qərardan verdiyi şikayətə baxılıb.

Apelyasiya şikayəti Qaradağ Rayon Məhkəməsinin 3 avqust 2018-ci il tarixli qərarından verilib. Qərara əsasən, C.Babakişizadə ümumi rejimli cəzaçəkmə müəssisəsindən üç il müddətinə həbsxana rejiminə köçürülür.

C.Babakişizadənin həbsxana rejiminə köçürülməsi üçün 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi məhkəməyə təqdimat verib. Nardaran məhbusunun müəssisədə davranış qaydalarını pozduğunu iddia edən rəisin təqdimatı təmin edilib.

Məhkəmədə C.Babakişizadə özü də iştirak edib. Bildirib ki, qaydaları pozduğuna görə cəzalandırılması barədə müəssisə rəhbərliyinin təqdimatı həqiqətəuyğun deyil. Təqdimat əsasında çıxarılmış qərarın da əsassız olduğunu vurğulayan Nardaran məhbusu Qaradağ Rayon Məhkəməsinin qərarının ləğv olunmasını xahiş edib.

Hakimlər isə apelyasiya şikayətini təmin etməyib.

1997-ci il təvəllüdlü C.Babakişizadə 2015-ci il noyabrın 26-da Nardaranda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və digərlərinin həbsi üçün keçirilən əməliyyat zamanı həbs olunub. İkisi polis, dördü isə dindar olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı C.Babakişizadə də güllə yarası alıb.

T.Bağırzadə və onunla birlikdə həbs olunan digərləri kimi, C.Babakişizadəyə qarşı da dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama, terrora çağırış və s. ittihamlar irəli sürülüb. O, 14 il 6 ay azadlıqdan məhrum edilib.

C.Babakişizadə ittihamları qəbul etmir. O, məhkəmədə bildirib ki, evdə olduğu vaxt səs-küyə küçəyə çıxıb. Bu zaman Əbülfəz Bünyadovun evinin qarşısında olan polislər onu da güllələyiblər, daha sonra xəstəxanada ağır vəziyyətdə ona sənədlərə imza atdırıblar.

Ana səhifəXəbərlərNardaran məhbusunun şikayəti təmin olunmadı